AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 125-ci maddəsinin şərh
edilməsinə dair
15 sentyabr 2022-ci il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva
(məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci
maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş
Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri
H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi
C.Hüseynin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
F.Həsənovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan Respublikasının
Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra
– Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 125-ci maddəsinin şərh
edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində təqsirkardan maddi, xidməti və
ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun
ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü
öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə məsuliyyət müəyyən
edilmişdir.
Sorğuya əsasən, özünü öldürmə
həddinə çatdırma işləri üzrə kifayət qədər məhkəmə təcrübəsinin və həmin
maddənin rəsmi şərhinin olmaması baş vermiş intihar və ya intihara cəhd
hadisələrinin tövsifi zamanı müəyyən çətinliklərə səbəb olur.
Belə ki, cinayət hüquq
nəzəriyyəsində və təcrübədə özünü öldürmə həddinə çatdırma cinayətinin
subyektiv cəhətinin dolayı qəsd ilə törədilməsi mübahisəsiz olsa da, birbaşa
qəsd və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünə, yəni təqsirin
formalarına dair fikir ayrılıqları vardır.
Cinayət Məcəlləsinin 125-ci maddəsi
ilə nəzərdə tutulmuş əməlin təqsirin qəsd və ya ehtiyatsızlıq formasında
törədilməsinin dəqiqləşdirilməsi isə residivin və cəzaçəkmə müəssisəsinin
növünün müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Həmçinin sorğuverən qeyd etmişdir
ki, Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “maddi
və ya xidməti cəhətdən asılılıq”, “ləyaqətini mütəmadi olaraq alçaltma”,
“hədə-qorxu gəlmə” anlayışları aydın olsa da, “sair cəhətdən asılılıq” və “amansız
rəftar etmə” anlayışlarının cinayət qanununda açıqlanmaması bu cinayətin
tövsifində müəyyən çətinliklər yaradır.
Beləliklə, vahid istintaq və məhkəmə
təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni
qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə
özünü öldürmə həddinə çatdırma cinayətinin birbaşa qəsdlə və ya
ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünün və Cinayət
Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən
asılılıq” və “amansız rəftar etmə” anlayışlarının şərh olunması
zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu
sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
İnsan hüquq və azadlıqları
sistemində ən mühüm yer yaşamaq hüququna məxsusdur. Azərbaycan
Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə hər kəsin yaşamaq hüququ və
insanın qanunsuz olaraq həyatdan məhrum edilməsinin yolverilməzliyi təsbit
edilmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə
əsasən, hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna
malikdir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6.1-ci
maddəsinə görə, yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq
qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz.
“İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 2-ci
maddəsinə görə, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm
cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış
belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan
məhrum etmə aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi
olduqda bu maddənin pozulması kimi nəzərdən
keçirilmir:
- istənilən şəxsin hüquqa zidd
zorakılıqdan qorunması üçün;
- qanuni həbsi həyata keçirmək və ya
qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
- qanuna müvafiq olaraq iğtişaş və ya
qiyamın yatırılması üçün.
Beləliklə, həyatın qanunla müdafiə
olunan ən ümdə sosial dəyər olması dövlətlər qarşısında onun qorunması və
müdafiə edilməsi vəzifəsini ön plana çəkir. Bu vəzifənin icrasının təmin
edilməsinin əsas mexanizmlərindən biri cinayət qanunvericiliyidir.
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ifadə
etdiyi hüquqi mövqeyinə əsasən, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin
birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan
məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həmçinin onun yurisdiksiyasında
yaşayanların həyatını qorumaq üçün müvafiq addımlar atmağa sövq edir (L.C.B.
Birləşmiş Krallığa qarşı iş üzrə 1998-ci il 9 iyun tarixli
Qərar). Ümumiyyətlə, bu baxımdan dövlətin yaşamaq hüququnu təmin etmək üçün
səmərəli cinayət hüquq normalarını qəbul etmək və hüquq mühafizə mexanizminin
vasitəsi ilə həmin normaların pozulmasının qarşısını almaq, bu pozuntulara
qarşı mübarizəni aparmaq və onlara görə cəzalandırmaq öhdəliyi mövcuddur (Osman
Birləşmiş Krallığa qarşı iş üzrə 1998-ci il 28 oktyabr tarixli Qərar §
115).
Cinayət Məcəlləsinin 120–143-1-ci
maddələri məhz insanın həyat və sağlamlığına qarşı olan əməllərə görə cinayət
məsuliyyətini müəyyən edir. Belə cinayətlərdən biri də özünü öldürmə
həddinə çatdırmadır.
Cinayət Məcəlləsinin 125-ci
maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş
zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini
mütəmadi olaraq alçaltma, ona hədə-qorxu
gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu cinayətin ictimai təhlükəliliyi
nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi,
həmçinin təqsirkarın mənəviyyata zidd, qeyri-humanist, məkrli və amansız
hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin
həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə
həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı
(hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan
asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə
cəhd həddinə çatması daxildir.
Cinayət maddi tərkibli olmaqla,
zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd
etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən
özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq
müəyyən edilməlidir. Eyni zamanda bu cinayət tərkibinin yaranması üçün
təqsirkarın hərəkətləri ilə zərərçəkmişin intiharı və ya ona cəhd arasında
səbəbli əlaqə olmalıdır.
Maddədə özünü öldürmə həddinə
çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir: amansız
rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Bu baxımdan,
bir şəxsin digər hüquqa zidd hərəkətləri (məsələn, əmək haqqının ödənilməsinin
sistematik gecikdirilməsi, borcun vaxtında qaytarılmaması) nəticəsində digər
şəxsin özünü öldürmə həddinə çatması, bu maddə ilə cinayət məsuliyyətinin
yaranmasını istisna edir. Eyni zamanda, şəxsin hər hansı qanuna
zidd olmayan hərəkətləri (qanuni əsaslarla əmək münasibətlərinə xitam
verilməsi, evlilik təklifinin rədd edilməsi, törədilən cinayət barəsində
məlumatın verilməsi və s.) nəticəsində digər şəxsin intihar etməsi də bu maddə
ilə nəzərdə tutulan cinayət tərkibini yaratmır.
Amansız rəftara təqsirkarın
zərərçəkmiş şəxsə mütəmadi olaraq fiziki və ya mənəvi əzab verməsi, onu ac,
susuz, paltarsız, tibbi yardımsız qoyması, qapalı məkanda saxlaması, fiziki
işlərə, cinsi münasibətlərə məcbur etməsi, zərərçəkmiş şəxsin təqsirkar
tərəfindən onun yaxın adamlarına əzab verildiyini dərk etməsi və s. aid
edilə bilər. Göründüyü kimi, amansız rəftar həm hərəkət, həm də hərəkətsizlik
ilə törədilə bilər.
Avropa Məhkəməsinin presedent
hüququna əsasən, Konvensiya ilə qorunan hüquqların əhatəsinə düşmək üçün
amansız rəftar, qiymətləndirilməsi işin bütün hallarından asılı olmaqla,
qəddarlığın minimal dərəcəsinə çatmalıdır ki, buraya davranışın davamlılığı,
fiziki və psixoloji fəsadlar, bəzi hallarda zərərçəkmişin cinsiyyəti, yaşı və
səhhəti (Verbint Rumıniyaya qarşı iş üzrə 2012-ci il 3 aprel
tarixli Qərar), fiziki iztirablar, bədən xəsarətləri (Pretty Birləşmiş
Krallığa qarşı iş üzrə 2002-ci il 29 aprel tarixli Qərar), mənəvi
iztirablar (Klimov Rusiyaya qarşı iş üzrə 2016-cı il 4 oktyabr
tarixli Qərar), davranışın üsulu və növünü (Makşakov Rusiyaya qarşı iş üzrə 2016-cı
il 24 may tarixli Qərar) aid etmək olar. Belə minimumun
qiymətləndirilməsi nisbidir (Manzhos Rusiyaya qarşı iş üzrə 2016-cı
il 24 may tarixli Qərar) və hər bir konkret halın araşdırılmasını tələb edir (Avci
və digərləri Türkiyəyə qarşı iş üzrə 2006-cı il 27 iyun tarixli
Qərar).
Qeyd edilənlərə əsasən, Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, “amansız rəftar” qiymətləndirmə tələb edən əlamət olduğundan, onu
təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu
baxımdan, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət məsuliyyətinin
yaranıb-yaranmamasının müəyyən edilməsi üçün rəftarın “amansız”
olub-olmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir.
Əməlin Cinayət Məcəlləsinin 125-ci
maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti
və ya sair cəhətdən asılı olmalıdır.
Sair asılılıq dedikdə, maddi və
xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya
təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı
olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi
(ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial
(qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.)
qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə
onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan
şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai
münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn,
virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu
genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş
şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından
müəyyən edilə bilər.
Qeyd edilənləri nəzərə alaraq,
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qəbildən olan cinayət
işləri üzrə şəxsin təqsirlilik məsələsi həll
edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı,
təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması,
zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və
təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd
arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
Sorğuda qaldırılan Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin təqsirin hansı forması
ilə törədilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin
56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci
il 7 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə
əsasən, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə Məcəllənin
Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın
mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər.
Təqsirin formasının müəyyən edilməsi
yalnız qəsdən törədilmiş əməllərin cinayət məsuliyyətinə səbəb olduğu hallarda
müvafiq məsuliyyətin yaranıb-yaranmaması (məsələn, Cinayət
Məcəlləsinin 128-ci maddəsi), obyektiv cəhətdən oxşar cinayətlərin
fərqləndirilməsi (əməlin Cinayət Məcəlləsinin 186 və ya 187-ci maddəsi ilə
tövsif edilməsi), cinayətlərin təsnifatının müəyyən edilməsi (Cinayət
Məcəlləsinin 15-ci maddəsinə müvafiq olaraq yalnız qəsdən törədilmiş cinayətlər
xüsusilə ağır cinayətlər hesab olunur), cəzaçəkmə müəssisəsinin növünün
təyin edilməsi (Cinayət Məcəlləsinin 56.1-ci maddəsi) kimi məsələlərin həlli
üçün zəruridir.
Cinayət qanunvericiliyi
təqsirin iki - qəsd və ehtiyatsızlıq formalarını
fərqləndirir. Belə ki, Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən, əməli
(hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş
şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl
(hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.
Cinayət hüquq nəzəriyyəsində
təqsirin qarışıq (ikili) forması da fərqləndirilir. Qarışıq təqsir ilə
törədilən cinayət zamanı şəxsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu
əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə
olunur.
İkili təqsir forması ilə törədilən
cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki
nəticəyə səbəb olan maddi tərkibli cinayətlər; ehtiyatsızlıqdan daha ağır
nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər.
Cinayət Məcəlləsinin Ümumi
hissəsində qarışıq (ikili) təqsir müstəqil təqsir forması kimi müəyyən olunmasa
da, Məcəllənin Xüsusi hissəsi ilə nəzərdə tutulan bəzi cinayət tərkibləri
onların qarışıq təqsir forması ilə
törədilməsini söyləməyə əsas verir.
Bununla belə, Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müvafiq maddələrinin əlaqəli təhlili belə nəticəyə gəlməyə
əsas verir ki, qanunverici vahid dispozisiya ilə ifadə edilən və vahid
sanksiyaya malik olan maddələr ilə nəzərdə tutulan əməllərin yalnız təqsirin bir
forması ilə törədilməsini mümkün hesab edir və Cinayət Məcəlləsinin 125-ci
maddəsi də bir cümlə ilə ifadə edilən vahid dispozisiyadan ibarət
olduğundan və vahid sanksiya nəzərdə tutduğundan, yalnız təqsirin bir forması
ilə törədilə bilər. Belə ki, Cinayət Məcəlləsinin heç bir maddəsinin
mətni həm qəsdi, həm ehtiyatsızlığı, həm də təqsirin qarışıq formasını ehtiva
edən norma kimi ifadə edilməmiş, təqsirin formaları aydın müddəalar vasitəsi
ilə bir-birindən fərqləndirilmişdir. Bu, həmçinin onunla izah edilir ki, əməlin
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinin qanunverici tərəfindən
fərqləndirilməməsi və hətta ictimai təhlükəliliyi aşkar fərqli olan həmin
əməllərə görə eyni sanksiyanın müəyyən edilməsi qeyri-mümkündür və əks yanaşma
Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə təsbit edilmiş ədalət prinsipinə zidd
olar.
Cinayət Məcəlləsinin şərh edilən
125-ci maddəsinin məzmunu, həmin maddənin sanksiyası və bütövlükdə Məcəllədə
nəzərdə tutulmuş həyat və sağlamlıq əleyhinə olan cinayətlərin əlaqəli təhlili
belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan cinayət əməli subyektiv
cəhətdən təqsirin qəsd formasında törədilir.
Cinayət
Məcəlləsinin 25.1-ci maddəsinə görə, birbaşa və ya dolayı qəsdlə
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət
sayılır.
Birbaşa qəsd zamanı təqsirkar
özündən asılı olan zərərçəkmişin intihar edəcəyini qabaqcadan görür və bunu
arzu edir. Həmin əməl dolayı qəsd ilə törədilən zaman, təqsirkar zərərçəkmişin
intihar edəcəyini qabaqcadan görür, lakin bunu arzu etməsə də, buna şüurlu
surətdə yol verir.
Burada nəzərə alınmalıdır ki,
təqsirkar ilə zərərçəkmiş arasında “asılılıq” münasibətlərinin olması bir sıra
hallarda təqsirkarın zərərçəkmişin emosional durumu, suisidal potensialı
haqqında məlumatlı olmasına dəlalət edir.
Bu baxımdan, təqsirkarın
zərərçəkmişin şəxsiyyətinin psixoloji xüsusiyyətləri barəsində biliyinin olması
və belə biliyi rəhbər tutaraq zərərçəkmişin özünü öldürmə həddinə
çatdırılmasına yönələn mütəmadi davranış üsulunu seçməsi və realizə
etməsi əməlin təqsirin birbaşa qəsd formasında törədilməsi kimi
qiymətləndirilməsinə əsas verir.
Həmçinin Cinayət Məcəlləsinin 125-ci
maddəsi ilə nəzərdə tutulmuş əməlin bu maddənin Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin ehtiyatsızlıqdan törədilən cinayətləri nəzərdə tutan müvafiq
maddələri ilə müqayisəsi də göstərir ki, qanunverici özünü öldürmə
həddinə çatdırma cinayətini qəsdən törədilən cinayət hesab etməklə məsuliyyətin
dərəcəsi baxımından ehtiyatsızlıqdan törədilən cinayətlərdən fərqləndirmişdir.
Belə ki, özünü öldürmə həddinə
çatdırma cinayətinə görə Cinayət Məcəlləsinin 125-ci maddəsində üç ildən yeddi
ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda,
ehtiyatsızlıqdan adam öldürməyə görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin
sanksiyasında iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası
nəzərdə tutulmuşdur.
Qeyd edilməlidir ki, əməlin Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş təqsirkarın
hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həyatına son qoymaq
qərarına şüurlu surətdə gəlməlidir. Özünü öldürmə həddinə çatdırma müəyyən
seçim sərbəstliyi nəzərdə tutur, təqsirkarın hərəkətləri nəticəsində
zərərçəkmiş öz iradəsi əsasında intihar edir, halbuki başqa cür davranmaq
imkanına malikdir. Təqsirkar zərərçəkmişin özünü öldürməsini “təmin” etmir,
bunun üçün “mühit” yaradır.
Zərərçəkmişin həyat ilə ölüm
arasında seçim imkanı olmadıqda (məsələn, zərərçəkmiş özünü öldürməyə məcbur edildikdə,
iztirablı ölüm ilə intihar arasında seçimə məruz qaldıqda və s.) və yaxud
şəxs şüurlu surətdə qərar qəbul etmək, iradəvi hərəkət etmək iqtidarında
olmadıqda (azyaşlı uşaq, psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini
dərk etməyən və ya onlara rəhbərlik edə bilməyən şəxs) təqsirkarın əməli qəsdən
adam öldürmə kimi Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tövsif edilməlidir.
Burada ictimai təhlükəli nəticənin zərərçəkmişin özü tərəfindən icra edilməsi
əməlin tövsifinə təsir göstərmir. Çünki belə hallarda təqsirkar şüurlu və azad
surətdə davranmaq imkanına malik olmayan zərərçəkmiş şəxsdən onu öldürmək
məqsədinə nail olmaq üçün “vasitə” kimi istifadə edir və zərərçəkmiş
şəxsin hərəkətləri müstəqil cinayət-hüquqi məna kəsb etmir.
Konstitusiya Məhkəməsinin Plenumu
qeyd edir ki, təcrübədə özünü öldürmə həddinə çatdırılmanın ehtiyatsızlıqdan
törədilməsi istisna edilmir. Lakin Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə
məsuliyyətin yaranması üçün müvafiq əməlin təqsirin qəsd formasında törədilməli
olması nəzərdə tutulduğundan, ehtiyatsızlıqdan törədilən əməlin həmin maddə ilə
tövsif edilməsi istisna olunur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Cinayət
Məcəlləsinin 24-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət
və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə
nəzərdə tutulmuş hallarda cinayət sayılır.
Konstitusiya Məhkəməsinin Plenumu
onu da qeyd etməyi vacib hesab edir ki, yetkinlik yaşına çatmayanların
şəxsiyyətinin xüsusiyyətləri (şüurun tam formalaşmaması və emosional
qeyri-sabitlik) bu kateqoriyadan olan şəxslərə qarşı törədilən Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulan əməlin ictimai təhlükəliliyini
artıran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, yetkinlik yaşına
çatmayanlar arasında “bullinq” (zərərçəkmişin bir qrup şəxs tərəfindən təzyiq
və aqressiv davranışın hədəfi olması) hallarının, həmçinin internet
şəbəkəsində intihara təhrik, sövq edən oyunların, virtual “ölüm
qruplarının” yayılması Cinayət Məcəlləsinin 125-ci maddəsinə yeni tərkibin
əlavə edilməsi zərurətini yaradır.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən yetkinlik yaşına çatmayanları özünü öldürməyə təhrik, sövq,
təbliğ və ya köməklik etməyə görə daha ağır cinayət məsuliyyətinin müəyyən
edilməsi məqsədəmüvafiqdir.
Göstərilənlərə əsasən, eləcə də
Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət və ədalət prinsiplərini rəhbər
tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin
125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair
cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun
ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü
öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya
dolayı qəsd formasında törədilir;
- Cinayət Məcəlləsinin 125-ci
maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız
rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik
məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv
araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə
ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması
göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona
cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan
maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız
rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə
yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin
birbaşa və ya dolayı qəsd formasında törədilir.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və
“amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin
təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam
və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya
hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən
asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə
özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən
edilməlidir.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad Abdullayev