AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
5 aprel
2021-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev
(sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov,
Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında “Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin şikayətini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Seymur” İstehsalat Kommersiya Birliyi (bundan
sonra – “Seymur” İKB) Həsən Əliyevə qarşı ona məxsus Xaçmaz rayonu Xudat şəhəri
“Nəsimi” adına sovxozun mərkəzi malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999
kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz
olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək ərazinin boşaldılması, cavabdehə
verilmiş 12 dekabr 2015-ci il tarixli
çıxarışın ləğv edilməsi tələbi ilə, H.Əliyev isə “Seymur” İKB-yə qarşı Azərbaycan
Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki
İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (bundan sonra – Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət
Hüquqlarının Qeydiyyatı İdarəsi) tərəfindən 29 mart 2005-ci il tarixində həmin
tikililərə dair verilmiş Texniki Pasportda tikililərin 999 kv.m torpaq sahəsində
yerləşməsi haqda qeydin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi
ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişlər.
Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il
tarixli qətnaməsi ilə “Seymur” İKB-nin iddiası rədd edilmiş, qarşılıqlı iddia
isə təmin olunmuşdur.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi
ilə “Seymur” İKB-nin apellyasiya şikayəti
qismən təmin edilmiş, iş üzrə Xaçmaz
Rayon Məhkəməsinin qətnaməsi Texniki Pasportda müvafiq qeydin etibarsız hesab
edilməsi hissəsində ləğv edilərək həmin hissədə ayrıca qərardad qəbul olunmuş, qətnamə
qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin tarixli qərardadı
ilə Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi
qarşılıqlı iddia tələbinin təmin edilməsi və qeydin etibarsız hesab olunması
hissəsində ləğv edilmiş, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 iyun
2018-ci il tarixli qərarı ilə “Seymur” İKB-nin kassasiya şikayəti təmin
olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ilk iddianın rədd
olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilmiş, “Seymur” İKB-nin iddiası təmin olunmuş, cavabdehin
“Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində
inşa edilmiş hasar və digər tikililərin onun hesabına sökülərək ərazinin boşaldılması,
H.Əliyevin adına verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi
qət edilmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 10 aprel
2019-cu il tarixli qərarı ilə H.Əliyevin kassasiya şikayəti təmin olunmuş,
apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv
edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 7 avqust 2019-cu il tarixli qətnaməsi ilə
“Seymur” İKB-nin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin
19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi
hissəsində dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr
2019-cu il tarixli qərarı ilə “Seymur”
İKB-nin kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin 9 sentyabr 2020-ci il tarixli qərardadı
ilə “Seymur” İKB-nin əlavə kassasiya
şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina
olunmuşdur.
“Seymur” İKB Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan
sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Ərizəçi
şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan
Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 46, 48, 84, 109,
111-ci maddələri və 88-ci maddəsinin
3-cü bəndi, “Torpaq islahatı haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) 9 və
25-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş
mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı mülkiyyət
hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun yaranması əsaslarını və
qaydalarını müəyyən edən qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri
hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır
və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur
(Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).
Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya)
öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək
üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin
yaranması qaydası, eləcə də torpaq münasibətlərinin tənzimlənməsi Konstitusiya,
mülki, torpaq və digər qanunvericilik aktları ilə müəyyən olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci
maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir.
Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin
müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi,
torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin
yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s.
Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və
onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq
sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət
qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu,
rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi
başa düşülür.
Azərbaycan Respublikasında torpaq sahəsi üzərində
dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri
bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri
- dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə
mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə
olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və
hüquqi şəxsləridir.
Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi
mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı,
vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı
digər əqdlər əsasında yaranır.
Torpaq Məcəlləsində daşınmaz əmlaka dair əqdlərin
bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin
xüsusiyyətləri də müəyyən edilmişdir. Belə ki, bu Məcəllənin 88-ci maddəsinə
əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa
şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin
şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan
həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və
məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Dövlət və ya bələdiyyə
mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər)
qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz
əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma
hüququ ilə icarəyə verilir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və
həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya
mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq
sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir.
Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə
üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq
edilmiş “Özəlləşdirilən müəssisə ve obyektlərin yerləşdiyi torpaq sahələrin
satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət
müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların
texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan
torpaqlar nəzərdə tutulur.
Bununla
yanaşı qeyd olunmalıdır ki, torpaq islahatının həyata keçirilməsini təmin edən
Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında verilən qeydiyyat vəsiqəsi
daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsaslarından biri kimi çıxış
edir.
Belə
ki, “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il
iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən
aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin
Qanunun 8.0.5-ci maddəsinə əsasən isə 2006-cı il iyulun 6-dək müvafiq
icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları
təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür
ki, 9 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Həmid Məmmədov
Xudat şəhəri “Nəsimi” adına sovxozun mərkəzi malikanəsində O.Mirzəyev küçəsində
999 kv.m torpaq sahəsində yerləşən 121.1 kv.m əsas ticarət sahəsini və 16.1
kv.m univermaq-anbar binasını “Seymur” İKB-yə satmışdır. Baş Dövlət Texniki
İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən
verilmiş 29 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli
ünvanda yerləşən univermaq-anbar binası “Seymur” İKB-nin adına qeydiyyatdan keçmiş
və həmin İdarə tərəfindən verilmiş eyni tarixli qeyri-yaşayış binasının Texniki
Pasportunda univermaq-anbar binasının 999 kv.m torpaq sahəsində yerləşdiyi göstərilmişdir.
İş materiallarından həmçinin görünür ki, hazırkı
mübahisə üzrə cavabdeh H.Əliyev vaxtilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək
Xudat Bələdiyyəsi tərəfindən ona satılacaq torpaq sahəsi ilə əlaqədar müvafiq sənədlərin
hazırlanaraq həmin bələdiyyəyə təqdim edilməsinin Azərbaycan Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə tapşırılması barədə
iddia qaldırmışdır.
Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli
qətnaməsi ilə iddia tələbi təmin
edilmişdir.
H.Məmmədov Xudat Bələdiyyəsi tərəfindən H.Əliyevə
satılacaq torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu və “Seymur”
İKB-yə satdığını göstərərək maraqlarına toxunan şəxs kimi Xaçmaz Rayon Məhkəməsinin
18 may 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək göstərmişdir
ki, həmin torpaq sahəsi onun mülkiyyətinə “Nəsimi” adına sovxozun Aqrar İslahat
Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə verilmiş, 28
sentyabr 1998-ci ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi almış və
qeyri-yaşayış binasının Texniki Pasportunda əmlakın 999 kv.m torpaq sahəsində
yerləşdiyi qeyd olunmuşdur.
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16
fevral 2005-ci il tarixli qətnaməsi ilə iş üzrə maraqlı şəxs H.Məmmədovun
apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsi qətnaməsində
göstərmişdir ki, “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının qeyd
olunan qərarına əsasən H.Məmmədova “Rəsul” Birgə Təsərrüfatının
balansında olan univermaq-anbar həyətyanı ərazisi ilə birlikdə satılmış, mübahisəli
torpaq sahəsi H.Məmmədova satılmış univermaq-anbarın altında yerləşməklə onun
istifadəsində olmuş və sonuncu torpaq vergisi ödəmişdir. Lakin həmin torpağın bələdiyyənin
mülkiyyətində olması və yalnız onun tərəfindən satıla bilməsi əsas gətirilərək
apellyasiya şikayəti təmin olunmamışdır.
Məhz göstərilən məhkəmə mübahisəsindən sonra H.Əliyev
Xaçmaz rayon Xudat
Bələdiyyəsinin qərarına əsasən 0,02 ha həyətyanı
torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi barədə 20 aprel 2006-cı il
tarixli şəhadətnamə və 12 dekabr 2015-ci il tarixində isə həmin torpaq sahəsinə
dair çıxarış almışdır.
Müvafiq əmlaka dair 9 fevral 2004-cü il tarixli
alğı-satqı müqaviləsi əsasında hüquqlar əldə etmiş “Seymur”
İKB mübahisəli torpaq sahəsinin və üzərində olan tikililərin onun xüsusi
mülkiyyətində olduğunu əsas gətirərək H.Əliyevin adına verilmiş çıxarışın ləğv
edilməsi və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Qeyd olunmalıdır ki, hazırkı işə apellyasiya və
kassasiya instansiyası məhkəmələrində dəfələrlə baxılaraq müxtəlif qərarlar qəbul
edilmişdir.
İşə məhkəmələr tərəfindən baxılarkən “Seymur”
İKB-nin vəsatəti əsasında keçirilmiş çoxsaylı ekspertiza və mütəxəssis rəylərində
“Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin 387.3 kv.m torpaq sahəsindən
H.Əliyevin istifadə etdiyi, H.Əliyevin istifadə etdiyi torpaq sahəsinin
“Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin cənub istiqamətinə düşdüyü və
həmin hissənin geri qaytarılmasının mümkün olduğu, torpağın H.Əliyevin mülkiyyətinə
verilməsinə dair şəhadətnamənin elektron məlumat bazasında aşkar olunmadığı, həmçinin
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən, Baş Dövlət Texniki İnventarlaşdırma
və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Seymur” İKB-yə
verilmiş 29 mart 2005-ci il tarixli Texniki Pasportda qeyd edilmiş 999 kv.m
torpaq sahəsi ilə cavabdeh H.Əliyevə verilmiş 12 dekabr 2015-ci il tarixli
çıxarışda göstərilmiş 0,02 ha torpaq sahəsinin üst-üstə düşdüyü qeyd
edilmişdir.
Həmçinin işə əlavə edilmiş Xaçmaz rayon Xudat Bələdiyyəsinin
müxtəlif tarixli məktublarında “Nəsimi” adına sovxozun Aqrar İslahat
Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə H.Məmmədova həmin
sovxozun mərkəzi malikanəsində yerləşən univermaq-anbar binasının özəlləşdirilərək
satıldığı, özəlləşdirilmiş tikintinin Xudat Bələdiyyəsində 2000-ci ildən şəxsi
hesabla özəlləşdirilən tikili və
altındakı torpaq sahəsi kimi qeydiyyata alındığı, ona torpaq və əmlak vergisi
hesablandığı, eləcə də həmin torpaq sahəsinin Xudat Bələdiyyəsinin mülkiyyətində
olmadığı vurğulanmışdır.
Kassasiya instansiyası məhkəməsi 29 iyun 2018-ci il
tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd
olunan və işə əlavə edilmiş ekspert və mütəxəssis rəylərinin qanunun tələblərinə
əsasən qiymətləndirilmədiyini, mübahisəli 387.3 kv.m torpaq sahəsinin hüquqi vəziyyətinin,
statusunun dəqiqləşdirilmədiyini, zərurət olduğu halda müvafiq orqanların nümayəndələrinin
məhkəmə iclasına çağırılıb rəyi alınmadan qərar qəbul edildiyini, cavabdehin
qanuni mülkiyyətində 0,02 ha torpaq sahəsi olmasına baxmayaraq onun faktiki
olaraq 387.3 kv.m torpaq sahəsindən istifadə etməsinə diqqət yetirməməklə,
qalan torpaq sahəsinə qanunsuz yiyələnməsi üçün əsas yaradıldığını göstərərək
işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır.
İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsinin qeyri-yaşayış binasının əvvəllər Xaçmaz rayonu
“Nəsimi” adına sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilməsi
qaydasında H.Məmmədovun mülkiyyətinə verilməsini, sözügedən qeyri-yaşayış
binasına mülkiyyət hüququ iddiaçıya keçərkən torpaq sahəsinə hüquqların da ona
keçdiyini nəzərə almadan tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə səhv qənaətə gəldiyini,
həmçinin H.Əliyevin adına verilmiş şəhadətnamə elektron bazada olmadığı halda,
həmin sənəd əsasında çıxarış verildiyini, cavabdeh H.Əliyevin mülkiyyətində
olan 0,02 ha torpaq sahəsinin mübahisəli ərazidə deyil, onun evinin pəncərəsinin
qabağında yerləşdiyini əsas gətirərək həmin məhkəmənin qətnaməsini ləğv etmiş və
ilk iddianı təmin etmişdir.
Daha sonra işə kassasiya və apellyasiya
instansiyası məhkəmələri tərəfindən təkrar baxılmış, son nəticədə apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qanuni qüvvəyə
minmiş Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsinin
preyudisiallığına istinad edərək iddiaçının univermaq-anbar binasını alsa da,
onun altındakı torpağı almadığını, həmin torpağın bələdiyyənin mülkiyyətində
olduğunu, iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsində və Texniki Pasportda
qeyri-yaşayış binasının 999 kv.m torpaq sahəsində yerləşməsi barədə qeydin
iddianın təmin edilməsi üçün əsas olmadığını göstərmişdir.
İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin
kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyini müəyyən edən 420-ci maddəsinə
əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən
göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunvericiliklə
kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin
məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol
verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının
qarşısının alınmasından ibarətdir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli
əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə
işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur.
Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə
riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin
qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin
qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və
aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin
şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
Hazırkı iş üzrə isə kassasiya instansiyası məhkəməsi
tərəfindən yuxarıda qeyd olunan göstərişlər verilsə də, son nəticədə işə baxan
məhkəmələr həmin göstərişləri icra etməmiş, mülki prosessual qanunvericiliyin tələblərinə əməl
etməyərək mübahisənin qanuni və ədalətli həlli üçün lazımi tədbirlər görməmişlər.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə
baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının
preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək bir daha
qeyd edir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı
hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak
edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə
onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin
82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər
tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut
edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan
mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin
tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz.
Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq
deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə
aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv
hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl
baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin
eyniliyini şərtləndirir.
Beləliklə, preyudisiallıq institutu yalnız işdə
iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini
istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə
minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu
zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə
malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb
edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu
il 24 iyul tarixli Qərarı).
Həmçinin Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə
uyğun olaraq, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu
aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və
qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri
imkanını istisna etmir.
Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən
qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş
faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki
Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə
qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş,
tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak
edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən
sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı
il 23 fevral tarixli Qərarı).
Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi
hazırkı və əvvəlki iş üzrə tərəflərin eyni olmadığına, iddiaçının əvvəl
baxılmış iş üzrə işdə iştirak edən şəxs qismində iştirak etmədiyinə diqqət
yetirməyərək Mülki Prosessual Məcəllənin 15.4, 82.3 və 233.3-cü maddələrini
düzgün təfsir etməmiş və məhkəmə qərarının preyudisiallığı ilə bağlı
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almayaraq
iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən, qanunla nəzərdə tutulmuş
qaydada yoxlanılmamış və qiymətləndirilməmiş faktlara istinad etməklə müvafiq
tələb irəl sürmək üçün subyektiv hüququnun olmadığını göstərməklə ərizəçinin
mülkiyyət
hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir.
Kassasiya
instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin
416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və
ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi
üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud
qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki
Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri).
Ali
Məhkəmənin Mülki Kollegiyası isə qanunvericilik normalarının düzgün tətbiq
edilmədiyini və məhkəmə qərarının preyudisiallığı ilə bağlı normaların səhv
təfsir olunduğunu nəzərə almayaraq maddi
və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya
instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla da
ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və
hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
Bununla
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işə məhkəmələrdə 4 il ərzində
dəfələrlə baxılaraq müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir
daha diqqətə çatdırmağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması
hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan
müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan
müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses
iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi
məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq
olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir.
Eyni işə
dəfələrlə məhkəmələr tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin
təyinatına, məhkəmə hüquq islahatlarının məqsədlərinə, ədalət mühakiməsini
həyata keçirən məhkəmələrin qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək
məhkəmənin nüfuzuna mənfi təsir göstərir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci
il 11 dekabr tarixli Qərarı).
Yuxarıda göstərilənləri nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Seymur”
İKB-nin H.Əliyevə qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin
sahədə qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək ərazinin boşaldılması, cavabdehə verilmiş 12
dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi və s. barədə mülki iş
üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarı Konstitusiyanın
29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Seymur” İstehsalat
Kommersiya Birliyinin Həsən Əliyevə qarşı cavabdehin ona məxsus torpaq sahəsindən
çıxarılması, həmin sahədə qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin
sökülərək ərazinin boşaldılması, cavabdehə verilmiş 12 dekabr 2015-ci il
tarixli çıxarışın ləğv edilməsi tələbi və s. barədə mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli
qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu
gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna
bilməz.
Sədr Fərhad Abdullayev