AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair
25 iyul 2022-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
27.2 və 32-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun,
mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının
sədri H.Nəsibovun mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın və həmin fakültənin
Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor
F.Abbasovanın rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək B.Cabarovun Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 127.1-ci maddəsi ilə
təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət
Kollegiyası) 6 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I
hissəsi, 68-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin I və II
hissələri, 127-ci maddəsinin II hissəsinə, Cinayət Məcəlləsinin 73.2-ci
maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra
– Cinayət-Prosessual Məcəlləsi) 8.0.4, 12.1, 12.2, 54, 122.8-ci maddələrinin
müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda
göstərilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində B.Cabarovun ailə münaqişəsi zəminində aralarında yaranmış
mübahisə zamanı həyat yoldaşı S.Cabarovanın sağlamlığına qəsdən az ağır zərər
vurmasına görə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə
dair cinayət işinə baxılmışdır.
Məhkəmə baxışı zamanı S.Cabarova
ərizə ilə müraciət edərək B.Cabarov ilə barışdığını, heç bir şikayət və
tələbinin olmadığını bildirmiş və məhkəmədən cinayət işinin icraatına xitam
verilməsini xahiş etmişdir.
Bakı şəhəri Sabunçu Rayon
Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı ilə B.Cabarov cinayət
məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına Cinayət Məcəlləsinin
73-cü maddəsinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsi həmin
qərarı qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını,
ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və digər halları
nəzərə almışdır.
Bundan sonra S.Cabarova həmin
qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və
təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət
məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.
S.Cabarova apellyasiya şikayətində
bildirmişdir ki, 8 aylıq hamilə olduğu zaman təqsirləndirilən şəxs tərəfindən
təkrar döyülməsi nəticəsində övladı vaxtından əvvəl travma ilə doğulmuş,
həmçinin təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi, ona olunmuş
hədə-qorxu nəticəsində məhkəməyə şikayətinin və tələbinin olmamasına dair ərizə
verdiyi halda məhkəmə bu halları nəzərə almayaraq Cinayət Məcəlləsinin 73-cü
maddəsinə əsasən B.Cabarovu cinayət məsuliyyətindən azad etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya
şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı
dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Cinayət
Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya protesti qismən
təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr
2020-ci il tarixli qərarı dəyişdirilərək təqsirləndirilən şəxs barəsindəki
cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsinin
əsası kimi Cinayət Məcəlləsinin 73-cü maddəsinin əvəzinə həmin Məcəllənin
73.2-ci maddəsi tətbiq edilmişdir.
Prokurorluq sorğusunda B.Cabarovun
Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi
üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarının Konstitusiyanın, Cinayət
və Cinayət-Prosessual Məcəllələrinin müvafiq maddələrinə uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Sorğu ilə əlaqədar Konstitusiya
Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın
130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə və V hissəsinə müvafiq olaraq Ali
Məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktlarının Konstitusiyaya və qanunlara
uyğunluğunun yoxlanılması yalnız konstitusiya ədalət mühakiməsinin subyektləri
arasında müvafiq konstitusiya hüquq mübahisəsinin olması ilə şərtlənir.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu sorğunun mahiyyətinə görə müvafiq
qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması ilə deyil, hüquq
tətbiqetmə təcrübəsi üçün əhəmiyyət kəsb edən hüquq normalarının şərhi ilə
bağlı olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin
xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsini zəruri hesab edir.
Cinayət törətmiş şəxsin dövlət
məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi
qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan
ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi
culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə
tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad
edilə bilər.
Müasir cinayət ədalət mühakiməsi
sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm
məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması,
bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin
sayının azalma prosesidir.
Həmin institutun həyata
keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq
hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual
qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilməsi.
Qeyd edilməlidir ki, cinayət
məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək
olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası
təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq
qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı
təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının
alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur
və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir.
Cinayət
Məcəlləsinin 11-ci fəslində cinayət məsuliyyətindən azad etmənin əsasları
göstərilmiş və bu əsaslar sırasında zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət
məsuliyyətindən azad etmə (Cinayət Məcəlləsinin 73-cü maddəsi) xüsusi yer
tutur.
Qeyd etmək
lazımdır ki, 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu
ilə Cinayət Məcəlləsinin 73-cü maddəsinin mətni 73.1-ci maddə hesab edilmiş və
həmin maddədə “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz edilmiş, həmçinin
Məcəlləyə yeni məzmunlu 73.2-ci maddə əlavə edilmişdir.
Cinayət Məcəlləsinin hazırda qüvvədə
olan 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət
törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya
vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Konstitusiya Məhkəməsi Plenumunun
bir sıra qərarlarında Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bağlı açıqlamalar
verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci
il 15 iyul tarixli Qərarında həmin maddəyə daha geniş təfsir verilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə hazırda qüvvədə olan həmin Məcəllənin
73.1-ci maddəsinin mətnində fərq olmadığını nəzərə alaraq, hazırkı sorğunun
mahiyyəti baxımından Məhkəmənin 2011-ci il 15 iyul tarixli Qərarının bəzi
hüquqi mövqelərinin nəzərdən keçirilməsini zəruri hesab edir.
Qeyd edilən Qərarda Konstitusiya
Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş
zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə
institutu ilə bağlı aşağıdakıları göstərmişdir:
- zərərçəkmiş şəxsin
təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət
məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin
əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət
hüququnda... dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin
özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının)
gücləndirilməsi kimi çıxış edir;
- Cinayət Məcəlləsinin 73-cü
maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir;
- Cinayət Məcəlləsinin 73-cü
maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq
dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki,
aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin
iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə
səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul
edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın
qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən
etmişdir;
- Cinayət Məcəlləsinin 73-cü
maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən
vacib şərtlərindən biridir.
Həmin Qərarda həmçinin qeyd
edilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam
verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:
- barəsində cinayət
təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;
- təqsirləndirilən
şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;
- təqsirləndirilən
şəxs zərərçəkmişlə barışmış olmalıdır.
Göstərilən şərtlərin hamısı mövcud
olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.
Konstitusiya Məhkəməsi Plenumunun
adı çəkilən Qərarındakı Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bağlı olan
hüquqi mövqelər bütövlükdə hazırda qüvvədə olan həmin Məcəllənin 73.1-ci
maddəsinə də aiddir.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət
Məcəlləsinin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki
qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki,
zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız
müəyyən şərtlər daxilində mümkündür.
Qeyd edildiyi kimi, Cinayət
Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən
azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin
törədilməsidir.
Lakin bu zaman cinayət törətmiş
şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə
ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi
zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və
ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və
törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən
hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla
yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət
kəsb edir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsində belə hallar
sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin
zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri
aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə
yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət
məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər.
Bu səbəbdən zərərçəkmiş şəxsin
təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün
qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin
törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı
ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün
halları nəzərə alınmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin
tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş
şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş
zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair
qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini
cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi
müəyyən etmişdir.
Artıq göstərildiyi kimi, 20 oktyabr
2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə
yeni məzmunlu 73.2-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, Cinayət
Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1,
157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs
zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət
məsuliyyətindən azad edilir.
Burada nəzərə almaq lazımdır ki,
Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci
maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti
kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm
dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın
qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini,
həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən
kompensasiyanın ödənilməsini nəzərdə tutur.
Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci
maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət
məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.
Həmin maddələrdə nəzərdə tutulmuş
zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin
cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni
maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir.
Cinayət ilə (cinayət nəticəsində)
zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki
zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə
tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından
gedə bilər.
Maddi zərərə zərərçəkmiş şəxsin
maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin
ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər.
Mənəvi zərər isə zərərçəkmiş şəxsin
mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul
formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür:
məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s.
Cinayət Məcəlləsinin 73-cü
maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət
məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur.
Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət
törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin
mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə
yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır.
Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr
istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa
etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa
olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət
təqibinin aparılmasında israrlı olmamalıdır.
Tərəflərin barışması səbəbindən
cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün
mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir
barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından
imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı
bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də
tanınmasını tələb edir.
Cinayət prosesini həyata keçirən
orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə
gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair
iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə
ifadə edildiyini nəzərə almalıdır.
O da qeyd olunmalıdır ki,
Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinin tələbinə görə, cinayət
prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və
azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə
etməyə hüququ vardır.
Belə ki, Cinayət-Prosessual
Məcəlləsinin 381.1, 383.1.5 və 384.1.3-cü maddələrinin tələblərinə uyğun
olaraq, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış cinayət işi üzrə
icraata xitam verilməsi haqqında qərardan zərərçəkmiş şəxs özünün mənafelərinə
aid hissədə apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna
malikdir.
Odur ki, barışığın cinayət-hüquqi
əhəmiyyətini, şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsinin
təmin edilməsinin və əldə edilmiş barışıqdan hər-hansı sui-istifadə halının
qarşısının alınmasının zəruriliyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan
verilmiş şikayətdə həmin qərarın mübahisələndirilməsinə səbəb olmuş dəlillər
ətraflı göstərilərək hüquqi cəhətdən əsaslandırılmalıdır.
Göstərilənləri nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət
Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş
ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət
məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas
deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata
keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.
Zərərçəkmiş şəxsin təqsirləndirilən
şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə
tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin
ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları
nəzərə alınmalıdır;
- Cinayət Məcəlləsinin 73.2-ci maddəsi
imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini)
törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı
tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz
əsasdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq,
böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə
barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması
onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün
mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini
həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.
Zərərçəkmiş şəxsin təqsirləndirilən
şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə
tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin
ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları
nəzərə alınmalıdır.
2. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan
cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması,
həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad
edilməsi üçün şərtsiz əsasdır.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev