Konstitusiya Məhkəməsinin hakimi vəfat edib

Новости

2023 Jan

Azərbaycanın hüquq ictimaiyyətinə ağır itki üz vermişdir.

Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşunas Mahir Muradov Yanvarın 5-də 66 yaşında vəfat etmişdir.

Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır.  1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Əməkdar hüquqşünas» fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilmişdir.

Mahir Muradov qayğıkeş, gülərüz, yüksək mədəniyyətə malik gözəl insan və təcrübəli hüquqşünas kimi həmkar və dostların xatirəsində qalacaqdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Mahir Muradovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!