Постановления

14.11.22 “Sosial müavinətlər haqqında” AR Qanununun 4.0.1.13-cü mad. AR Konstitusiyasının 25-ci mad. II və III hissələrinə, 38-ci mad. I və III hissələrinə, 149-cu mad. I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

 

 

14 noyabr 2022-ci il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və Ekologiya Hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial müavinətlər haqqında” Qanun) 4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 38, 71 və 147-ci maddələrinə, habelə 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində müəyyən edilən müavinət növləri sırasında  beşdən çox uşağı olan qadınlar üçün müavinət nəzərdə tutulduğu halda, beşdən çox uşağı təkbaşına böyüdən kişilərə münasibətdə  həmin müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu isə sözügedən şəxslərin, yəni beşdən çox uşağı təkbaşına böyüdən kişilərin sosial təminat, bərabərlik hüquqlarının pozulmasına və ayrı-seçkiliyə səbəb olur.

Sorğuverən hesab edir ki, qanunvericilikdə belə bir vəziyyətin mövcud olması Konstitusiyanın 149-cu maddəsində ifadə olunmuş normativ hüquqi aktların haqq-ədalətə əsaslanması tələbinə də cavab vermir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 12 və 16-cı maddələrinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin  edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Bu müddəalar onu ifadə edir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq təmin edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var.

Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə əlaqədar öz qərarlarında qeyd etmişdir ki, sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarlar).

Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu təhlil edərək onu da qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 1 dekabr  tarixli Qərar).

Eyni zamanda nəzərə almaq lazımdır ki, sosial hüquqların müəyyən edilməsi zamanı dövlətin iqtisadi vəziyyəti, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məsələlər vacib rol oynayır.

Belə ki, müavinətlərin növlərinin, onların hesablanmasının, təyin və əldə edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsi, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi Konstitusiyanın 94 və 95-ci maddələrinin müddəaları baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir.

Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərə, o cümlədən bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu isə qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsini tələb edir.

Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir (“Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarlar).

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2010-cu il 1 dekabr tarixli Qərarında göstərilmişdir ki, pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi  prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

Məhz Konstitusiyanın 25-ci maddəsində əks olunmuş cinsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlı prinsipin təminatlarını tənzimləyən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsində qeyd edilir ki, dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin verilməsində bərabər imkanların yaradılmasına təminat verir. Bu mənada həm Konstitusiyada, həm də göstərilən Qanunda kişi və qadınların  sosial təminat hüquqları arasında cinsi mənsubiyyətə görə ayrı-seçkilik birmənalı şəkildə qadağan edilmişdir.

Oxşar hüquqi mövqelər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Belə ki, Stek və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 2006-cı il 12 aprel tarixli Qərarında Avropa Məhkəməsi qeyd edir ki, davranışda fərqlilik o zaman diskriminasiya hesab olunur ki, onun obyektiv və ağlabatan əsaslandırılmış izahı olmasın, başqa sözlə desək, bu davranış legitim məqsəd daşımasın və güdülən məqsədlə istifadə olunan vasitələr arasında tarazlıq pozulmuş olsun (§51).

Eyni zamanda övlada münasibətdə ata ilə anaya qarşı fərqli yanaşmaya dair Avropa Məhkəməsi etiraf etmişdir ki, ananın, övladlığa götürənin və qəyyumun uşağa qulluq üçün məzuniyyətə görə ödəmə almaq hüququnun olduğu halda ataya belə bir hüququn tanınmaması valideyn statusunun əlamətlərinə görə diskriminasiya kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə, bu hüquqa malik şəxslərin geniş dairəsi sübut edir ki, müavinət, yalnız doğuşla əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması məqsədini daşımır, həm də yeni doğulmuş uşaqlara və onları tərbiyə edən bütün ailəyə dəstək olmağa yönəlmişdir (Veller Macarıstana qarşı iş üzrə 2009-cu il 31 mart tarixli Qərar, §30-39).

Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə və 34-cü maddəsinin III hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.

Əsas Qanun ata ilə ana arasında heç bir fərq qoymadan uşaqların qayğısına qalmağı və onları tərbiyə etməyi valideynin borcu kimi təsbit etmişdir.

Sosial institut olan ailə hər bir fərdin inkişafında əsas şərt olmaqla cəmiyyətin və dövlətin varlığında, yeni nəslin tərbiyəsində, ictimai inkişafın təmin olunmasında başlıca rol oynayır.

Qeyd edilməlidir ki, müasir dünyada əksər inkişaf etmiş ölkələrin qanunvericiliyi həm anaya, həm də ataya valideynlik hüquqlarının həyata keçirilməsi sahəsində bərabər  imkanlar tanıyır. Bu, qadınlar və kişilər arasında övladlarının tərbiyəsi üzrə məsuliyyətlərinin bərabər bölgüsü istiqamətində cəmiyyətin inkişaf etdiyini və uşağa qulluq sahəsində kişinin rolunun da etiraf edildiyini təsdiqləyir.

Oxşar yanaşma Azərbaycan Respublikasının sahəvi qanunvericilik aktlarında da öz əksini taparaq, kişi və qadınların hüquqi statusunun, o cümlədən onların valideynlik hüquqlarının və vəzifələrinin bərabərləşdirilməsi, eyni təminatların hər iki valideyn üçün tanınması ilə nəticələnmişdir.

Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən işçilər siyahısında hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər nəzərdə tutulmuşdur.

Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinə müvafiq olaraq,  beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlarla yanaşı, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə beş və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə beş və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin də pensiya yaşı beş il azaldılmışdır. 

Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən qanunvericilik aktı “Sosial müavinətlər haqqında” Qanundur. Qanunun 4.0.1.13-cü maddəsində beşdən çox uşağı olan qadınlar üçün müavinət müəyyən edilmişdir.

Həmin Qanunun 7.0.10-3-cü maddəsinə müvafiq olaraq, beşdən çox uşağı olan qadınlara müavinətin təyin olunması qadının beşdən çox uşaq doğub tərbiyə etməsi, uşaqların sağ olması və bu hüququn yaranmasına səbəb olmuş uşağın bir yaşına çatması ilə şərtləndirilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici ölkə əhalisinin artımında qadınların iştirakını və rolunu nəzərə alaraq məhz beşdən çox uşağı doğub ona sahib çıxan, tərbiyə edən qadınlar üçün qeyd edilən müavinət növünü müəyyən etmişdir. Burada qanunvericinin məqsədi beşdən çox uşağı doğan anaya uşaqların tərbiyəsində və böyüdülməsində maddi yardım göstərməklə yanaşı, demoqrafik inkişafın təmin edilməsi məqsədi ilə qadınları övlad dünyaya gətirməyə stimullaşdırmaqdır.

Odur ki Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsi Konstitusiya normaları ilə ziddiyyət yaratmır.

Lakin o da nəzərə alınmalıdır ki, həm Konstitusiya, həm də sahəvi qanunvericilik aktları ailənin cəmiyyətin özəyi olaraq dövlətin himayəsində olduğunu müəyyən etmiş, hər iki valideynin ailədə bərabər statusundan irəli gələrək övladın tərbiyələndirilməsi,  valideynlik vəzifələrinin yerinə yetirilməsi baxımından bərabər hüquq və vəzifələrə malik olduqlarını təsbit etmişdir.

Həmçinin son dövrlər qanunvericiliyin inkişaf istiqaməti qanunların “bərabər mənafelərə bərabər münasibətə” əsaslanması konstitusiya prinsipinə uyğun olaraq kişi və qadınların hüquqi statuslarının, o cümlədən onların valideynlik statuslarının bərabərləşdirilməsinə yönəlmişdir.

Qeyd olunanlara uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13 və 7.0.10-3-cü maddələrinin Konstitusiyanın 25-ci maddəsinin II və III hissələri, 149-cu maddəsinin I və III hissələri baxımından təkmilləşdirilməsinin, beşdən çox uşağı təkbaşına böyüdən atalar üçün də eyni müavinətin müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunması məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası Konstitusiyanın 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır;

- Konstitusiyanın 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında”  Qanunun 4.0.1.13 və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Milli Məclisə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Sosial müavinətlər haqqında”   Azərbaycan   Respublikası  Qanununun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır.

2. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında”  Azərbaycan Respublikası Qanununun 4.0.1.13 və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                             Fərhad Abdullayev