AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R
I
Q.Məmmədovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4
mart 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
11
fevral 2020-ci Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçi Qaçay Məmmədov və vəkili Rəşad İldırımzadənin iştirakı
ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə
icraatı qaydasında açıq məhkəmə iclasında Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 4 mart 2019-cu il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M
Ü Ə Y Y Ə N E T D İ:
Q.Məmmədov cavabdehlər Kərim
Gülməmmədov, Azər Məmmədov, Vüqar Rəhimov, üçüncü şəxslər “TERM” kompaniyası,
“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt şəhəri 1 saylı Notariat
Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə
qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət
qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi
ilə məhkəməyə müraciət etmişdir.
Sumqayıt Şəhər Məhkəməsinin
14 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi
Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ilə Q.Məmmədovun apellyasiya şikayəti
qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddianın təmin
olunması qət edilmişdir.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki
Kollegiyası) 3 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv
edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi
Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Q.Məmmədov Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu
il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi hesab edir ki,
kassasiya instansiyası məhkəməsi tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit
edilmiş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları
pozulmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Konstitusiyanın
13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə
görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük
verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka
sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək
hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Mülkiyyət hüququ
hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair
beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci
maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və
s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur.
Mülkiyyət hüququ “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan
sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini
tapmışdır.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli
Qərarının 63-64-cü bəndlərində qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci
maddəsində hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun təsbit
edilməsi, mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat vermiş olur.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan
Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş
səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz
tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan
istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə
müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin
hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən
təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin
müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına
uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il
26 sentyabr tarixli Qərar).
Ayrılmaz və bölünməz
əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən
təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik,
mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə
azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə
isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun
K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Mülki
işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Q.Məmmədov
ilə “TERM” kompaniyası arasında Sumqayıt şəhəri 44-cü məhəllə, ev 3 ünvanında
inşa edilmiş yaşayış binasının ümumi sahəsi 87 kv.m olan 2 otaqlı 25 saylı mənzilinin
satışına dair 4 fevral 2005-ci il tarixli müqavilə bağlanmış, Q.Məmmədov müqavilə şərtlərinə
əməl edərək mənzilin dəyərini
tam ödəmişdir. Həmin müqavilə ləğv edilməmiş və qüvvədədir, mübahisəli mənzil
isə Q.Məmmədovun istifadəsindədir. Q.Məmmədovun
mənzildən imtinaya dair heç bir ərizəsi olmadan “TERM” kompaniyasının direktoru
V.Rəhimov həmin mənzili 2013-cü ildə qaynatası K.Gülməmmədova, sonuncu isə 7
mart 2013-cü il tarixində mənzili A.Məmmədova (V.Rəhimovun bibisi oğlu)
satmışdır.
Birinci instansiya məhkəməsi A.Məmmədovu
qanuni əsaslarla mənzilin alıcısı hesab edərək iddianı təmin etməmişdir.
Apellyasiya instansiyası məhkəməsi Q.Məmmədovla “TERM”
kompaniyası arasında bağlanmış müqavilənin qüvvədə olmasına, onun mənzil üzərində
istifadə və sahiblik hüququnu əldə etməsinə, cinayət işində V.Rəhimovun mənzil
barəsində sərəncam vermək hüququnun olmaması və iş üzrə cavabdehlər arasındakı
bütün alğı-satqı müqavilələrinin görünüş üçün bağlanması faktlarının təsdiqini
tapmasına əsaslanaraq iddianı təmin etmişdir.
Kassasiya
instansiyası məhkəməsi mübahisəli mənzilin A.Məmmədov tərəfindən alınmasının qanuni əsaslarla aparıldığına və
bunun apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamasına istinad
edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
Kassasiya instansiyası məhkəməsinin
göstərişlərinə əməl edərək ikinci dəfə işə baxmış apellyasiya instansiyası
məhkəməsi
iddianı təmin etməmişdir.
Qeyd
olunmalıdır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs
(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti
etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli
və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ vardır.
Mülki Məcəllənin
389.1-ci
maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi
və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata
keçirilir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25
oktyabr tarixli Qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar
qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü
arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti
ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə
mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini,
kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil
verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən
kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən
orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik,
istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək
hüququ yaradır. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər
kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam
verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın
dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə
edirlər.
Yuxarıda qeyd edildiyi
kimi, mübahisəli mənzilin dəyərini tam ödəməklə Q.Məmmədov həmin əmlaka
sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. V.Rəhimovun isə “TERM” kompaniyası
adından mubahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə
olan halda, “TERM” kompaniyasının direktoru V.Rəhimovun başqasına məxsus əşya
(mənzil) barədə sərəncam verməsi (həmin mənzilin K. Gülməmmədova satılması)
mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.
Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq
münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə
borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki,
fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə
həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə
edilməsinə yol verilmir.
Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas
şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla,
lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və
vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,
yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və
Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər
olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə
müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
Bununla yanaşı qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş Bakı
Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmü və Sumqayıt
Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli qərarından
görünür ki, V.Rəhimov mübahisəli mənzilin “Term” kompaniyası tərəfindən Q.Məmmədova
satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan
sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə
həmin mənzilin K.Gülməmmədova məxsus olması barədə saxta maliyyə arayışı və “ətraflı”
arayışları tərtib edərək K.Gülməmmədovun adına “hüquqların dövlət qeydiyyatı
haqqında” çıxarış almış, sonradan mənzilin gohumu A.Məmmədova satılmasını və
“Bank Respublika” ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə
25.000 (iyirmi beş min) manat ipoteka krediti rəsmiləşdirilməsini təşkil etmiş
və həmin vəsaiti özünün şəxsi ehtiyacları üçün sərf etmişdir.
Mənzilə dair “TERM” kompaniyası adından K.Gülməmmədov ilə
bağlanmış alğı-satqı müqaviləsi, eləcə də K.Gülməmmədov ilə A.Məmmədov arasında
bağlanmış alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun,
nə də A.Məmmədovun həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində
məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək
olmuşdur.
Belə ki, həmin müqavilələr üzrə alıcılar (K.Gülməmmədov,
A.Məmmədov) mənzilin dəyərini odəməmiş, mənzili qəbul etməmişlər.
Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı
müqaviləsinə gorə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı
qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə
götürür.
Həmin Məcəllənin
568.1-ci maddəsinə görə isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya
verməyə borcludur.
Bu baxımdan qeyd
olunmalıdır ki, Q.Məmmədovun iddiası üzrə işə baxan məhkəmələr qanuni qüvvəyə
minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş faktları nəzərə almamış və onlara
hüquqi qiymət verməmişlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
(bundan sonra – Mülki Prosessual Məcəllə) 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və
kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və
şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət
əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət
işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi
mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı
ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər
tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa
prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
Preyudisiya institutunun əsas funksiyası eyni faktiki
hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi
təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar
arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki
halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə
gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun
Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri
Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya
əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya
düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv
edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Q.Məmmədovun
K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alğı-satqı müqavilələrinin və hüquqların
dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə
Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı
Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılmalıdır. Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Q.Məmmədovun K.Gülməmmədova, A. Məmmədova,
V.Rəhimova qarşı alğı-satqı müqavilələrinin
və hüquqların
dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və
418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev