AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
“Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar
9 sentyabr 2019-cu il Bakı şəhəri
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
iş
üzrə hakim S.Həsənovanın məruzəsini dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu,
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin,
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar 2019-cu il 25 iyul tarixli Qərar qəbul
etmişdir.
Həmin
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu nəticə olaraq aşağıdakıları müəyyən
etmişdir:
- Mülki
Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində
başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə
uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində
razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor
qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin
məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam
verilir.
- “İpoteka
haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə
müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka
müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və
s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər
barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit
müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn
öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
Bu
qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən
edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara
şamil edilmir.
İpoteka
müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər
göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka
qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan
ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
Konstitusiya
Məhkəməsinin Plenumu göstərilən Qərarda həll edilən hüquqi məsələlərin
vacibliyini, zaminlik və ipoteka müqavilələrinin mülki dövriyyə iştirakçıları
üçün əhəmiyyətini nəzərə alaraq aşağıdakıları qeyd edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə və
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1
və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan
Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz
icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul
edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
“Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 67.0.2-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə
qərarları dərc olunduğu gündən qüvvəyə minir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, qanunverici hüquqi müəyyənlik
və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə
bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə
yenidən baxılması mexanizmini nəzərdə tutmamışdır.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu,
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci
maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və
477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında əks
olunmuş hüquqi mövqelər artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll
olunmuş mübahisələrə şamil olunmamalıdır.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
1. “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən
əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil
olunmur.
2. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.
Sədr Fərhad Abdullayev