Постановления

17.02.20 “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-n 27 fevral 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

17 fevral 2020-ci il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Zaur Musayevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Vüqar-A” MMC) “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Lider Monolit” MMC) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 273.988 manat əsas borc, 37.585,4 manat dəymiş zərər, 13.699 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə verərək görülmüş işlərə görə 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği, 91.531 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə ödəniləcək 37.454 manat vəsait və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Lider Monolit” MMC ilə “Vüqar-A” MMC arasında Şəmkir rayonunun Şəhidlər Xiyabanı, Zabitlər Parkı və digər ictimai yerlərində təmir-bərpa işlərinin təşkili ilə əlaqədar müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır. Iddiaçının mövqeyinə əsasən, müqavilə üzrə razılaşdırılmış işlər onun tərəfindən yerinə yetirilmiş, lakin sifarişçi görülən işlərin dəyərini tam ödəməkdən yayınmışdır.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin iddia tələbi təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 10 iyul 2018-ci il tarixli qərarı ilə “Vüqar-A” MMC-nin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehdən 252.500 manat əsas borc, 30.510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“Lider Monolit” MMC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Müqavilənin ən çox istifadə olunan növlərindən biri olan podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi).

Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

Hazırkı mübahisə üzrə bağlanmış subpodrat müqavilələri podrat müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 39-cu fəslinin normaları tətbiq olunur. Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar. Bu baxımdan müqavilədə başqa hal nəzərdə tutulmayıbsa əsas sifarişçi və subpodratçı bağladıqları müqavilələr üzrə bir-birinə qarşı tələb irəli sürə bilməzlər.

Belə ki, bir qayda olaraq, müqavilənin tərəfi olmayan şəxs həmin müqavilədən irəli gələn hüquq və öhdəliklərə sahib ola bilməz (Mülki Məcəllənin 387.3 və 403.1-ci maddələri).

Mülki Məcəllənin 754-cü maddəsinə əsasən, əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.

Mübahisəli subpodrat müqavilələri ilə bağlı iş materiallarından isə görünür ki, işə baxan məhkəmələr “Vüqar-A” MMC tərəfindən iddia edilən əlavə işlərin subpodrat müqaviləsi üzrə sifarişçi olan “Lider Monolit” MMC ilə razılaşdırılaraq icra edilib-edilməməsi faktını aydınlaşdırmamışlar. Məhkəmələr nəzərə almamışlar ki, mübahisə predmetini yenidənqurma və abadlıq işlərinin kimin tərəfindən görülməsi faktı deyil, həmin işlərin “Vüqar-A” MMC tərəfindən kimin sifarişi əsasında və hansı müqavilə münasibətləri çərçivəsində yerinə yetirilməsi faktı təşkil etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.  

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyanın qeyd edilən normaları müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən mülki və iqtisadi məhkəmə icraatının aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə uyğun olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).

Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsi).

Beləliklə, qanunverici tərəfindən əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxmaq və yeni qətnamə qəbul etmək səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə verilmişdir.

İş materiallarından göründüyü kimi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunda göstərilmişdir ki, Şəmkir şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 2013-cü ildə Şəhidlər Xiyabanında yenidənqurma işlərinə başlanılmış və 2014-cü ildə başa çatdırılmışdır. Həmin işlər “Lider Monolit” MMC-nin sifarişi əsasında “Vüqar-A” MMC tərəfindən yerinə yetirilmişdir. Qeyd olunan məktub “Vüqar-A” MMC tərəfindən kassasiya şikayətinə əlavə edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırma predmeti olmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası həmin məktuba əsaslanaraq 10 iyul 2018-ci il tarixli qərarında göstərmişdir ki, Şəmkir şəhərində abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər Xiyabanında yenidənqurma işləri “Lider Monolit” MMC-nin sifarişi əsasında “Vüqar-A” MMC tərəfindən yerinə yetirilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi subpodrat müqaviləsi üzrə tərəflərin öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımaması barədə qənaətini əsaslandırmamışdır.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə kifayət qədər əməl olunmadan çıxarılması onun ədalət mühakiməsinin qanuna uyğun olmayan aktı kimi qəbul edilməsinə əsas verir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərar).

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).   

Göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini nəzərə almadan “Vüqar-A” MMC tərəfindən kassasiya şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək işə mahiyyəti üzrə baxmış və nəticədə qanunvericiliyin tələblərinə cavab verməyən 10 iyul 2018-ci il tarixli qərar qəbul edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə yalnız Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubunu əsas götürərək 16 oktyabr 2018-ci il tarixli qətnaməsində hesab etmişdir ki, subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 27 fevral 2019-cu il tarixli qərarında mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati qaydada müdafiə və məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. 

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “Vüqar-A” MMC-nin “Lider Monolit” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə qəbul olunmuş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddələsinin I hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.     “Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddələsinin I hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2.     Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.     Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.     Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

    

Sədr                                                                                  Fərhad Abdullayev