Qərarlar

18.07.22 “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2  və 7-ci hissələrinin,  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

 

18 iyul 2022-ci                                                                                            Bakı şəhəri

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan İnzibati Məhkəməsinin müraciəti əsasında “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının bəzi müddəalarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini,  maraqlı subyektlər Şirvan İnzibati Məhkəməsinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri T.Şeyx-Zamanovun və mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi X.Cəmilovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ: 

 

Şirvan İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 12-ci maddəsinin 2 və 7-ci hissələrinin və  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının (bundan sonra – Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarı) bəzi müddəaları ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin  2-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

Həmin maddənin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər.

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də oxşar müddəa əks olunmuşdur. Qeyd edilən norma ilə müəyyən olunmuşdur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq məbləğlərdə kompensasiya ödənilir.

Müraciətdə qeyd edilir ki, məhkəmələr tərəfindən bir çox hallarda məsələyə fərqli mövqedən yanaşılaraq ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsinin (yaşayış sahəsi alana kimi isə kirayə haqqının) verilməsi ilə bağlı iddiaları təmin edilmir.  Əsas kimi isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun) 41.0.8 və 41.0.9-cu maddələrində nəzərdə tutulan hərbi qulluqçuların  “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinin, habelə Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsinin təsir dairəsinə düşmədiyi göstərilir.

Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı hallar müəyyən olunmuşdur. Həmin Qanunun 41.0.8 və 41.0.9-cu maddələrində müvafiq olaraq törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla)  növündə cəzalara məhkum edilmə səbəbindən və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə ehtiyata buraxılması təsbit edilmişdir.

Müraciətedənin qənaətinə görə, məhkəmələrin eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı, hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin də pozulmasına gətirib çıxara bilər.

Bu baxımdan müraciətedən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin və  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının bəzi müddəaları ilə əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 38-ci maddəsinin I hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır.

Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına çalışaraq bazar iqtisadiyyatı şəraitində insanın dövlət tərəfindən sosial müdafiə olunmasını və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarları). 

Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hərbi doktrinasında Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin qurulması prinsiplərindən biri kimi məhz hərbi qulluqçuların, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının təminatı, onların sosial müdafiəsinin və həyat səviyyəsinin təmin edilməsi göstərilmişdir.

Hərbi qulluqçuların hüquqi statusuna sosial müdafiə hüququnu daxil etməklə (yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilmə) qanunverici hərbi xidmətkeçmənin ictimai əhəmiyyətli fəaliyyət olmasını vurğulayır və bu hüququn həyata keçirilməsi üçün dövlət təminatının verilməsini bəyan edir.

Konstitusiya Məhkəməsinin Plenumu qanunvericinin hərbi qulluqçuların mənzil hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi bəzi məhdudiyyətlərlə əlaqədar qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna etmir, bəzi hallarda isə (məsələn mülki və cinayət qanunvericilik sahələrində) fərq qoyulmasını zəruri edir.

Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı  qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması  xüsusi əhəmiyyət kəsb edir.

Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.8 və 41.0.9-cu maddələrində nəzərdə tutulan əsaslarla ehtiyata buraxılmış hərbi qulluqçuların  yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. təmin edilməməsi ilə bağlı qaydanın bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən hüquqi qiymətləndirilməsi üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olmaları dəqiqləşdirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır.

Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən -  həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar.

Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda;  ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir.

İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə  xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla)  növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir.

Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin  2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur.

Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şirvan İnzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin müvafiq qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

 

1.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2.  Bu Qərardadın əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3.  Qərardadın surəti 7 gün müddətində Şirvan İnzibati Məhkəməsinə göndərilsin.

4.  Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

 

 

Sədr                                                                                                          Fərhad Abdullayev