Постановления

15.09.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh

edilməsinə dair

 

 

 15 sentyabr 2022-ci il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın  və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi C.Hüseynin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü F.Həsənovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 125-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə məsuliyyət müəyyən edilmişdir.

Sorğuya əsasən, özünü öldürmə həddinə çatdırma işləri üzrə kifayət qədər məhkəmə təcrübəsinin və həmin maddənin rəsmi şərhinin olmaması baş vermiş intihar və ya intihara cəhd hadisələrinin tövsifi zamanı müəyyən çətinliklərə səbəb olur.

Belə ki, cinayət hüquq nəzəriyyəsində və təcrübədə özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhətinin dolayı qəsd ilə törədilməsi mübahisəsiz olsa da, birbaşa qəsd və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünə, yəni təqsirin formalarına dair fikir ayrılıqları vardır.

Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin təqsirin qəsd və ya ehtiyatsızlıq formasında törədilməsinin  dəqiqləşdirilməsi isə residivin və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Həmçinin sorğuverən qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “maddi və ya xidməti cəhətdən asılılıq”, “ləyaqətini mütəmadi olaraq alçaltma”, “hədə-qorxu gəlmə” anlayışları aydın olsa da, “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” anlayışlarının cinayət qanununda açıqlanmaması bu cinayətin tövsifində müəyyən çətinliklər yaradır.

Beləliklə, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə özünü öldürmə həddinə çatdırma cinayətinin birbaşa qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünün və Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” anlayışlarının şərh olunması zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

İnsan hüquq və azadlıqları sistemində ən mühüm yer yaşamaq hüququna məxsusdur.  Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə hər kəsin yaşamaq hüququ və insanın qanunsuz olaraq həyatdan məhrum edilməsinin yolverilməzliyi təsbit edilmişdir.  İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən, hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6.1-ci maddəsinə görə, yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 2-ci maddəsinə görə, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa halda həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən
keçirilmir:

-      istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

-      qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

-      qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.

Beləliklə, həyatın qanunla müdafiə olunan ən ümdə sosial dəyər olması dövlətlər qarşısında onun qorunması və müdafiə edilməsi vəzifəsini ön plana çəkir. Bu vəzifənin icrasının təmin edilməsinin əsas mexanizmlərindən biri cinayət qanunvericiliyidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həmçinin onun yurisdiksiyasında yaşayanların həyatını qorumaq üçün müvafiq addımlar atmağa sövq edir (L.C.B. Birləşmiş Krallığa qarşı iş üzrə 1998-ci il 9 iyun tarixli Qərar). Ümumiyyətlə, bu baxımdan dövlətin yaşamaq hüququnu təmin etmək üçün səmərəli cinayət hüquq normalarını qəbul etmək və hüquq mühafizə mexanizminin vasitəsi ilə həmin normaların pozulmasının qarşısını almaq, bu pozuntulara qarşı mübarizəni aparmaq və onlara görə cəzalandırmaq öhdəliyi mövcuddur (Osman Birləşmiş Krallığa qarşı iş üzrə 1998-ci il 28 oktyabr tarixli Qərar § 115).

Cinayət Məcəlləsinin 120–143-1-ci maddələri məhz insanın həyat və sağlamlığına qarşı olan əməllərə görə cinayət məsuliyyətini müəyyən edir. Belə cinayətlərdən biri də  özünü öldürmə həddinə çatdırmadır.

Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyri-humanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin  təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir.

Cinayət maddi tərkibli olmaqla,  zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq müəyyən edilməlidir. Eyni zamanda bu cinayət tərkibinin yaranması üçün təqsirkarın hərəkətləri ilə zərərçəkmişin intiharı və ya ona cəhd arasında səbəbli əlaqə olmalıdır.

Maddədə özünü öldürmə həddinə çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir:  amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Bu baxımdan, bir şəxsin digər hüquqa zidd hərəkətləri (məsələn, əmək haqqının ödənilməsinin sistematik gecikdirilməsi, borcun vaxtında qaytarılmaması) nəticəsində digər şəxsin özünü öldürmə həddinə çatması, bu maddə ilə cinayət məsuliyyətinin  yaranmasını istisna edir. Eyni zamanda, şəxsin hər hansı qanuna zidd olmayan hərəkətləri (qanuni əsaslarla əmək münasibətlərinə xitam verilməsi, evlilik təklifinin rədd edilməsi, törədilən cinayət barəsində məlumatın verilməsi və s.) nəticəsində digər şəxsin intihar etməsi də bu maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmır.

Amansız rəftara təqsirkarın zərərçəkmiş şəxsə mütəmadi olaraq fiziki və ya mənəvi əzab verməsi, onu ac, susuz, paltarsız, tibbi yardımsız qoyması, qapalı məkanda saxlaması, fiziki işlərə, cinsi münasibətlərə məcbur etməsi, zərərçəkmiş şəxsin təqsirkar tərəfindən onun yaxın adamlarına  əzab verildiyini dərk etməsi və s. aid edilə bilər. Göründüyü kimi, amansız rəftar həm hərəkət, həm də hərəkətsizlik ilə törədilə bilər.

Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiya ilə qorunan hüquqların əhatəsinə düşmək üçün amansız rəftar, qiymətləndirilməsi işin bütün hallarından asılı olmaqla, qəddarlığın minimal dərəcəsinə çatmalıdır ki, buraya davranışın davamlılığı, fiziki və psixoloji fəsadlar, bəzi hallarda zərərçəkmişin cinsiyyəti, yaşı və səhhəti (Verbint Rumıniyaya qarşı iş üzrə 2012-ci il 3 aprel tarixli Qərar), fiziki iztirablar, bədən xəsarətləri (Pretty Birləşmiş Krallığa qarşı iş üzrə 2002-ci il 29 aprel tarixli Qərar), mənəvi iztirablar (Klimov Rusiyaya qarşı iş üzrə 2016-cı il 4 oktyabr tarixli Qərar), davranışın üsulu və növünü (Makşakov Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) aid etmək olar.  Belə minimumun qiymətləndirilməsi nisbidir (Manzhos Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) və hər bir konkret halın araşdırılmasını tələb edir (Avci və digərləri Türkiyəyə qarşı iş üzrə 2006-cı il 27 iyun tarixli Qərar).

Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,  “amansız rəftar”  qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün  rəftarın “amansız” olub-olmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir.

Əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır.

Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi  yalnız zərərçəkmiş şəxsin  həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər.

Qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında  səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

Sorğuda qaldırılan Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin təqsirin hansı forması ilə törədilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel  tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə  Məcəllənin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər. 

Təqsirin formasının müəyyən edilməsi yalnız qəsdən törədilmiş əməllərin cinayət məsuliyyətinə səbəb olduğu hallarda müvafiq məsuliyyətin yaranıb-yaranmaması (məsələn, Cinayət Məcəlləsinin 128-ci maddəsi), obyektiv cəhətdən oxşar cinayətlərin fərqləndirilməsi (əməlin Cinayət Məcəlləsinin 186 və ya 187-ci maddəsi ilə tövsif edilməsi), cinayətlərin təsnifatının müəyyən edilməsi (Cinayət Məcəlləsinin 15-ci maddəsinə müvafiq olaraq yalnız qəsdən törədilmiş cinayətlər  xüsusilə ağır cinayətlər hesab olunur), cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi (Cinayət Məcəlləsinin 56.1-ci maddəsi) kimi məsələlərin həlli üçün zəruridir.

Cinayət qanunvericiliyi  təqsirin  iki -  qəsd  və  ehtiyatsızlıq  formalarını fərqləndirir. Belə ki, Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən,  əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

Cinayət hüquq nəzəriyyəsində təqsirin qarışıq (ikili) forması da fərqləndirilir.  Qarışıq təqsir ilə törədilən cinayət zamanı şəxsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə olunur.

İkili təqsir forması ilə törədilən cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki nəticəyə səbəb olan maddi tərkibli cinayətlər;  ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər. 

Cinayət Məcəlləsinin Ümumi hissəsində qarışıq (ikili) təqsir müstəqil təqsir forması kimi müəyyən olunmasa da, Məcəllənin Xüsusi hissəsi ilə nəzərdə tutulan bəzi cinayət tərkibləri onların qarışıq təqsir forması ilə törədilməsini söyləməyə əsas verir.

Bununla belə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qanunverici vahid dispozisiya ilə ifadə edilən və vahid sanksiyaya malik olan maddələr ilə nəzərdə tutulan əməllərin yalnız təqsirin bir forması ilə törədilməsini mümkün hesab edir və Cinayət Məcəlləsinin 125-ci maddəsi də  bir cümlə ilə ifadə edilən vahid dispozisiyadan ibarət olduğundan və vahid sanksiya nəzərdə tutduğundan, yalnız təqsirin bir forması ilə törədilə bilər. Belə ki, Cinayət Məcəlləsinin  heç bir maddəsinin mətni həm qəsdi, həm ehtiyatsızlığı, həm də təqsirin qarışıq formasını ehtiva edən norma kimi ifadə edilməmiş, təqsirin formaları aydın müddəalar vasitəsi ilə bir-birindən fərqləndirilmişdir. Bu, həmçinin onunla izah edilir ki, əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinin qanunverici tərəfindən fərqləndirilməməsi və hətta ictimai təhlükəliliyi aşkar fərqli olan həmin əməllərə görə eyni sanksiyanın müəyyən edilməsi qeyri-mümkündür və əks yanaşma Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə təsbit edilmiş ədalət prinsipinə zidd olar.

Cinayət Məcəlləsinin şərh edilən 125-ci maddəsinin məzmunu, həmin maddənin sanksiyası və bütövlükdə Məcəllədə nəzərdə tutulmuş həyat və sağlamlıq əleyhinə olan cinayətlərin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir.

Cinayət Məcəlləsinin  25.1-ci maddəsinə görə, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.

Birbaşa qəsd zamanı təqsirkar özündən asılı olan zərərçəkmişin intihar edəcəyini qabaqcadan görür və bunu arzu edir. Həmin əməl dolayı qəsd ilə törədilən zaman, təqsirkar zərərçəkmişin intihar edəcəyini qabaqcadan görür, lakin bunu arzu etməsə də, buna şüurlu surətdə yol verir.

Burada nəzərə alınmalıdır ki, təqsirkar ilə zərərçəkmiş arasında “asılılıq” münasibətlərinin olması bir sıra hallarda təqsirkarın zərərçəkmişin emosional durumu, suisidal potensialı haqqında məlumatlı olmasına dəlalət edir.

Bu baxımdan, təqsirkarın zərərçəkmişin şəxsiyyətinin psixoloji xüsusiyyətləri barəsində biliyinin olması və belə biliyi rəhbər tutaraq zərərçəkmişin özünü öldürmə həddinə çatdırılmasına yönələn mütəmadi davranış üsulunu  seçməsi və  realizə etməsi əməlin təqsirin birbaşa qəsd formasında törədilməsi kimi qiymətləndirilməsinə əsas verir. 

Həmçinin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin  bu maddənin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin ehtiyatsızlıqdan törədilən cinayətləri nəzərdə tutan müvafiq maddələri ilə müqayisəsi də göstərir ki,  qanunverici özünü öldürmə həddinə çatdırma cinayətini qəsdən törədilən cinayət hesab etməklə məsuliyyətin dərəcəsi baxımından ehtiyatsızlıqdan törədilən cinayətlərdən fərqləndirmişdir.

Belə ki, özünü öldürmə həddinə çatdırma cinayətinə görə Cinayət Məcəlləsinin 125-ci maddəsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, ehtiyatsızlıqdan adam öldürməyə görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş təqsirkarın hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində həyatına son qoymaq qərarına şüurlu surətdə gəlməlidir. Özünü öldürmə həddinə çatdırma müəyyən seçim sərbəstliyi nəzərdə tutur, təqsirkarın hərəkətləri nəticəsində zərərçəkmiş öz iradəsi əsasında intihar edir, halbuki başqa cür davranmaq imkanına malikdir. Təqsirkar zərərçəkmişin özünü öldürməsini “təmin” etmir, bunun üçün “mühit” yaradır.

Zərərçəkmişin həyat ilə ölüm arasında seçim imkanı olmadıqda (məsələn, zərərçəkmiş özünü öldürməyə məcbur edildikdə, iztirablı ölüm ilə intihar arasında seçimə məruz qaldıqda və s.) və yaxud  şəxs şüurlu surətdə qərar qəbul etmək, iradəvi hərəkət etmək iqtidarında olmadıqda (azyaşlı uşaq, psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini dərk etməyən və ya onlara rəhbərlik edə bilməyən şəxs) təqsirkarın əməli qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə tövsif edilməlidir. Burada ictimai təhlükəli nəticənin zərərçəkmişin özü tərəfindən icra edilməsi əməlin tövsifinə təsir göstərmir. Çünki belə hallarda təqsirkar şüurlu və azad surətdə davranmaq imkanına malik olmayan zərərçəkmiş şəxsdən onu öldürmək məqsədinə nail olmaq üçün  “vasitə” kimi istifadə edir və zərərçəkmiş şəxsin hərəkətləri müstəqil cinayət-hüquqi məna kəsb etmir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təcrübədə özünü öldürmə həddinə çatdırılmanın ehtiyatsızlıqdan törədilməsi istisna edilmir. Lakin Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün müvafiq əməlin təqsirin qəsd formasında törədilməli olması nəzərdə tutulduğundan, ehtiyatsızlıqdan törədilən əməlin həmin maddə ilə tövsif edilməsi istisna olunur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, yetkinlik yaşına çatmayanların şəxsiyyətinin xüsusiyyətləri (şüurun tam formalaşmaması və emosional qeyri-sabitlik) bu kateqoriyadan olan şəxslərə qarşı törədilən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə nəzərdə tutulan əməlin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında “bullinq” (zərərçəkmişin bir qrup şəxs tərəfindən təzyiq və aqressiv davranışın hədəfi olması) hallarının, həmçinin internet şəbəkəsində  intihara təhrik, sövq edən oyunların, virtual “ölüm qruplarının” yayılması Cinayət Məcəlləsinin 125-ci maddəsinə yeni tərkibin əlavə edilməsi zərurətini yaradır.  

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən yetkinlik yaşına çatmayanları özünü öldürməyə təhrik, sövq, təbliğ və ya köməklik etməyə görə daha ağır cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən, eləcə də Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət və ədalət prinsiplərini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-   Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir;

- Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında  səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1.              Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir.

2.              Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında  səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                            Fərhad Abdullayev