Постановления

30.11.22 “Antim” MMC şikayəti üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

           

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Antim” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

30 noyabr 2022-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Antim” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Antim” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Antim” MMC) “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi və s. ilə bağlı vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən - nar kolları ilə bağlı vurulmuş zərərin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Kommersiya Kollegiyası) 17 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmuş hissədə təmin edilməmişdir.

“Antim” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 417-ci maddəsinə uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsi qərarının əsaslandırıcı hissəsində apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb olan faktiki və hüquqi əsasları sadalamış, lakin nəticədə yalnız ərizəçinin belə iddianın qaldırılmasına subyektiv hüququnun olmaması əsası ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə yeni qərar qəbul etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın  1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 2004-cü il tarixli Sərəncamına əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarından 400 ha torpaq sahəsinin nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə “Antim” MMC-yə 50 il müddətinə icarəyə verilməsi qərara alınmış və bu barədə ona 9 aprel 2004-cü il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə (bundan sonra – Şəhadətnamə) verilmişdir. Şəhadətnaməyə əsasən  “Antim” MMC-yə ayrılmış torpaq sahəsi üç hissədən ibarət olmaqla, şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir edilmiş, bu  torpaq sahəsi üzərində “Antim” MMC tərəfindən nar plantasiyası salınaraq, damcı suvarma sistemi quraşdırılmışdır.

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 11 iyun 2016-cı il tarixli arayışa görə, Şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi “Antim” MMC müəyyən edilmiş və bu barədə ərizə 25 dekabr 2015-ci il tarixində qeydiyyata alınmışdır.

 Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində “Antim” MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən keçdiyi müəyyən edilmiş və bunun əsasında Goranboy Rayon İcra Hakimiyyəti ilə “Antim” MMC arasında həmin torpaq sahəsinə dair hüquqların “Cənubi Qafqaz Boru Kəməri” Şirkətinin (bundan sonra – Şirkət)  xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə (bundan sonra – 22 yanvar 2016-cı il tarixli müqavilə) imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Antim” MMC sözügedən torpaq sahəsini üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, Dövlət isə “Antim” MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.

Eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrinin 26 oktyabr 2016-cı il və 29 sentyabr 2016-cı il tarixli çıxarışlarına əsasən Goranboy Rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha və 4,26017 ha torpaq sahələri Şirkətin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir.

Razılaşdırılmış kompensasiyanın ödənilməsindən sonra Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin 24 mart 2004-cü il tarixli Sərəncama əsasən cəmiyyətin istifadəsinə verilmiş torpaq sahəsinin başqa bir hissəsindən keçdiyi müəyyən edildiyindən, həmin hissədə salınmış nar plantasiyası və quraşdırılmış damcı suvarma sisteminin cavabdeh şirkət tərəfindən sökülməsi ilə əlaqədar ərizəçi 22 aprel 2016-cı il tarixində elektron məktubla BP Azərbaycan şirkətinə müraciət etmişdir.

Cavabdeh şirkət “Antim” MMC-yə hər hansı şəkildə kompensasiya ödəməkdən imtina etmişdir.

Eyni məsələ ilə əlaqədar “Antim” MMC tərəfindən səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə 21 iyun 2016-cı il tarixli ərizə ilə müraciət olunmuş, “Antim” MMC-nin ərizəsi üzrə araşdırma aparılaraq Nazirlik tərəfindən cavabdeh şirkətə sorğu ilə müraciət edilmiş, lakin o, təkrar olaraq kompensasiyanın ödənilməsindən imtina etmişdir.

Birinci instansiya məhkəməsi cavabdeh şirkətin 2016-cı ilin noyabr ayında “Antim” MMC-nin istifadəsində olan torpaq sahəsində işlərə başladığı, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağaclarının məhv edildiyi, hətta bütünlükdə torpaq ərazisində olan nar ağaclarına qulluq edilməsi üçün quraşdırılmış damcı suvarma sisteminin sıradan çıxarıldığı, bununla da boru kəmərinin keçdiyi dəhliz hissəsindən kənarda olan nar ağaclarının da məhv olduğu qənaətinə gələrək iddia tələbini qismən təmin etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Kommersiya Kollegiyası 17 iyun 2020-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4,26017 ha torpaq sahələri ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsinin, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində müvafiq torpaq sahələrinin Şirkətin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahələrinə “Antim” MMC-nin icarə hüququnun olub-olmamasının, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşmədiyinin, həmin ərazidə Layihə çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyinin, paralel inşa olunduğu halda neft boru kəmərinin nə vaxtdan mövcud olmasının, iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyinin, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasının araşdırılmasına dair göstəriş vermişdir.

İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsinin daha sonra cavabdehin sahiblik və istifadəsinə verilməsinin, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin, üst-üstə düşdüyü təqdirdə torpaq sahəsinin sonradan Daşınmaz Əmlakın Dövlət Reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbinin, o cümlədən Şirkətin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmasının mübahisənin həlli baxımından  əhəmiyyəti yoxdur.

Məhkəmə həmçinin hesab etmişdir ki, hətta tərəflər arasında olan digər inzibati mübahisə üzrə iddiaçının adına olan şəhadətnamənin ləğv edilməsi nəticəsinə gəlinsə belə, bu hazırkı halda iddiaçının torpaq sahəsində əkdiyi ağaclar və quraşdırdığı suvarma sistemi üzərində mülkiyyət hüququnu istisna edə və cavabdeh tərəfindən həmin ağacların məhv edilməsi və suvarma sisteminin sıradan çıxarılması kimi hərəkətlərə haqq qazandıra bilməz.

Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Zərərin mövcud olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə mübahisəli ərazidə həqiqətən də nar ağaclarının və damcı suvarma sisteminin mövcud olub-olmaması müəyyən edilməlidir.

İşin müəyyən edilmiş hallarından görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 27 may 2016-cı il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsi “Antim” MMC-nin icarəsində olmaqla, orada MMC tərəfindən nar bağı salınmış, damcı suvarma sistemi quraşdırılmışdır.

Odur ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Antim” MMC bütün fəaliyyətini qeyd olunan torpaq sahəsində məhz Goranboy Rayon İcra Hakimiyyətinin 24 mart 2004-cü il tarixli Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 24 mart 2004-cü il tarixli icarə müqaviləsi, habelə Şəhadətnamə əsasında torpaq sahəsinin onun tam qanuni sahiblik və istifadəsində olmasını güman etmiş, icarəsinə verilmiş həmin torpaq sahəsində fəaliyyətini qanuni əsaslarla həyata keçirmişdir.

Cavabdeh şirkət də həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olduğu barədə 2016-cı ilin fevral ayından məlumat almış, bununla bağlı mübahisəli əraziyə baxış keçirmiş, mütəxəssis dəvət etmiş, Goranboy Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə bu məsələ ilə bağlı yazışmalar aparmış, iddiaçının kompensasiya ödənilməsi ilə bağlı təklifini almışdır. Lakin bu məsələnin mübahisəli olmasına baxmayaraq, iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə yeni qərar qəbul etmiş kassasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, dövlətlə bağladığı 22 yanvar 2016-cı il tarixli müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış “Antim” MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

Belə ki, müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və Şirkət hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir.

Müqavilənin digər şərtinə görə isə torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu halda həmin ziyan və zərərin əvəzinin torpaq istifadəçisinə dövlət tərəfindən həmin vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur.

Göstərilməlidir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası iş üzrə yeni qərar qəbul edərkən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində boru kəmərinin digər hissəsinin də iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsində (22 yanvar 2016-cı il tarixli Müqavilə ilə əhatə olunmayan ərazi) cavabdeh şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi tələbi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən sübutlara, müəyyən edilən hallara lazımi diqqət yetirmədən, “Antim” MMC-nin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının bu mövqeyi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş  hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Lakin Ali Məhkəmənin Kommersiya Kollegiyası 22 yanvar 2016-cı il tarixli müqavilə və ona əlavə edilmiş sənədlərdə ərazi, torpaq sahəsinin kodunu, sahənin 5,15069 ha olmasını və sair məlumatları, kompensasiyanın məhz iddiaçının icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən boru kəmərinin keçdiyinə görə ödənilməsini, “Antim” MMC-nin tələbinin boru kəmərinin digər hissəsinin onun istifadəsində olan 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçməsi ilə əlaqədar  Şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən  mübahisəli 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar qəbul edərək “Antim” MMC-nin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı isə kassasiya instansiyası məhkəməsi eyni zamanda lazımi qaydada tərtib olunaraq təqdim edilmiş Şəhadətnaməni, torpaq üzərində iddiaçının icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və ərizəçinin məhz bu sənədlərə etimad edərək icarə hüququnu həyata keçirməsini nəzərə almamışdır.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha etimadın qorunması prinsipinin vacibliyini vurğulayaraq qeyd edir ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda  publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərar).

Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır.

Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun  5-ci maddəsində müəyyən edilmişdir.

Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir (“Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı).

 Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etdiyini güman edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

 Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərar).

Belə ki, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən,  bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Göründüyü kimi, kassasiya baxışının hədləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşdırılmış, onun yeni qərar qəbul etmək səlahiyyətinin yalnız apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həyata keçirilməsinin mümkünlüyü müəyyən edilmişdir.

Hazırkı iş üzrə isə Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəfindən yeni qərar qəbul edilərkən Mülki Prosessual Məcəllənin 416.1, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə “Antim” MMC-nin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Antim” MMC-nin “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin  416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Antim” Məhdud Məsuliyyətli Cəmiyyətinin “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 aprel  2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

 

Sədr                                                                                                    Fərhad Abdullayev