AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”
hissəsinin
1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə”
ilə bağlı müddəasının şərh
edilməsinə dair
28 dekabr 2022-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci
bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad
edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin
hakimi C.Hüseynin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri M.Mustafayev və
V.Babayevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru S.Rzayevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 72-ci maddəsinin “Qeyd”
hissəsinin 1-ci bəndinin şərh olunmasını xahiş etmişdir.
Müraciətdən görünür ki, İ.Əhmədovaya
Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli
sürülmüş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli
qərarına əsasən barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə
əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
Bakı şəhəri Nərimanov Rayon
Məhkəməsinin qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən
apellyasiya protesti verilmiş və protest belə əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən
şəxsin əvvəllər Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət
məsuliyyətindən azad edilməsini nəzərə almamışdır.
Belə ki, İ.Əhmədova 2019-cu
ilin sentyabr ayında törətmiş olduğu əməllərə görə Sumqayıt Şəhər Məhkəməsinin
19 avqust 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73-1.2-ci
maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda Bakı
şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə
2019-cu ilin avqust, 2021-ci ilin may aylarında törətdiyi dələduzluq
cinayətlərinə görə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası
təyin edilmişdir. Hazırkı iş üzrə onun törətdiyi əməllər 2020-ci ilin yanvar və
aprel aylarına təsadüf etməklə, Sumqayıt Şəhər Məhkəməsinin və Bakı şəhəri Pirallahı
Rayon Məhkəməsinin müvafiq aktları çıxarılmamışdan əvvəl törədilmişdir.
Müraciətdə göstərilmişdir
ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin
tələbinə görə, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə
tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
Cinayət işinə baxılması
zamanı həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş
qaydada yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilmə ilə bağlı
formalaşmış təcrübə nəzərdən keçirilərkən fərqli mövqelərin olduğu müəyyən
edilmişdir.
Belə ki, mübahisə doğuran
məsələ şəxsin Cinayət Məcəlləsinin 11-ci fəslində təsbit edilmiş maddələrdə
nəzərdə tutulmuş bir neçə əsasla məsuliyyətdən azad edilməsinin, yəni bir dəfə
Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad
edilmiş şəxsin, sonradan həmin Məcəllənin 73-1.2-ci maddəsi ilə yenidən
məsuliyyətdən azad edilməsinin mümkün olub-olmaması ilə bağlıdır.
Cinayət Məcəlləsinin 72-ci
maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin şəxsin müvafiq qaydada məsuliyyətdən
yalnız bir dəfə azad olunması ilə bağlı tələbin Cinayət Məcəlləsinin 11-ci
fəslində təsbit edilmiş hər hansı bir əsasla əvvəl cinayət məsuliyyətindən azad
edilmiş şəxsin sonradan həmin fəsildə nəzərdə tutulmuş başqa bir əsasla
məsuliyyətdən azad edilməsini ehtiva edib-etməməsi, yəni bir dəfə Cinayət Məcəlləsinin
72-ci maddəsinə əsasən səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad
edilmiş şəxsin sonradan mülkiyyət əleyhinə olan cinayətlərə görə yenidən Məcəllənin
73-1-ci maddəsinə əsasən məsuliyyətdən azad edilməsinin mümkünlüyü ilə bağlı da
fərqli yanaşmalar müşahidə olunmaqdadır.
Müraciətedən həmçinin qeyd
edir ki, şəxsin Cinayət Məcəlləsinin 11-ci fəslində nəzərdə tutulmuş qaydada
cinayət məsuliyyətindən azad edilənədək törətdiyi, lakin sonradan aşkar edilmiş
əməllərə görə yenidən cinayət məsuliyyətindən azad edilməsinin mümkün
olub-olmaması ilə əlaqədar hüquq tətbiqedənlər arasında müxtəlif mövqelər vardır.
Göstərilənlərə əsasən Bakı
Apellyasiya Məhkəməsi vahid təcrübənin formalaşdırılmasına və qüvvədə olan
qanunvericiliyin eyni qaydada tətbiq edilməsinə nail olmaq, bununla da hüquqi
müəyyənlik prinsipinin tələblərinin təmin edilməsi məqsədi ilə Konstitusiya
Məhkəməsinə müraciət edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun normativ
hüquqi aktların rəsmi şərh edilməsi qaydası adlanan 90.2-ci maddəsinə əsasən, normativ hüquqi akt şərh
edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların
qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif
aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən
edilir.
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd
etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların
konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi
müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə
uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh
edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar).
Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün
olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya
uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və
prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması
yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun
gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul
edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd
hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin
bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı).
Buna görə də Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin həlli ilə əlaqədar, ilk
növbədə, cinayət məsuliyyəti və məsuliyyətdən azad etmə institutlarının mahiyyəti,
həmçinin Cinayət Məcəlləsinə əlavə olunmuş və şərhi tələb edilən 72-ci maddənin
“Qeyd” hissəsinin tənzimləmədə rolu, hüquqi təyinatı və digər maddələrlə
funksional əlaqəsi haqqında aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı
olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti
cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən
edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini
nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin
qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində
mühüm vasitə rolunu oynayır.
Bununla belə qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cinayət
məsuliyyətindən azad edilməsi mümkündür. Cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən
şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə
məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi
aktında ifadə edilmiş qərardır.
Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 11-ci fəslinə 2017-ci il 20
oktyabr tarixli Qanunla dəyişiklik edilənədək cinayət məsuliyyətindən azad etmə
Məcəllənin 72-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə),
73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə),
74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 75-ci
(müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddələri ilə tənzimlənirdi
və müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə istisna
olmaqla, həmin maddələrlə məsuliyyətdən azad etmə yalnız ilk dəfə böyük ictimai
təhlükə törətməyən (şəraitin dəyişməsi ilə bağlı, həmçinin az ağır) cinayət törətmiş
şəxslərə tətbiq edilirdi.
Cinayət qanunvericiliyinə edilmiş qeyd edilən dəyişikliklərlə Cinayət
Məcəlləsinin 11-ci fəslinə məsuliyyətdən
azad etmənin yeni şərtlərini tənzimləyən 73-1 (mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən
azad etmə), 73-2 (iqtisadi
fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə)
və 74-1-ci (narkomaniya xəstəliyi
ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddələri əlavə edilmiş, o cümlədən həmin
Qanunla Məcəllənin 72, 73, 74-cü maddələrindən “ilk dəfə” sözləri çıxarılmış,
72-ci maddəsinə “Qeyd” hissəsi əlavə
edilmişdir. “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin
72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən
yalnız bir dəfə azad edilir.
Göründüyü kimi, qanunverici şəxsin cinayət məsuliyyətindən azad
olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini
çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna
bildiyini təsbit etmişdir.
Bu dəyişikliklərin səbəbi ondan ibarət olmuşdur ki, əvvəllər törədilmiş
cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən
eyni və ya başqa cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 16, 17 və 18-ci
maddələrinin tələblərinə əsasən nə təkrarlığı, nə cinayətlərin məcmusunu, nə də
residivi yaratdığından, həmin əməllər ilk dəfə törədilmiş hesab edilməklə şəxsin
təkrar-təkrar məsuliyyətdən azad edilməsini mümkün edirdi.
Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”
hissəsinin 1-ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq
qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi
şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki,
burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü
hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi
zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub
saxlamaqdır.
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir
ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli
hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin
edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq
qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar
şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına
yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq
etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci
il 25 iyul tarixli Qərar).
Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən
azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm
çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. Lakin şəxs barəsində cinayət
mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin
yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən
azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən
edilən
cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin
vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – Cinayət-Prosessual Məcəlləsi) 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti,
cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri
ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin
təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək
məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə
icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər
şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın
mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə
bilər.
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da ifadə
olunmuş hüquqi mövqeyə əsasən, ibtidai
araşdırmanın gedişində bir neçə cinayət əməlinin törədilməsinə dair güclü əsaslı
şübhələrin müəyyən edilməsinə baxmayaraq, təqsirsizlik prezumpsiyasına əsaslanmaqla
bu cinayətlərdən heç olmasa biri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün
çıxarılmamasına istinadən əməlin ilk dəfə törədilmiş hesab olunması, cinayətlərin
təkrar törədilməsinin və ya cinayətlərin məcmusunun yaranmasının obyektiv həqiqət
kimi inkarına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 2009-cu 25
dekabr il tarixli Qərar).
Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən
azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk
dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs
qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq
ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən
də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün
olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli
bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin
yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən
azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının
qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla
bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan
verməmiş olar.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu
kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73-2
və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə mühakimə olunmaqdan
ümumilikdə yalnız bir dəfə azad edilmənin mümkünlüyünü müəyyən etmişdir.
Həmçinin göstərilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin
“Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən azad
edildikdən sonra yenidən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini
boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə,
cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək
etməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə
barışıq əldə edilməsi, cinayət
nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan
qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya
ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin
59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində cəza təyini
cəzanın növünün və həddinin seçilməsi zamanı nəzərə alına bilər.
Müraciətdə qaldırılan digər məsələ ilə bağlı
Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri hesab edir ki, cinayətləri
tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və
obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb
etmək cinayət mühakimə icraatının vəzifələridir (Cinayət-Prosessual Məcəlləsinin
8-ci maddəsi).
Bu baxımdan əgər şəxsin törətdiyi cinayət əməllərinin
hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət
məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin
hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq
və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən
azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə
imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra
həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə
cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini
ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib
çıxarar.
Nəzərə alınmalıdır ki, qanun və məhkəmə
qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət
hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması
və şərhi nəticəsində mümkündür. Hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan
qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb
olmaqla, cinayət qanunvericiliyinin vəzifələrinin icrasının mümkünsüzlüyünə gətirib
çıxara bilər.
Odur ki, Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə
uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən
azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar
edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə
gəlir:
- Cinayət Məcəlləsinin 72-ci maddəsinin
“Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə
cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş
olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü
istisna etmir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin
72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən
azad edilə bilər.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin
“Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə
cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş
olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü
istisna etmir.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev