AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R I
B.Qasımovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel
2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
9
dekabr 2019-cu il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
ərizəçi Bədal Qasımov və vəkili Gülarə İlyasovanın,
ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə
fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq
konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə
iclasında B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin
məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, ekspertin rəyini dinləyib,
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
B.Qasımov Nadirə Niftəliyevaya
qarşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab
edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri
Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
Bakı şəhəri Xətai
Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov
rayonu Y.Nəsirov küçəsi ev 4 ünvanında yerləşən 30 saylı mənzilin alğı-satqısına
dair B.Qasımovla N.Niftəliyeva arasında 19 yanvar 2016-cı il tarixində
bağlanmış müqavilə, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli
mənzilə dair N.Niftəliyevanın adına 29 yanvar 2016-cı il tarixində verilmiş
çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
N.Niftəliyeva həmin qətnamədən apellyasiya
şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv
edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışında
cavabdeh qarşılıqlı iddia ərizəsi verərək iddiaçı B.Qasımov və onun ailə üzvlərinin
mübahisəli mənzildən çıxarılmaları barədə tələb irəli sürmüşdür.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin
apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi
ləğv edilərək ilk iddia qismən təmin edilmiş, 19 yanvar 2016-cı il tarixli daşınmaz
əmlakın alğı-satqı müqaviləsi və həmin əmlaka dair dövlət reyestrindən çıxarış
etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, N.Niftəliyevanın
qarşılıqlı iddiası rədd edilmişdir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 1 iyun 2017-ci il tarixli qərarı ilə N.Niftəliyevanın kassasiya
şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə N.Niftəliyevanın
apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi
ləğv edilmişdir. İş üzrə qəbul edilmiş yeni qətnamə ilə qarşılıqlı iddia qismən
təmin edilərək B.Qasımov mübahisəli mənzildən çıxarılmış, iddiaçının ilkin
iddiası təmin edilməmişdir.
Ali Məhkəmənin Mülki
Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı ilə B.Qasımovun kassasiya
şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin 17
avqust 2018-ci il tarixli qərardadı ilə B.Qasımovun əlavə kassasiya şikayətinin
Plenumun baxışına çıxarılmasından imtina edilmişdir.
B.Qasımov Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 16
aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır
ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 324.5, 339.2, 339.3, 646.2, 662.1-ci maddələri və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki
Prosessual Məcəllə) 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş,
nəticədə onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin
I hissəsində nəzərdə tutulmuş, müvafiq olaraq mülkiyyət və hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 13 və
29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və
onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı
olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Ayrılmaz və bölünməz əsas
insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən
təminat mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik,
mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə
azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə
isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
Mülkiyyət hüququnun
subyekti bir, habelə iki və ya daha çox şəxs ola bilər. Əmlakın eyni vaxta bir
neçə şəxsə məxsus olması ümumi mülkiyyət hüququnu yaradır. Mülki Məcəllənin
213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya
onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun
birgə mülkiyyət (məsələn, ər-arvadın birgə mülkiyyəti) və paylı mülkiyyət (məsələn,
yaşayış binasının tərkib hissəsinə olan paylı mülkiyyət) növləri fərqləndirilir.
Mülkiyyət hüququ müəyyən
hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız
qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət
hüququnun yaranmasına səbəb ola bilər. Mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka mülkiyyət
hüququnun əldə edilməsinin ən geniş yayılmış üsullarından biri kimi çıxış edir.
Qeyd edilməlidir ki, əşyaya mülkiyyət
hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin
razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət
reyestrində qeydə alınması da zəruri şərtdir.
Müqavilə bağlanması
ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi
bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixindən etibarən
baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin, əmlakı özgəninkiləşdirən
şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.
İş üzrə məhkəmələr, o
cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş
hallardan görünür ki, cavabdehin əri C.Niftəliyev tanışı M.Nəsibovla birlikdə Bakı
şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi 196 ünvanında yerləşən “Gözdən Əlillər
Cəmiyyətinə” məxsus olmaqla gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli
yaşayış binasından mənzilin iddiaçıya verilməsi vədinin qarşılığında ona məxsus
Bakı şəhəri Nərimanov rayonu Y.Nəsirov küçəsi ev 4 ünvanında yerləşən 30 saylı
mənzilin cavabdeh N.Niftəliyevanın adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsinə
nail olmuşlar.
Mülki Məcəllənin alğı-satqı
haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə
tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində
ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə,
əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini
ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı
vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə
uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və
598.3-cü maddələri).
Nəzərə alınmalıdır
ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni
arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi
subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin
bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun
qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə
müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər
mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində
mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə
edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata
keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə
qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən
etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə
səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər
bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən
hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları
eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə,
görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla
ödəməlidir.
Həmin Məcəllənin
339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi
mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin
aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi,
digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi
mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi
yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
Beləliklə, Mülki Məcəllənin
qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa
şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə
səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində
əqdin bağlanılması hallarını ifadə edir.
Aldatma səbəbi ilə əqdin
etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
- Aldadan tərəf
müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan
müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya
vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat
vermir;
- Aldadıcı hərəkət əqdin
digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə
bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə
bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin
etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun
olmayan bir qənaət formlaşdırılmış olmalıdır;
- Müqavilə məhz
aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun
olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı
mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
O da qeyd olunmalıdır
ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma
halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar
olmalı idisə, əqd mübahisələndirilə bilər.
Göründüyü kimi,
üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya
xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrdə hər hansı müqavilənin
aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin
həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin
324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu
təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin
təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin
iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun
digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
İşə baxan məhkəmələr
isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən
alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş
məbləğin ödənilməsinə dair qəbz mövcuddur.
Lakin mübahisələndirilən
müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş
qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə
predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin
aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır.
Bu səbəbdən də
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən
edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin
imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər.
Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi
əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə
ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə
əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər
arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə
bilər.
Göstərilənlərlə əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən
alğı-satqı müqaviləsinin bağlanması zamanı B.Qasımovun buna dair iradə ifadəsinin
olub-olmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin
aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılmaması yuxarıda göstərilən
maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin ərizəçinin həmin
müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli
sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna
səbəb olmuşdur.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması
üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması,
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq
normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə
aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı
olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti
üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı).
Xüsusilə
vurğulanmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi
ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək,
bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən
istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.
Konstitusiyanın 60-cı
maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilmişdir. Mülki mühakimə icraatı zamanı bu təminatın əsas
şərtlərindən biri kimi ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri
eləcə də, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli
müdafiə mexanizmi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuşdur.
Kassasiya
instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə
baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə
əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin
418.1 və 418.2-ci maddələrinə görə, maddi və prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin
qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində
göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq
olunmamış hesab edilir.
Beləliklə, Ali Məhkəmənin
Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin
10 noyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual
Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinin tələblərinə uyğun olmayan 16
aprel 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin
Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində
nəzərdə tutulmuş, müvafiq olaraq mülkiyyət və hüquq və azadlıqların inzibati və
məhkəmə təminatı hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, B.Qasımovun N.Niftəliyevaya
qarşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab
edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 16
aprel 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və
60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və
418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə
bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Bədal Qasımovun Nadirə
Niftəliyevaya qarşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab
edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə,
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc
olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
oluna bilməz.
Sədr Fərhad
Abdullayev