Постановления

25.07.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair

 

                                                        

25 iyul 2022-ci il                                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini,  maraqlı subyektlərin nümayəndələri  Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın və həmin fakültənin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək B.Cabarovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 6 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi, 68-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin I və II hissələri, 127-ci maddəsinin II hissəsinə, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 8.0.4, 12.1, 12.2, 54, 122.8-ci maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində B.Cabarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı S.Cabarovanın sağlamlığına qəsdən az ağır zərər vurmasına görə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmışdır.

Məhkəmə baxışı zamanı S.Cabarova ərizə ilə müraciət edərək B.Cabarov ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı ilə B.Cabarov cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsi həmin qərarı qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və digər halları nəzərə almışdır.

Bundan sonra S.Cabarova həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.

S.Cabarova apellyasiya şikayətində bildirmişdir ki, 8 aylıq hamilə olduğu zaman təqsirləndirilən şəxs tərəfindən təkrar döyülməsi nəticəsində övladı vaxtından əvvəl travma ilə doğulmuş, həmçinin təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi, ona olunmuş hədə-qorxu nəticəsində məhkəməyə şikayətinin və tələbinin olmamasına dair ərizə verdiyi halda məhkəmə bu halları nəzərə almayaraq Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən B.Cabarovu cinayət məsuliyyətindən azad etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Cinayət Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsinin əsası kimi Cinayət Məcəlləsinin 73-cü maddəsinin əvəzinə həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmişdir.

Prokurorluq sorğusunda B.Cabarovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarının Konstitusiyanın, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə və V hissəsinə müvafiq olaraq Ali Məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması yalnız konstitusiya ədalət mühakiməsinin subyektləri arasında müvafiq konstitusiya hüquq mübahisəsinin olması ilə şərtlənir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu sorğunun mahiyyətinə görə müvafiq qərarın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması ilə deyil, hüquq tətbiqetmə təcrübəsi üçün əhəmiyyət kəsb edən hüquq normalarının şərhi ilə bağlı olduğunu nəzərə alaraq, Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsini zəruri hesab edir.

Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir.

 Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə  nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi.

Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. 

Cinayət Məcəlləsinin 11-ci fəslində cinayət məsuliyyətindən azad etmənin əsasları göstərilmiş və bu əsaslar sırasında zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə (Cinayət Məcəlləsinin 73-cü maddəsi) xüsusi yer tutur.

Qeyd etmək lazımdır ki, 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 73-cü maddəsinin mətni 73.1-ci maddə hesab edilmiş və həmin maddədə “İlk dəfə böyük” sözləri “Böyük” sözü ilə əvəz edilmiş, həmçinin Məcəlləyə yeni məzmunlu 73.2-ci maddə əlavə edilmişdir.

Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bağlı açıqlamalar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında həmin maddəyə daha geniş təfsir verilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə hazırda qüvvədə olan həmin Məcəllənin 73.1-ci maddəsinin mətnində fərq olmadığını nəzərə alaraq, hazırkı sorğunun mahiyyəti baxımından Məhkəmənin 2011-ci il 15 iyul tarixli Qərarının bəzi hüquqi mövqelərinin nəzərdən keçirilməsini zəruri hesab edir.

Qeyd edilən Qərarda  Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir:

- zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda...  dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir;

- Cinayət Məcəlləsinin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir;

- Cinayət Məcəlləsinin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir;

- Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir.

Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:

-              barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;

-              təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;

-              təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır.

Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.

Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarındakı Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bağlı olan hüquqi mövqelər bütövlükdə hazırda qüvvədə olan həmin Məcəllənin 73.1-ci maddəsinə də aiddir.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür.

Qeyd edildiyi kimi, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir.

Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan  (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin  73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər.

Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir.  

Artıq göstərildiyi kimi, 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunlu 73.2-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Burada nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur.

Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.

Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir.

Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər.

Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər.

Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s.

Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır.  

Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir.

Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır.

O da qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinin tələbinə görə, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 381.1, 383.1.5 və 384.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan zərərçəkmiş şəxs özünün mənafelərinə aid hissədə apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdir.

Odur ki, barışığın cinayət-hüquqi əhəmiyyətini, şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin edilməsinin və əldə edilmiş barışıqdan hər-hansı sui-istifadə halının qarşısının alınmasının zəruriliyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan verilmiş şikayətdə həmin qərarın mübahisələndirilməsinə səbəb olmuş dəlillər ətraflı göstərilərək hüquqi cəhətdən əsaslandırılmalıdır. 

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-              Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. 

Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır;

- Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. 

Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.  

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                       Fərhad Abdullayev