AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Antim” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya
Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
30 noyabr 2022-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “Antim” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının mülahizəsini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Antim” Məhdud Məsuliyyətli
Cəmiyyəti (bundan sonra – “Antim” MMC) “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə
qarşı dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş
torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar
plantasiyasının məhv edilməsi və s. ilə bağlı vurulmuş zərərin əvəzi
olaraq kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi
qismən - nar kolları ilə bağlı vurulmuş zərərin və quraşdırılmış damla suvarma
sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq pul vəsaitinin iddiaçıya ödənilməsi
hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il
tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Kommersiya Kollegiyası) 17 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti
qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin
Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə
apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin
Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək
iddia tələbi təmin olunmuş hissədə təmin edilməmişdir.
“Antim” MMC Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 aprel
2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
417-ci maddəsinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini
xahiş etmişdir.
Şikayətdə göstərilmişdir
ki, iş üzrə kassasiya instansiyası məhkəməsi qərarının əsaslandırıcı hissəsində
apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb olan faktiki və
hüquqi əsasları sadalamış, lakin nəticədə yalnız ərizəçinin belə iddianın
qaldırılmasına subyektiv hüququnun olmaması əsası ilə apellyasiya instansiyası
məhkəməsinin qətnaməsini ləğv etməklə yeni qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 13 və
29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və
onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı
olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ayrılmaz və bölünməz
əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat
da mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin
toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində
həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə
müdafiəsini nəzərdə tutur.
Eyni zamanda, belə
müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər
iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli
əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva
edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8
may tarixli Qərarı).
“İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər
bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi
prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum
edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun
məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı
və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
Birinci instansiya məhkəməsi
tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Goranboy Rayon İcra
Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli Sərəncamına əsasən rayonun
dövlət ehtiyat fondu torpaqlarından 400 ha torpaq sahəsinin nar və digər meyvə
ağaclarından ibarət bağ salınması məqsədilə “Antim” MMC-yə 50 il müddətinə icarəyə
verilməsi qərara alınmış və bu barədə ona 9 aprel 2004-cü il tarixli “Torpaqdan
müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə (bundan sonra – Şəhadətnamə) verilmişdir.
Şəhadətnaməyə əsasən “Antim” MMC-yə
ayrılmış torpaq sahəsi üç hissədən ibarət olmaqla, şərti olaraq 4634, 4634A və
4634B saylı konturlar ilə təsvir edilmiş, bu torpaq sahəsi üzərində “Antim” MMC tərəfindən
nar plantasiyası salınaraq, damcı suvarma sistemi quraşdırılmışdır.
Daşınmaz əmlakın təsvirinə,
dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 11 iyun 2016-cı il
tarixli arayışa görə, Şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə
hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi
“Antim” MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində
qeydiyyata alınmışdır.
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi
Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi
üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində “Antim” MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha
hissəsindən keçdiyi müəyyən edilmiş və bunun əsasında Goranboy Rayon
İcra Hakimiyyəti ilə “Antim” MMC arasında həmin torpaq sahəsinə dair hüquqların
“Cənubi Qafqaz Boru Kəməri” Şirkətinin (bundan sonra – Şirkət) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə
hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə (bundan sonra – 22 yanvar
2016-cı il tarixli müqavilə) imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən
“Antim” MMC sözügedən torpaq sahəsini üzərində yerləşən ağaclardan və suvarma
sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra
etməyi, Dövlət isə “Antim” MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə
götürmüşdür.
Eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrinin 26 oktyabr 2016-cı il və 29
sentyabr 2016-cı il tarixli çıxarışlarına əsasən Goranboy Rayonu ərazisində
yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha və 4,26017 ha torpaq sahələri
Şirkətin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir.
Razılaşdırılmış kompensasiyanın
ödənilməsindən sonra Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində
mövcud boru kəmərinin digər hissəsinin 24 mart 2004-cü il tarixli Sərəncama əsasən
cəmiyyətin istifadəsinə verilmiş torpaq sahəsinin başqa bir hissəsindən keçdiyi
müəyyən edildiyindən, həmin hissədə salınmış nar plantasiyası və quraşdırılmış
damcı suvarma sisteminin cavabdeh şirkət tərəfindən sökülməsi ilə əlaqədar ərizəçi
22 aprel 2016-cı il tarixində elektron məktubla BP Azərbaycan şirkətinə müraciət
etmişdir.
Cavabdeh şirkət “Antim”
MMC-yə hər hansı şəkildə kompensasiya ödəməkdən imtina etmişdir.
Eyni məsələ ilə əlaqədar
“Antim” MMC tərəfindən səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyinə 21 iyun 2016-cı il tarixli ərizə ilə müraciət olunmuş,
“Antim” MMC-nin ərizəsi üzrə araşdırma aparılaraq Nazirlik tərəfindən cavabdeh şirkətə
sorğu ilə müraciət edilmiş, lakin o, təkrar olaraq kompensasiyanın ödənilməsindən
imtina etmişdir.
Birinci instansiya məhkəməsi
cavabdeh şirkətin 2016-cı ilin noyabr ayında “Antim” MMC-nin istifadəsində olan
torpaq sahəsində işlərə başladığı, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş
nar ağaclarının məhv edildiyi, hətta bütünlükdə torpaq ərazisində olan nar ağaclarına
qulluq edilməsi üçün quraşdırılmış damcı suvarma sisteminin sıradan çıxarıldığı,
bununla da boru kəmərinin keçdiyi dəhliz hissəsindən kənarda olan nar
ağaclarının da məhv olduğu qənaətinə gələrək iddia tələbini qismən təmin etmiş
və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin
Kommersiya Kollegiyası 17 iyun 2020-ci il tarixli qərarı ilə mübahisəli torpaq
sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4,26017 ha torpaq sahələri ilə
tam və ya qismən üst-üstə düşüb-düşməməsinin, Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək
hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində müvafiq
torpaq sahələrinin Şirkətin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə
alınan vaxt həmin torpaq sahələrinə “Antim” MMC-nin icarə hüququnun
olub-olmamasının, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha
torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşmədiyinin, həmin ərazidə
Layihə çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə
paralel inşa edilib-edilmədiyinin, paralel inşa olunduğu halda neft boru kəmərinin
nə vaxtdan mövcud olmasının, iddiaçının iddia etdiyi torpaq sahəsində nar
ağaclarının hansı vaxtdan əkildiyinin, ağaclar əkilərkən neft boru xəttinin
mövcud olub-olmamasının araşdırılmasına dair göstəriş vermişdir.
İşə təkrar baxan Bakı
Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il
tarixli qətnaməsi ilə “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin apellyasiya
şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Apellyasiya instansiyası
məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsinin daha sonra
cavabdehin sahiblik və istifadəsinə verilməsinin, həmin torpaq sahələrinin
üst-üstə düşüb-düşməməsinin, üst-üstə düşdüyü təqdirdə torpaq sahəsinin
sonradan Daşınmaz Əmlakın Dövlət Reyestrində təkrar olaraq cavabdehin xeyrinə
icarə hüququ əsasında qeydə alınmasının səbəbinin, o cümlədən Şirkətin xeyrinə
icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının
icarə hüququnun olub-olmamasının araşdırılmasının mübahisənin həlli
baxımından əhəmiyyəti yoxdur.
Məhkəmə həmçinin hesab etmişdir ki, hətta tərəflər arasında olan digər
inzibati mübahisə üzrə iddiaçının adına olan şəhadətnamənin ləğv edilməsi nəticəsinə
gəlinsə belə, bu hazırkı halda iddiaçının torpaq sahəsində əkdiyi ağaclar və
quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququnu istisna edə və
cavabdeh tərəfindən həmin ağacların məhv edilməsi və suvarma sisteminin sıradan
çıxarılması kimi hərəkətlərə haqq qazandıra bilməz.
Apellyasiya
instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini məhz
delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1096 və 1097-ci maddələrinin mənasına
görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin
mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində
vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin
olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar
müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Zərərin
mövcud olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə mübahisəli ərazidə həqiqətən də nar ağaclarının və damcı
suvarma sisteminin mövcud olub-olmaması müəyyən edilməlidir.
İşin müəyyən edilmiş
hallarından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 27 may
2016-cı il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsi “Antim” MMC-nin
icarəsində olmaqla, orada MMC tərəfindən nar bağı salınmış, damcı suvarma
sistemi quraşdırılmışdır.
Odur ki, apellyasiya
instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Antim”
MMC bütün fəaliyyətini qeyd olunan torpaq sahəsində məhz Goranboy Rayon İcra
Hakimiyyətinin 24 mart 2004-cü il tarixli Sərəncamı, həmin Sərəncam əsasında
bağlanmış 24 mart 2004-cü il tarixli icarə müqaviləsi, habelə Şəhadətnamə əsasında
torpaq sahəsinin onun tam qanuni sahiblik və istifadəsində olmasını güman
etmiş, icarəsinə verilmiş həmin torpaq sahəsində fəaliyyətini qanuni əsaslarla
həyata keçirmişdir.
Cavabdeh şirkət də həmin
ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olduğu
barədə 2016-cı ilin fevral ayından məlumat almış, bununla bağlı mübahisəli əraziyə
baxış keçirmiş, mütəxəssis dəvət etmiş, Goranboy Rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikası Energetika Nazirliyi ilə bu məsələ ilə bağlı yazışmalar aparmış,
iddiaçının kompensasiya ödənilməsi ilə bağlı təklifini almışdır. Lakin bu məsələnin
mübahisəli olmasına baxmayaraq, iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların
və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam
etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala
salınmışdır.
Apellyasiya
instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yeni qərar qəbul etmiş
kassasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, dövlətlə bağladığı 22
yanvar 2016-cı il tarixli müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək
bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya
almış “Antim” MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə iddia
qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
Belə ki, müqavilənin
şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə
zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına
dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə
görə dövlət və Şirkət hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və
iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən
edilmişdir.
Müqavilənin digər şərtinə
görə isə torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti
ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına
hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu
halda həmin ziyan və zərərin əvəzinin torpaq istifadəçisinə dövlət tərəfindən həmin
vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur.
Göstərilməlidir ki, Ali
Məhkəmənin Kommersiya Kollegiyası iş üzrə yeni qərar qəbul edərkən Cənubi
Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində boru kəmərinin
digər hissəsinin də iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 400 ha
torpaq sahəsinin başqa bir hissəsində (22 yanvar 2016-cı il tarixli Müqavilə ilə
əhatə olunmayan ərazi) cavabdeh şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli
gələn zərərin ödənilməsi tələbi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin apellyasiya
instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən sübutlara, müəyyən
edilən hallara lazımi diqqət yetirmədən, “Antim” MMC-nin iddia qaldırmaq üçün
subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə
təmin etməmişdir.
Ali Məhkəmənin
Kommersiya Kollegiyasının bu mövqeyi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.3 və
217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə
uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə
iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Lakin Ali Məhkəmənin
Kommersiya Kollegiyası 22 yanvar 2016-cı il tarixli müqavilə və ona əlavə
edilmiş sənədlərdə ərazi, torpaq sahəsinin kodunu, sahənin 5,15069 ha olmasını
və sair məlumatları, kompensasiyanın məhz iddiaçının icarəsində olan torpaq sahəsinin
5,15069 ha hissəsindən boru kəmərinin keçdiyinə görə ödənilməsini, “Antim”
MMC-nin tələbinin boru kəmərinin digər hissəsinin onun istifadəsində olan 400
ha torpaq sahəsinin başqa bir hissəsindən keçməsi ilə əlaqədar Şirkətin mülki hüquq pozuntusundan (deliktdən)
irəli gələn zərərin ödənilməsi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin işə
təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə
icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə
iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət
yetirmədən, iş üzrə yeni qərar qəbul edərək “Antim” MMC-nin iddia qaldırmaq
üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş
hissədə təmin etməmişdir.
İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik
olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı isə kassasiya
instansiyası məhkəməsi eyni zamanda lazımi qaydada tərtib olunaraq təqdim
edilmiş Şəhadətnaməni, torpaq üzərində iddiaçının icarə hüququnun Daşınmaz
Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və ərizəçinin məhz bu sənədlərə
etimad edərək icarə hüququnu həyata keçirməsini nəzərə almamışdır.
Bununla bağlı
Konstitusiya Məhkəməsinin Plenumu bir daha etimadın qorunması prinsipinin
vacibliyini vurğulayaraq qeyd edir ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs
inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı
qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək
haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki,
inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul
etdikləri inzibati aktlar, vətəndaşda
publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması
ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərar).
Konstitusiya Məhkəməsinin
Plenumu onu da göstərməyi vacib hesab edir ki, daşınmaz əmlaka dair hüquqların
dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya
hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən
prinsiplərə əsaslanır.
Bu prinsiplərdən
biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.
Həmin Qanunun 2-ci
maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət
qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,
məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam
verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi
aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün
daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı
prezumpsiyası qəbul edilmişdir (“Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti
üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı).
Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata
keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində
hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən
qorunur.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin
Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, kassasiya instansiyası məhkəməsi
işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya
instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi
hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə
müvafiq qərar qəbul edə bilər (Q.Məmmədova və digərlərinin şikayəti üzrə
2015-ci il 15 iyul tarixli Qərar).
Belə ki, Mülki
Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsi
işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını
tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən
edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin
417.2-ci maddəsinə əsasən, bu Məcəllənin
417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və
ya düzgün tətbiq edilməmiş olsun.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin
417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin
hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və
heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini
öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin
407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsi
işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Göründüyü kimi,
kassasiya baxışının hədləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi
və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşdırılmış,
onun yeni qərar qəbul etmək səlahiyyətinin yalnız apellyasiya instansiyası məhkəməsində
müəyyən edilmiş hallar və sübutlar əsasında həyata keçirilməsinin mümkünlüyü müəyyən
edilmişdir.
Hazırkı iş üzrə isə
Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəfindən yeni qərar qəbul edilərkən
Mülki Prosessual Məcəllənin 416.1, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə
riayət edilməmiş, nəticədə “Antim” MMC-nin Konstitusiyanın 29 və 60-cı maddələrində
təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Antim” MMC-nin “BP Eksploreyşn
(Şah Dəniz) Limited” şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş
üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı
Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun
olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. “Antim” Məhdud Məsuliyyətli
Cəmiyyətinin “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı vurulmuş zərərin
əvəzinin ödənilməsi tələbinə dair iş
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20
aprel 2021-ci il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun
olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu
gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
oluna bilməz.
Sədr Fərhad Abdullayev