Постановления

09.09.19 “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” QƏRARDAD

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun 

Q Ə R A R D A D I

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar  


 9 sentyabr 2019-cu il                                                                                                    Bakı şəhəri 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

iş üzrə hakim S.Həsənovanın məruzəsini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

MÜƏYYƏN  ETDİ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar 2019-cu il 25 iyul tarixli Qərar qəbul etmişdir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu nəticə olaraq aşağıdakıları müəyyən etmişdir:

-  Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. 

-  “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.

Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.

İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarda həll edilən hüquqi məsələlərin vacibliyini, zaminlik və ipoteka müqavilələrinin mülki dövriyyə iştirakçıları üçün əhəmiyyətini nəzərə alaraq aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 67.0.2-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarları dərc olunduğu gündən qüvvəyə minir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, qanunverici  hüquqi müəyyənlik və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə yenidən baxılması mexanizmini nəzərdə tutmamışdır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,  “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqelər artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmamalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 68.1, 69.2-ci və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 46-cı maddələrini rəhbər tutaraq 

QƏRARA  ALDI:

1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun  2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

2. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.


Sədr                                                                                       Fərhad Abdullayev