AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R D A D I
“Hərbi qulluqçuların
statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin
147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust
2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci
maddəsinin bəzi müddəalarının
şərh edilməsinə
dair
18
iyul 2022-ci
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev
(məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü
maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan İnzibati
Məhkəməsinin müraciəti əsasında “Hərbi qulluqçuların statusu haqqında”
Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin,
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata
və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil
kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi
barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının bəzi müddəalarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 41-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Şirvan İnzibati Məhkəməsinin, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri
T.Şeyx-Zamanovun və mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi X.Cəmilovanın
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru G.Cəbinin
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Şirvan
İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Hərbi
qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra
– “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 12-ci maddəsinin 2 və 7-ci
hissələrinin və “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına
müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının
müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının
(bundan sonra – Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarı) bəzi müddəaları ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki,
“Hərbi qulluqçuların statusu haqqında”
Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan
Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti
mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya
buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay
müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi
yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz
torpaq sahəsi almaq hüququ vardır.
Həmin maddənin
7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların
ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı
Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin
sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini
Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan
hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra
hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə
kirayə haqqı ilə) təmin edilirlər.
Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq
olaraq, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya
buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az
olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası
Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə
kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına,
ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və
miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr
fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu
haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş
qaydada təmin edirlər.
Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də oxşar müddəa
əks olunmuşdur. Qeyd edilən norma ilə
müəyyən olunmuşdur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5
təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya
buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş
zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət
etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış
yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi
yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin
kirayəsi üçün hər ay müvafiq məbləğlərdə
kompensasiya ödənilir.
Müraciətdə qeyd
edilir ki, məhkəmələr tərəfindən bir çox hallarda məsələyə fərqli mövqedən
yanaşılaraq ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçuların yaşayış sahəsinin (yaşayış sahəsi alana kimi isə kirayə haqqının)
verilməsi ilə bağlı iddiaları təmin edilmir. Əsas kimi isə “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Qanun) 41.0.8 və 41.0.9-cu maddələrində nəzərdə tutulan hərbi
qulluqçuların “Hərbi qulluqçuların statusu
haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinin, habelə Nazirlər Kabinetinin
6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsinin təsir dairəsinə düşmədiyi
göstərilir.
Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsində
ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi
xidmətdən ehtiyata buraxıldığı hallar müəyyən olunmuşdur. Həmin Qanunun 41.0.8
və 41.0.9-cu maddələrində müvafiq olaraq törədilmiş
cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən
müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş
hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara
məhkum edilmə səbəbindən və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə
azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə ehtiyata buraxılması
təsbit edilmişdir.
Müraciətedənin qənaətinə
görə, məhkəmələrin eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul
etməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı,
hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin
də pozulmasına gətirib çıxara bilər.
Bu baxımdan
müraciətedən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2
və 7-ci hissələrinin və “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamənin 147-ci maddəsinin Nazirlər Kabinetinin 6 avqust 2012-ci
il tarixli Qərarının bəzi müddəaları ilə əlaqəli
şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın
38-ci maddəsinin I hissəsində hər kəsin sosial təminat hüququ müəyyən
edilmişdir. Sosial təminat hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı
bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır.
Konstitusiyanın
müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən
siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına çalışaraq bazar iqtisadiyyatı
şəraitində insanın dövlət tərəfindən sosial müdafiə olunmasını və sosial ədalət
prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci
hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə
və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı
il 21 oktyabr tarixli Qərarları).
Azərbaycan
Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli Qərarı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Hərbi doktrinasında Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin qurulması prinsiplərindən biri kimi məhz hərbi
qulluqçuların, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin
strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının
təminatı, onların sosial müdafiəsinin və həyat səviyyəsinin təmin edilməsi
göstərilmişdir.
Hərbi
qulluqçuların hüquqi statusuna sosial müdafiə hüququnu daxil etməklə (yaşayış
sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilmə)
qanunverici hərbi xidmətkeçmənin ictimai əhəmiyyətli fəaliyyət olmasını
vurğulayır və bu hüququn həyata keçirilməsi üçün dövlət təminatının verilməsini
bəyan edir.
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericinin
hərbi qulluqçuların mənzil hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən
etdiyi bəzi məhdudiyyətlərlə əlaqədar qeyd etməyi vacib bilir ki,
Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin
əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna
səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli
münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi
hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna
etmir, bəzi hallarda isə (məsələn mülki və cinayət qanunvericilik sahələrində)
fərq qoyulmasını zəruri edir.
Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata
keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə
müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud
onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının
olub-olmaması kimi məqamların nəzərə alınması
xüsusi əhəmiyyət kəsb edir.
Bu
səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici
tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.8 və 41.0.9-cu
maddələrində nəzərdə tutulan əsaslarla ehtiyata buraxılmış hərbi
qulluqçuların yaşayış sahələri, yaşayış
sahəsi alana kimi isə kirayə haqqı və s. təmin edilməməsi ilə bağlı qaydanın bərabərlik
prinsipinin pozulması nöqteyi-nəzərindən hüquqi qiymətləndirilməsi üçün hansı
şəxslərin bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olmaları dəqiqləşdirilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası
Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd
edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci
maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı
şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını,
mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı
nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın
mövcudluğunu aydınlaşdırmaq vacibdir.
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan
əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının
sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi
qulluqçulardır.
Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna
malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi
qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və
s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına
gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan
bir xidmətdən - həqiqi hərbi xidmətdən
ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi
əhəmiyyət kəsb edir.
Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında”
Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların
həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları
iki qrupa ayırmaq olar.
Birinci
qrupa hərbi qulluqçuların onlardan asılı olmayan
səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət
müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə –
həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi
həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların
ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək
mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna
olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata
buraxılma kimi hallar aiddir.
İkinci
qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata
buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum
edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)”
yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə
görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə
azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və
şərti məhkum edilmiş şəxslər istisna olmaqla)
növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində
təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi
hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir.
Qeyd edilməlidir ki, qanunverici “Hərbi
qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya
buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada
yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi
qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını
şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur.
Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində,
habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci
hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə
ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və
qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin
sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan
müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə
tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq
icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana
kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər
Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks
olunmuşdur.
Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və
s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan
səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz
arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam
qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi
xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və
s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli
əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və
ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata
buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin
pozulması kimi qiymətləndirilə bilməz.
Qeyd
olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi
yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı
araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya
Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və
azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının
mümkünlüyü də istisna edilməməlidir.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şirvan
İnzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin müvafiq
qanunvericilik normalarında nəzərdə
tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya
Məhkəməsi Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə ehtiyac duyulmur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.
2. Bu
Qərardadın əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin
müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Şirvan İnzibati Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
Sədr Fərhad Abdullayev