Постановления

05.04.21 “Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

5 aprel 2021-ci  il                                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Seymur” İstehsalat Kommersiya Birliyi (bundan sonra – “Seymur” İKB) Həsən Əliyevə qarşı ona məxsus Xaçmaz rayonu Xudat şəhəri “Nəsimi” adına sovxozun mərkəzi malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək  ərazinin boşaldılması, cavabdehə verilmiş  12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi ilə, H.Əliyev isə “Seymur” İKB-yə qarşı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (bundan sonra –  Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) tərəfindən 29 mart 2005-ci il tarixində həmin tikililərə dair verilmiş Texniki Pasportda tikililərin 999 kv.m torpaq sahəsində yerləşməsi haqda qeydin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişlər.

Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə “Seymur” İKB-nin iddiası rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunmuşdur.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə “Seymur” İKB-nin apellyasiya  şikayəti qismən  təmin edilmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi Texniki Pasportda müvafiq qeydin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək həmin hissədə ayrıca qərardad qəbul olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi və qeydin etibarsız hesab olunması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 29 iyun 2018-ci il tarixli qərarı ilə “Seymur” İKB-nin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, “Seymur” İKB-nin iddiası təmin olunmuş, cavabdehin “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş hasar və digər tikililərin onun hesabına sökülərək ərazinin boşaldılması, H.Əliyevin adına verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə H.Əliyevin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qətnaməsi ilə “Seymur” İKB-nin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarı ilə  “Seymur” İKB-nin kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin 9 sentyabr 2020-ci il tarixli qərardadı ilə “Seymur” İKB-nin əlavə  kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur.

“Seymur” İKB Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

 Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 46, 48, 84, 109, 111-ci maddələri və  88-ci maddəsinin 3-cü bəndi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) 9 və 25-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın  29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun yaranması əsaslarını və qaydalarını müəyyən edən qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.  Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).

Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası, eləcə də torpaq münasibətlərinin tənzimlənməsi Konstitusiya, mülki, torpaq və digər qanunvericilik aktları ilə müəyyən olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir.

Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür.

Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır.

Torpaq Məcəlləsində daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri də müəyyən edilmişdir. Belə ki, bu Məcəllənin 88-ci maddəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Azərbaycan Respublikası Prezidentinin  19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə ve obyektlərin yerləşdiyi torpaq sahələrin satılması qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

Bununla yanaşı qeyd olunmalıdır ki, torpaq islahatının həyata keçirilməsini təmin edən Aqrar İslahat Komissiyasının qərarı və onun əsasında verilən qeydiyyat vəsiqəsi daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi əsaslarından biri kimi çıxış edir.

Belə ki, “Daşınmaz  əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən isə  2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 9 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Həmid Məmmədov Xudat şəhəri “Nəsimi” adına sovxozun mərkəzi malikanəsində O.Mirzəyev küçəsində 999 kv.m torpaq sahəsində yerləşən 121.1 kv.m əsas ticarət sahəsini və 16.1 kv.m univermaq-anbar binasını “Seymur” İKB-yə satmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli ünvanda yerləşən univermaq-anbar binası “Seymur” İKB-nin adına qeydiyyatdan keçmiş və həmin İdarə tərəfindən verilmiş eyni tarixli qeyri-yaşayış binasının Texniki Pasportunda univermaq-anbar binasının 999 kv.m torpaq sahəsində yerləşdiyi  göstərilmişdir.

İş materiallarından həmçinin görünür ki, hazırkı mübahisə üzrə cavabdeh H.Əliyev vaxtilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Xudat Bələdiyyəsi tərəfindən ona satılacaq torpaq sahəsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanaraq həmin bələdiyyəyə təqdim edilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə tapşırılması barədə iddia qaldırmışdır.

Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi ilə  iddia tələbi təmin edilmişdir.

H.Məmmədov Xudat Bələdiyyəsi tərəfindən H.Əliyevə satılacaq torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu və “Seymur” İKB-yə satdığını göstərərək maraqlarına toxunan şəxs kimi Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək göstərmişdir ki, həmin torpaq sahəsi onun mülkiyyətinə “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə verilmiş, 28 sentyabr 1998-ci ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi almış və qeyri-yaşayış binasının Texniki Pasportunda əmlakın 999 kv.m torpaq sahəsində yerləşdiyi qeyd olunmuşdur.

Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2005-ci il tarixli qətnaməsi ilə iş üzrə maraqlı şəxs H.Məmmədovun apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının qeyd olunan qərarına əsasən H.Məmmədova “Rəsul” Birgə Təsərrüfatının balansında olan univermaq-anbar həyətyanı ərazisi ilə birlikdə satılmış, mübahisəli torpaq sahəsi H.Məmmədova satılmış univermaq-anbarın altında yerləşməklə onun istifadəsində olmuş və sonuncu torpaq vergisi ödəmişdir. Lakin həmin torpağın bələdiyyənin mülkiyyətində olması və yalnız onun tərəfindən satıla bilməsi əsas gətirilərək apellyasiya şikayəti təmin olunmamışdır.

Məhz göstərilən məhkəmə mübahisəsindən sonra H.Əliyev Xaçmaz rayon Xudat  Bələdiyyəsinin qərarına əsasən 0,02 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi barədə 20 aprel 2006-cı il tarixli şəhadətnamə və 12 dekabr 2015-ci il tarixində isə həmin torpaq sahəsinə dair çıxarış almışdır.

Müvafiq əmlaka dair 9 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsi əsasında hüquqlar əldə etmiş “Seymur” İKB mübahisəli torpaq sahəsinin və üzərində olan tikililərin onun xüsusi mülkiyyətində olduğunu əsas gətirərək H.Əliyevin adına verilmiş çıxarışın ləğv edilməsi və s. iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Qeyd olunmalıdır ki, hazırkı işə apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəfələrlə baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir.

İşə məhkəmələr tərəfindən baxılarkən “Seymur” İKB-nin vəsatəti əsasında keçirilmiş çoxsaylı ekspertiza və mütəxəssis rəylərində “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin 387.3 kv.m torpaq sahəsindən H.Əliyevin istifadə etdiyi, H.Əliyevin istifadə etdiyi torpaq sahəsinin “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin cənub istiqamətinə düşdüyü və həmin hissənin geri qaytarılmasının mümkün olduğu, torpağın H.Əliyevin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin elektron məlumat bazasında aşkar olunmadığı, həmçinin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Seymur” İKB-yə verilmiş 29 mart 2005-ci il tarixli Texniki Pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi ilə cavabdeh H.Əliyevə verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışda göstərilmiş 0,02 ha torpaq sahəsinin üst-üstə düşdüyü qeyd edilmişdir.

Həmçinin işə əlavə edilmiş Xaçmaz rayon Xudat Bələdiyyəsinin müxtəlif tarixli məktublarında “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə H.Məmmədova həmin sovxozun mərkəzi malikanəsində yerləşən univermaq-anbar binasının özəlləşdirilərək satıldığı, özəlləşdirilmiş tikintinin Xudat Bələdiyyəsində 2000-ci ildən şəxsi hesabla  özəlləşdirilən tikili və altındakı torpaq sahəsi kimi qeydiyyata alındığı, ona torpaq və əmlak vergisi hesablandığı, eləcə də həmin torpaq sahəsinin Xudat Bələdiyyəsinin mülkiyyətində olmadığı vurğulanmışdır.

Kassasiya instansiyası məhkəməsi 29 iyun 2018-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan və işə əlavə edilmiş ekspert və mütəxəssis rəylərinin qanunun tələblərinə əsasən qiymətləndirilmədiyini, mübahisəli 387.3 kv.m torpaq sahəsinin hüquqi vəziyyətinin, statusunun dəqiqləşdirilmədiyini, zərurət olduğu halda müvafiq orqanların nümayəndələrinin məhkəmə iclasına çağırılıb rəyi alınmadan qərar qəbul edildiyini, cavabdehin qanuni mülkiyyətində 0,02 ha torpaq sahəsi olmasına baxmayaraq onun faktiki olaraq 387.3 kv.m torpaq sahəsindən istifadə etməsinə diqqət yetirməməklə, qalan torpaq sahəsinə qanunsuz yiyələnməsi üçün əsas yaradıldığını göstərərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır.

İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyri-yaşayış binasının əvvəllər Xaçmaz rayonu “Nəsimi” adına sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilməsi qaydasında H.Məmmədovun mülkiyyətinə verilməsini, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçıya keçərkən torpaq sahəsinə hüquqların da ona keçdiyini nəzərə almadan tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa  malik olmaması barədə səhv qənaətə gəldiyini, həmçinin H.Əliyevin adına verilmiş şəhadətnamə elektron bazada olmadığı halda, həmin sənəd əsasında çıxarış verildiyini, cavabdeh H.Əliyevin mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin mübahisəli ərazidə deyil, onun evinin pəncərəsinin qabağında yerləşdiyini əsas gətirərək həmin məhkəmənin qətnaməsini ləğv etmiş və ilk iddianı təmin etmişdir.

Daha sonra işə kassasiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən təkrar baxılmış, son nəticədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsinin preyudisiallığına istinad edərək iddiaçının univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almadığını, həmin torpağın bələdiyyənin mülkiyyətində olduğunu, iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsində və Texniki Pasportda qeyri-yaşayış binasının 999 kv.m torpaq sahəsində yerləşməsi barədə qeydin iddianın təmin edilməsi üçün əsas olmadığını göstərmişdir.

İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyini müəyyən edən 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

Hazırkı iş üzrə isə kassasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan göstərişlər verilsə də, son nəticədə işə baxan məhkəmələr həmin göstərişləri icra etməmiş, mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həlli üçün lazımi tədbirlər görməmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək bir daha qeyd edir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir.  Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı).

Həmçinin Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə uyğun olaraq, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.  Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı).

Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı və əvvəlki iş üzrə tərəflərin eyni olmadığına, iddiaçının əvvəl baxılmış iş üzrə işdə iştirak edən şəxs qismində iştirak etmədiyinə diqqət yetirməyərək Mülki Prosessual Məcəllənin 15.4, 82.3 və 233.3-cü maddələrini düzgün təfsir etməmiş və məhkəmə qərarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almayaraq iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən, qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmamış və qiymətləndirilməmiş faktlara istinad etməklə müvafiq tələb irəl sürmək üçün subyektiv hüququnun olmadığını göstərməklə ərizəçinin mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir.

Kassasiya instansiyasında işə baxmanın hədlərini müəyyən edən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri).

Ali Məhkəmənin Mülki Kollegiyası isə qanunvericilik normalarının düzgün tətbiq edilmədiyini və məhkəmə qərarının preyudisiallığı ilə bağlı normaların səhv təfsir  olunduğunu nəzərə almayaraq maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işə məhkəmələrdə 4 il ərzində dəfələrlə baxılaraq müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir daha diqqətə çatdırmağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir.

  Eyni işə dəfələrlə məhkəmələr tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin təyinatına, məhkəmə hüquq islahatlarının məqsədlərinə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək məhkəmənin nüfuzuna mənfi təsir göstərir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli Qərarı).

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Seymur” İKB-nin H.Əliyevə qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin sahədə qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək  ərazinin boşaldılması, cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi və s. barədə mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Seymur” İstehsalat Kommersiya Birliyinin Həsən Əliyevə qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin sahədə qanunsuz olaraq tikilmiş hasarın və digər tikililərin sökülərək ərazinin boşaldılması, cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışın ləğv edilməsi tələbi və s. barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                       Fərhad Abdullayev