26.05.2023
Son
günlərdə bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5,
460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19
aprel 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli
fikirlərin formalaşmasına səbəb olmuşdur.
Bununla
bağlı ilk növbədə qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin
Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas
borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən,
ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda)
ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin
edilib-edilməməsi ilə bağlı olmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu qəbul etdiyi Qərarda göstərmişdir ki, “İpoteka haqqında”
Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası
kimi nəzərdə tutulmadığından, borclunun ölümü
ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur.
Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
Qərarda
o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci
maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik
olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu
daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini)
də qəbul etmiş olurlar.
Sonda
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq
belə nəticəyə gəlmişdir ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi
üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka
predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Yəni öhdəlik
pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan, qanunvericiliklə
müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün
hesab edilmişdir.
Nəzərə
alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla,
qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın
ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Müraciətdə şərh edilməsi xahiş
olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə
alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla, ümumiyyətlə hüquqi kateqoriya kimi
öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə
bağlıdır.