Постановления

11.02.20 Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

 

Q Ə R A R I

 

 

Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

            11 fevral 2020-ci                                                                                 Bakı şəhəri

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Qaçay Məmmədov və vəkili Rəşad İldırımzadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Q.Məmmədov cavabdehlər Kərim Gülməmmədov, Azər Məmmədov, Vüqar Rəhimov, üçüncü şəxslər “TERM” kompaniyası, “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt şəhəri 1 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.           

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ilə Q.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddianın təmin olunması qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 3 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Q.Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur.

Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarının 63-64-cü bəndlərində qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun təsbit edilməsi, mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat vermiş olur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar).

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Q.Məmmədov ilə “TERM” kompaniyası arasında Sumqayıt şəhəri 44-cü məhəllə, ev 3 ünvanında inşa edilmiş yaşayış binasının ümumi sahəsi 87 kv.m olan 2 otaqlı 25 saylı mənzilinin satışına dair 4 fevral 2005-ci il tarixli müqavilə bağlanmış, Q.Məmmədov müqavilə şərtlərinə əməl edərək mənzilin dəyərini tam ödəmişdir. Həmin müqavilə ləğv edilməmiş və qüvvədədir, mübahisəli mənzil isə Q.Məmmədovun istifadəsindədir.  Q.Məmmədovun mənzildən imtinaya dair heç bir ərizəsi olmadan “TERM” kompaniyasının direktoru V.Rəhimov həmin mənzili 2013-cü ildə qaynatası K.Gülməmmədova, sonuncu isə 7 mart 2013-cü il tarixində mənzili A.Məmmədova (V.Rəhimovun bibisi oğlu) satmışdır.

Birinci instansiya məhkəməsi A.Məmmədovu qanuni əsaslarla mənzilin alıcısı hesab edərək iddianı təmin etməmişdir.

Apellyasiya instansiyası məhkəməsi Q.Məmmədovla “TERM” kompaniyası arasında bağlanmış müqavilənin qüvvədə olmasına, onun mənzil üzərində istifadə və sahiblik hüququnu əldə etməsinə, cinayət işində V.Rəhimovun mənzil barəsində sərəncam vermək hüququnun olmaması və iş üzrə cavabdehlər arasındakı bütün alğı-satqı müqavilələrinin görünüş üçün bağlanması faktlarının təsdiqini tapmasına əsaslanaraq iddianı təmin etmişdir.

Kassasiya instansiyası məhkəməsi mübahisəli mənzilin A.Məmmədov tərəfindən  alınmasının qanuni əsaslarla aparıldığına və bunun apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamasına istinad edərək işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.          

Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edərək ikinci dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməmişdir.

Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri­­-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin dəyərini tam ödəməklə Q.Məmmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. V.Rəhimovun isə “TERM” kompaniyası adından mubahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda, “TERM” kompaniyasının direktoru V.Rəhimovun başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin K. Gülməmmədova satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

Bununla yanaşı qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli qərarından görünür ki, V.Rəhimov mübahisəli mənzilin “Term” kompaniyası tərəfindən Q.Məmmədova satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə həmin mənzilin K.Gülməmmədova məxsus olması barədə saxta maliyyə arayışı və “ətraflı” arayışları tərtib edərək K.Gülməmmədovun adına “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarış almış, sonradan mənzilin gohumu A.Məmmədova satılmasını və “Bank Respublika” ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə 25.000 (iyirmi beş min) manat ipoteka krediti rəsmiləşdirilməsini təşkil etmiş və həmin vəsaiti özünün şəxsi ehtiyacları üçün sərf etmişdir.

Mənzilə dair “TERM” kompaniyası adından K.Gülməmmədov ilə bağlanmış alğı-satqı müqaviləsi, eləcə də K.Gülməmmədov ilə A.Məmmədov arasında bağlanmış alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun, nə də A.Məmmədovun həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur.

Belə ki, həmin müqavilələr üzrə alıcılar (K.Gülməmmədov, A.Məmmədov) mənzilin dəyərini odəməmiş, mənzili qəbul etməmişlər.

Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə gorə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Həmin Məcəllənin 568.1-ci maddəsinə görə isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

Bu baxımdan qeyd olunmalıdır ki, Q.Məmmədovun iddiası üzrə işə baxan məhkəmələr qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş faktları nəzərə almamış və onlara hüquqi qiymət verməmişlər. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Q.Məmmədovun K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alğı-satqı  müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.                                                                                 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1. Q.Məmmədovun K.Gülməmmədova, A. Məmmədova, V.Rəhimova qarşı alğı-satqı  müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev