Постановления

09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

9 dekabr 2019-cu il                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi  Bədal Qasımov və vəkili Gülarə İlyasovanın,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

B.Qasımov Nadirə Niftəliyevaya qarşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayonu Y.Nəsirov küçəsi ev 4 ünvanında yerləşən 30 saylı mənzilin alğı-satqısına dair B.Qasımovla N.Niftəliyeva arasında 19 yanvar 2016-cı il tarixində bağlanmış müqavilə, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli mənzilə dair N.Niftəliyevanın adına 29 yanvar 2016-cı il tarixində verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

 N.Niftəliyeva həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışında cavabdeh qarşılıqlı iddia ərizəsi verərək iddiaçı B.Qasımov və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları barədə tələb irəli sürmüşdür.    

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk iddia qismən təmin edilmiş, 19 yanvar 2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin əmlaka dair dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, N.Niftəliyevanın qarşılıqlı iddiası rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 1 iyun 2017-ci il tarixli qərarı ilə N.Niftəliyevanın kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə N.Niftəliyevanın apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş yeni qətnamə ilə qarşılıqlı iddia qismən təmin edilərək B.Qasımov mübahisəli mənzildən çıxarılmış, iddiaçının ilkin iddiası təmin edilməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı ilə B.Qasımovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin 17 avqust 2018-ci il tarixli qərardadı ilə B.Qasımovun əlavə kassasiya şikayətinin Plenumun baxışına çıxarılmasından imtina edilmişdir.

B.Qasımov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.5, 339.2, 339.3, 646.2, 662.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş, müvafiq olaraq mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

Mülkiyyət hüququnun subyekti bir, habelə iki və ya daha çox şəxs ola bilər. Əmlakın eyni vaxta bir neçə şəxsə məxsus olması ümumi mülkiyyət hüququnu yaradır. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun birgə mülkiyyət (məsələn, ər-arvadın birgə mülkiyyəti) və paylı mülkiyyət (məsələn, yaşayış binasının tərkib hissəsinə olan paylı mülkiyyət) növləri fərqləndirilir.

Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülki hüquqi əqdlər, o cümlədən  alğı-satqı müqavilələri əmlaka mülkiyyət hüququnun əldə edilməsinin ən geniş yayılmış üsullarından biri kimi çıxış edir.

 Qeyd edilməlidir ki, əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir.

Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixindən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin, əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.

İş üzrə məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, cavabdehin əri C.Niftəliyev tanışı M.Nəsibovla birlikdə Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi 196 ünvanında yerləşən “Gözdən Əlillər Cəmiyyətinə” məxsus olmaqla gözdən əlillər üçün nəzərdə tutulmuş 12 mərtəbəli yaşayış binasından mənzilin iddiaçıya verilməsi vədinin qarşılığında ona məxsus Bakı şəhəri Nərimanov rayonu Y.Nəsirov küçəsi ev 4 ünvanında yerləşən 30 saylı mənzilin cavabdeh N.Niftəliyevanın adına alğı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsinə nail olmuşlar.

Mülki Məcəllənin alğı-satqı haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri).

Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

 Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir.

Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

- Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

- Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır;

- Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu  müəyyən etmişdir.

İşə baxan məhkəmələr isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur.

Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır.

Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı B.Qasımovun buna dair iradə ifadəsinin olub-olmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılmaması yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin ərizəçinin həmin müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı).

Xüsusilə vurğulanmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmişdir. Mülki mühakimə icraatı zamanı bu təminatın əsas şərtlərindən biri kimi ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri eləcə də, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuşdur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1 və 418.2-ci maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 10 noyabr 2017-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinin tələblərinə uyğun olmayan 16 aprel 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş, müvafiq olaraq mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, B.Qasımovun N.Niftəliyevaya qarşı 19 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1. Bədal Qasımovun Nadirə Niftəliyevaya qarşı 19 yanvar 2016-cı il tarixli  alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                        Fərhad Abdullayev