AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə,
149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
14
noyabr 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim)
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və
III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri
M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial
qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş
mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və
Ekologiya Hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial müavinətlər
haqqında” Qanun) 4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 25, 38, 71 və 147-ci maddələrinə, habelə 149-cu
maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda
göstərilir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində müəyyən
edilən müavinət növləri sırasında beşdən
çox uşağı olan qadınlar üçün müavinət nəzərdə tutulduğu halda, beşdən çox uşağı
təkbaşına böyüdən kişilərə münasibətdə həmin
müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu isə sözügedən şəxslərin, yəni
beşdən çox uşağı təkbaşına böyüdən kişilərin
sosial təminat, bərabərlik hüquqlarının pozulmasına və ayrı-seçkiliyə səbəb
olur.
Sorğuverən
hesab edir ki, qanunvericilikdə belə bir vəziyyətin mövcud olması
Konstitusiyanın 149-cu maddəsində ifadə olunmuş normativ hüquqi aktların haqq-ədalətə
əsaslanması tələbinə də cavab vermir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın 12 və
16-cı maddələrinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər
bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat
səviyyəsi qayğısına qalır.
Bu müddəalar onu ifadə
edir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının
real olaraq təmin edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır.
Konstitusiyanın 71-ci
maddəsinin I və II hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Konstitusiyanın 149-cu
maddəsinin I və III hissələrinə uyğun olaraq, normativ hüquqi aktlar hüquqa və
haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar
Konstitusiyaya zidd olmamalıdır.
Əsas sosial-iqtisadi
hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit
olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ
vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə,
ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və
qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
Bu hüquq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini
tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə
görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və
beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına
müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri
olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.
“İqtisadi, sosial və mədəni
hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki,
sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var.
Konstitusiya Məhkəməsinin
Plenumu məsələ ilə əlaqədar öz qərarlarında qeyd etmişdir ki, sosial dövlət
prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi
kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun
olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən
Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial
siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin
edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi
kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına
görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş
cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən
sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə
götürmüşdür (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin
ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə
və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı
il 21 oktyabr tarixli Qərarlar).
Konstitusiya Məhkəməsinin
Plenumu sosial təminat hüququnun məzmununu təhlil edərək onu da qeyd etmişdir
ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi,
siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə
təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata
keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və
siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi
dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və
8.3-cü maddələrinin Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1
dekabr tarixli Qərar).
Eyni zamanda nəzərə
almaq lazımdır ki, sosial hüquqların müəyyən edilməsi zamanı dövlətin iqtisadi
vəziyyəti, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə
ehtiyacının olub-olmaması kimi məsələlər vacib rol oynayır.
Belə ki, müavinətlərin
növlərinin, onların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının
və qaydalarının tənzimlənməsi, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin
edilməsi Konstitusiyanın 94 və 95-ci maddələrinin müddəaları baxımından
qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə
sərbəstliyinə malikdir.
Bununla belə,
qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada
təsbit olunmuş tələblərə, o cümlədən bərabərlik hüququna, normativ hüquqi
aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması
və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu isə
qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat
hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsini
tələb edir.
Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik
prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq,
mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I
hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər
və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən
normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə
tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu
aydınlaşdırmaq vacibdir (“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr və “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və
20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarlar).
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd
olunan 2010-cu il 1 dekabr tarixli Qərarında göstərilmişdir ki, pensiya təminatı
sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin
aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni
kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət
edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş
güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi
sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Sosial təminat sahəsində
münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər
arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə
münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
Məhz Konstitusiyanın 25-ci maddəsində əks
olunmuş cinsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlı prinsipin təminatlarını
tənzimləyən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”
Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsində qeyd edilir ki, dövlət
kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət
sosial yardımının və digər sosial güzəştlərin verilməsində bərabər imkanların
yaradılmasına təminat verir. Bu mənada həm Konstitusiyada, həm də göstərilən
Qanunda kişi və qadınların sosial təminat hüquqları arasında cinsi mənsubiyyətə
görə ayrı-seçkilik birmənalı şəkildə qadağan edilmişdir.
Oxşar hüquqi mövqelər
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında
da əks olunmuşdur. Belə ki, Stek və başqaları Birləşmiş Krallığa qarşı iş
üzrə 2006-cı il 12 aprel tarixli Qərarında Avropa Məhkəməsi qeyd edir ki,
davranışda fərqlilik o zaman diskriminasiya hesab olunur ki, onun obyektiv və
ağlabatan əsaslandırılmış izahı olmasın, başqa sözlə desək, bu davranış legitim
məqsəd daşımasın və güdülən məqsədlə istifadə olunan vasitələr arasında
tarazlıq pozulmuş olsun (§51).
Eyni zamanda övlada
münasibətdə ata ilə anaya qarşı fərqli yanaşmaya dair Avropa Məhkəməsi etiraf
etmişdir ki, ananın, övladlığa götürənin və qəyyumun uşağa qulluq üçün məzuniyyətə
görə ödəmə almaq hüququnun olduğu halda ataya belə bir hüququn tanınmaması
valideyn statusunun əlamətlərinə görə diskriminasiya kimi qiymətləndirilməlidir.
Məhkəmənin qənaətinə görə, bu hüquqa malik şəxslərin geniş dairəsi sübut edir
ki, müavinət, yalnız doğuşla əlaqədar yaranmış çətinliklərin aradan
qaldırılması məqsədini daşımır, həm də yeni doğulmuş uşaqlara və onları tərbiyə
edən bütün ailəyə dəstək olmağa yönəlmişdir (Veller Macarıstana qarşı iş üzrə
2009-cu il 31 mart tarixli Qərar, §30-39).
Konstitusiyanın 17-ci
maddəsinin I hissəsinə və 34-cü maddəsinin III hissəsinə əsasən, cəmiyyətin əsas
özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla
mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
Əsas Qanun ata ilə ana
arasında heç bir fərq qoymadan uşaqların qayğısına qalmağı və onları tərbiyə
etməyi valideynin borcu kimi təsbit etmişdir.
Sosial institut olan
ailə hər bir fərdin inkişafında əsas şərt olmaqla cəmiyyətin və dövlətin
varlığında, yeni nəslin tərbiyəsində, ictimai inkişafın təmin olunmasında
başlıca rol oynayır.
Qeyd edilməlidir ki,
müasir dünyada əksər inkişaf etmiş ölkələrin qanunvericiliyi həm anaya, həm də
ataya valideynlik hüquqlarının həyata keçirilməsi sahəsində bərabər imkanlar tanıyır. Bu, qadınlar və kişilər
arasında övladlarının tərbiyəsi üzrə məsuliyyətlərinin bərabər bölgüsü istiqamətində
cəmiyyətin inkişaf etdiyini və uşağa qulluq sahəsində kişinin rolunun da etiraf
edildiyini təsdiqləyir.
Oxşar yanaşma Azərbaycan
Respublikasının sahəvi qanunvericilik aktlarında da öz əksini taparaq, kişi və
qadınların hüquqi statusunun, o cümlədən onların valideynlik hüquqlarının və vəzifələrinin
bərabərləşdirilməsi, eyni təminatların hər iki valideyn üçün tanınması ilə nəticələnmişdir.
Belə ki, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən
işçilər siyahısında hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç
yaşınadək uşağını təkbaşına böyüdən kişilər nəzərdə tutulmuşdur.
Eyni zamanda “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinə
müvafiq olaraq, beş və daha çox uşaq
doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə
etmiş və böyütmüş qadınlarla yanaşı, ana vəfat etdiyinə və ya ana ilə
nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə
görə beş və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud
uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən
ataların, habelə beş və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz
yaşınadək böyüdən ataların, həmçinin beş və daha çox uşağı səkkiz yaşınadək
böyüdən qəyyum kişilərin də pensiya yaşı beş il azaldılmışdır.
Azərbaycan
Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını
müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən qanunvericilik aktı
“Sosial müavinətlər haqqında” Qanundur. Qanunun 4.0.1.13-cü maddəsində beşdən
çox uşağı olan qadınlar üçün müavinət müəyyən edilmişdir.
Həmin Qanunun
7.0.10-3-cü maddəsinə müvafiq olaraq, beşdən çox uşağı olan qadınlara müavinətin
təyin olunması qadının beşdən çox uşaq doğub tərbiyə etməsi, uşaqların sağ
olması və bu hüququn yaranmasına səbəb olmuş uşağın bir yaşına çatması ilə şərtləndirilmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, qanunverici ölkə əhalisinin artımında qadınların
iştirakını və rolunu nəzərə alaraq məhz beşdən çox uşağı doğub ona sahib çıxan,
tərbiyə edən qadınlar üçün qeyd edilən müavinət növünü müəyyən etmişdir. Burada
qanunvericinin məqsədi beşdən çox uşağı doğan anaya uşaqların tərbiyəsində və
böyüdülməsində maddi yardım göstərməklə yanaşı, demoqrafik inkişafın təmin
edilməsi məqsədi ilə qadınları övlad dünyaya gətirməyə stimullaşdırmaqdır.
Odur ki Konstitusiya Məhkəməsinin
Plenumu belə qənaətə gəlir ki, “Sosial müavinətlər haqqında” Qanunun
4.0.1.13-cü maddəsi Konstitusiya normaları ilə ziddiyyət yaratmır.
Lakin o da nəzərə
alınmalıdır ki, həm Konstitusiya, həm də sahəvi qanunvericilik aktları ailənin
cəmiyyətin özəyi olaraq dövlətin himayəsində olduğunu müəyyən etmiş, hər iki
valideynin ailədə bərabər statusundan irəli gələrək övladın tərbiyələndirilməsi,
valideynlik vəzifələrinin yerinə
yetirilməsi baxımından bərabər hüquq və vəzifələrə malik olduqlarını təsbit
etmişdir.
Həmçinin son dövrlər
qanunvericiliyin inkişaf istiqaməti qanunların “bərabər mənafelərə bərabər
münasibətə” əsaslanması konstitusiya prinsipinə uyğun olaraq kişi və qadınların
hüquqi statuslarının, o cümlədən onların valideynlik statuslarının bərabərləşdirilməsinə
yönəlmişdir.
Qeyd olunanlara uyğun
olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Sosial müavinətlər
haqqında” Qanunun 4.0.1.13 və 7.0.10-3-cü maddələrinin Konstitusiyanın
25-ci maddəsinin II və III hissələri, 149-cu maddəsinin I və III hissələri
baxımından təkmilləşdirilməsinin, beşdən çox uşağı təkbaşına böyüdən atalar
üçün də eyni müavinətin müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunması məqsədəmüvafiqdir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “Sosial müavinətlər
haqqında” Qanunun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan
qadınlara müavinət təyin edilməsi müddəası Konstitusiyanın 38-ci maddəsinin I və
III hissələri ilə ziddiyyət yaratmır;
- Konstitusiyanın 25-ci
maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə
uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13
və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə
tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə
tövsiyə edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsində
nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri
ilə ziddiyyət yaratmır.
2. Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə
uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikası Qanununun 4.0.1.13 və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına
böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin
edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev