AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
17 fevral 2020-ci
il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin,
ərizəçi “Lider
Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Zaur Musayevin,
ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq
konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27
fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya
işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin
rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Vüqar-A”
Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Vüqar-A” MMC) “Lider Monolit” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Lider Monolit” MMC) qarşı iddia ərizəsi
ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 273.988 manat əsas
borc, 37.585,4 manat dəymiş zərər, 13.699 manat əldən çıxmış faydanın cavabdehdən
tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Sonradan
iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə
verərək görülmüş işlərə görə 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği,
91.531 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə ödəniləcək 37.454 manat
vəsait və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini
xahiş etmişdir.
Iddia
tələbi onunla əsaslandırılmışdır ki, “Lider Monolit” MMC ilə “Vüqar-A” MMC
arasında Şəmkir rayonunun Şəhidlər Xiyabanı, Zabitlər Parkı və digər ictimai
yerlərində təmir-bərpa işlərinin təşkili ilə əlaqədar müxtəlif tarixlərdə
subpodrat müqavilələri imzalanmışdır. Iddiaçının mövqeyinə əsasən, müqavilə üzrə
razılaşdırılmış işlər onun tərəfindən yerinə yetirilmiş, lakin sifarişçi görülən
işlərin dəyərini tam ödəməkdən yayınmışdır.
1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi
ilə “Vüqar-A” MMC-nin iddia tələbi təmin edilməmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2017-ci
il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək
birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra –
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 10 iyul 2018-ci il tarixli qərarı
ilə “Vüqar-A” MMC-nin kassasiya şikayəti təmin edilmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin
məhkəməyə göndərilmişdir.
İşə
yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16
oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi
ləğv edilmiş, cavabdehdən 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği və
hüquqi xidmətlərə görə 1.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi qət
edilmişdir.
Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı
ilə “Lider Monolit” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“Lider
Monolit” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I
hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416,
417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri
hesab edir.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin
(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak
verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki
Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi
üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin
389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki
hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında
iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
Mülki
qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin
iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə
fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin
məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu
formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya
bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o
cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul
tarixli Qərarı).
Mülki
Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm
şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış
sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr
üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin
müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm
sayılır.
Mülki
dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr
icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin
icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata
keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb
etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə
və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər
olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə
müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin
yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə
çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz
qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Mülki
Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun
pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda,
işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş
digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci
maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,
borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar
üçün cavabdehdir.
Müqavilənin
ən çox istifadə olunan növlərindən biri olan podrat müqaviləsinə görə podratçı
müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya
razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi).
Podrat
müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının
həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir.
Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın
verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini
də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi
nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin
əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci
il 11 iyun tarixli Qərarı).
Hazırkı
mübahisə üzrə bağlanmış subpodrat müqavilələri podrat müqaviləsinin növü hesab
olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 39-cu fəslinin normaları tətbiq
olunur. Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar
istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri
(subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün
cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki
müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən
ayrı və müstəqil müqavilə hesab olunurlar. Bu baxımdan müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa əsas sifarişçi və subpodratçı bağladıqları müqavilələr üzrə
bir-birinə qarşı tələb irəli sürə bilməzlər.
Belə
ki, bir qayda olaraq, müqavilənin tərəfi olmayan şəxs həmin müqavilədən irəli gələn
hüquq və öhdəliklərə sahib ola bilməz (Mülki Məcəllənin 387.3 və 403.1-ci maddələri).
Mülki
Məcəllənin 754-cü maddəsinə əsasən, əgər podratçı təqribi smetadan əhəmiyyətli
dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə
bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar
istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi
smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat
verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam
verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
Mübahisəli
subpodrat müqavilələri ilə bağlı iş materiallarından isə görünür ki, işə baxan
məhkəmələr “Vüqar-A” MMC tərəfindən iddia edilən əlavə işlərin subpodrat
müqaviləsi üzrə sifarişçi olan “Lider Monolit” MMC ilə razılaşdırılaraq icra
edilib-edilməməsi faktını aydınlaşdırmamışlar. Məhkəmələr nəzərə almamışlar ki,
mübahisə predmetini yenidənqurma və abadlıq işlərinin kimin tərəfindən görülməsi
faktı deyil, həmin işlərin “Vüqar-A” MMC tərəfindən kimin sifarişi əsasında və
hansı müqavilə münasibətləri çərçivəsində yerinə yetirilməsi faktı təşkil
etmişdir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti
üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və
öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə
razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri
çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini
hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət
daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
Konstitusiyanın
125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə,
tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə
icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
Konstitusiyanın
qeyd edilən normaları müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin)
baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva
edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə
iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini
müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın
prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən mülki və
iqtisadi məhkəmə icraatının aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş
qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi
və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin
şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
Mülki
Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə
uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında
həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.
O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,
onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri
dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra
bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə
lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası
kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz,
hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq
normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı
olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq
olunmuş sübutlarla əsaslandırır.
Konstitusiya
Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə, sübutların
qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks
etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün
sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması
üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının
əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları
aydın göstərilməlidir.
Mülki
prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin
416-cı maddəsi).
Mülki
Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi
tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında
mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və
ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar
və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
(Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsi).
Beləliklə,
qanunverici tərəfindən əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə
baxmaq və yeni qətnamə qəbul etmək səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə
verilmişdir.
İş
materiallarından göründüyü kimi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının
Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində
aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər
Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa
çatdırılmışdır. Həmin işlər “Lider Monolit” MMC-nin sifarişi əsasında
“Vüqar-A” MMC tərəfindən yerinə yetirilmişdir. Qeyd olunan məktub “Vüqar-A” MMC
tərəfindən kassasiya şikayətinə əlavə edilmiş, birinci və apellyasiya
instansiyası məhkəmələrində araşdırma predmeti olmamışdır. Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyası həmin məktuba əsaslanaraq 10 iyul 2018-ci il
tarixli qərarında göstərmişdir ki, Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində
Şəhidlər Xiyabanında yenidənqurma işləri “Lider Monolit” MMC-nin sifarişi əsasında
“Vüqar-A” MMC tərəfindən yerinə yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi
həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi subpodrat
müqaviləsi üzrə tərəflərin öhdəliklərini tam icra edib-etməmələrini lazımınca
araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsinə görə məsuliyyət
daşımaması barədə qənaətini əsaslandırmamışdır.
Göstərilənlərlə
əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məhkəmə qətnaməsinin
qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadan çıxarılması onun ədalət
mühakiməsinin qanuna uyğun olmayan aktı kimi qəbul edilməsinə əsas verir.
Konstitusiya
Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə,
məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və
prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi
sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul
edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün
olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə
riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin
fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə
edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual
qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş,
mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən
edilmiş qaydalarla tənzimlənmişdir (“Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il
28 fevral tarixli Qərar).
Kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya
instansiyası məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması Mülki
Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin
Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut
olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki
halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin
işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal
kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin
mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən
qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə
qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi
Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
Göründüyü
kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mülki prosessual
qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqelərini nəzərə almadan “Vüqar-A” MMC tərəfindən kassasiya
şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək işə mahiyyəti üzrə baxmış və
nəticədə qanunvericiliyin tələblərinə cavab verməyən 10 iyul 2018-ci il tarixli
qərar qəbul edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib
işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə yalnız Şəmkir Rayon
İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunu əsas
götürərək 16 oktyabr 2018-ci il tarixli qətnaməsində hesab etmişdir ki, subpodrat
müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə
müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.
Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 27 fevral 2019-cu il tarixli qərarında
mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı
maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı hüququ pozulmuşdur.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya
Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati qaydada
müdafiə və məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və
azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq
və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə
müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa
etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
Mülki
Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya
instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin
Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin 386-cı maddəsində
göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər
ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə
bilsin.
Yuxarıda
göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,
“Vüqar-A” MMC-nin “Lider Monolit” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair
iş üzrə qəbul olunmuş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral
2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddələsinin I hissəsinə,
habelə Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən
hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. “Vüqar-A” Məhdud
Məsuliyyətli Cəmiyyətinin “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı
borcun ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddələsinin
I hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə
uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar
dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir oluna bilməz.
Sədr
Fərhad
Abdullayev