Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxıb.

Новости

2024 Jun

03.06.2024

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.