Постановления

28.10.03 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

QƏRARI

2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti

 seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

28 oktyabr 2003-cü il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F.Abdullayev (Sədr), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova (məruzəçi-hakim) və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibləri İ.Nəsirov və V.Mahmudovun, üzvləri F.Cavadov, R.İbrahimov, V.Kazımova, O.Orucov, Ə.Əliyev, X.Əhmədov, A.Tağıyev, İ.Məmmədov, U.Bağırzadə və A.Əliyevin,

ekspertlər, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi M.İsmayılov və həmin kafedranın müəllimi A.Cəfərovun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2003-cü il oktabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələri M.Pənahov, S.Qasımova, V.Məhmudov, İ.Nəsirov və F.Cavadovun çıxışlarını, ekspertlər M.İsmayılov və H.Hüseynovanın rəylərini dinləyib, işin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi        

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vuraraq, nəticələrinin təsdiq və elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş konstitusiya işlərinə baxılmasının ümumi qaydalarına müvafiq olaraq, seçkilərlə bağlı şikayətlərə baxılmanın nəticələrinə dair Azərbaycan Respublikası Prokurorluğuna, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsinə sorğular göndərmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından daxil olmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq normalarında müəyyən edilən qaydalara uyğun olaraq 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək Azərbaycan Respublikası üzrə səsvermənin nəticələrinə dair 2003-cü il 20 oktyabr tarixli protokolu və bu protokolun təsdiq edilməsinə dair həmin tarixli, 41/348 saylı qərarı qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq göstərilən protokol, qərar və onlara əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və elan olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmişdir.

Təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının protokollarını araşdıraraq özünün 2003-cü il 20 oktyabr tarixli, 41/347 saylı qərarı ilə seçkilərə dair 694 məntəqə seçki komissiyalarının qərarlarını ləğv etmiş və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab etmişdir.

Etibarlı hesab edilmiş 2 421 061 (iki milyon dörd yüz iyirmi bir min altmış bir) səs Prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür.

1. Əliyev İlham Heydər oğlunun lehinə - 1 860 346 (bir milyon səkkiz yüz altmış min üç yüz qırx altı) səs və ya 76.84 faiz;

2. Hacıyev Hafiz Ələmdar oğlunun lehinə – 8 267 (səkkiz min iki yüz altmış yeddi) səs və ya 0.34 faiz;

3. Hacıyeva Lalə-Şövkətin lehinə 87 523 (səksən yeddi min beş yüz iyirmi üç) və ya 3.62 faiz;

4. Həsənquliyev Qüdrət Müzəffər oğlunun lehinə - 12 071 (on iki min yetmiş bir) və ya 0.50 faiz;

5. İsmayılov İlyas Abbas oğlunun lehinə - 24 098 (iyirmi dörd min doxsan səkkiz) və ya 1.00 faiz;

6. Qəmbər İsa Yunis oğlunun lehinə – 338 145 (üç yüz otuz səkkiz min yüz qırx beş) və ya 13.97 faiz;

7. Məmmədov Etibar Səlidar oğlunun lehinə - 70 638 (yetmiş min altı yüz otuz səkkiz) və ya 2.92 faiz;

8.  Rüstəmxanlı Sabir Xudu oğlunun lehinə – 19 973 (on doqqüz min doqquz yüz yetmiş üç) və ya 0.82 faiz.

«Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3.6-cı maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarları həmin Komissiyanın iclasında 15 üzvü iştirak etdikdə azı 10 nəfərin səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respubdikası Seçki Məcəlləsinin 100.12-ci maddəsində nəzərdə tutulmuşdur ki, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.

Yuxarıda göstərilən protokol və onun təsdiq edilməsinə dair qərardan göründüyü kimi həmin sənədlər Mərkəzi Seçki Komissiyasının 15 üzvündən 12 üzvünün səs çoxluğu ilə qəbul edilmişdir.

Ekspert qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları H.Hüseynova və U.Həmidovanın rəyindən məlum olur ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2003-cü il 20 oktyabr tarixli protokolu və onun təsdiq edilməsinə dair qərarı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun tərtib edilmişdir.

Məhkəmə iclasında çıxış etmiş ekspert H.Hüseynova verilmiş rəyin düzgünlüyünü təsdiq etmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun 2003-cü il 24 oktyabr tarixli, 03/3 saylı məktubunda göstərilir ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından Baş Prokurorluğa 7 müraciət daxil olmuşdur. Həmin müraciətlər araşdırılarkən qanun pozuntularına yol verilməsi müəyyən olunmamışdır.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 2003-cü il 27 oktyabr tarixli, 5d-205/03 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2003-cü il 27 oktyabr tarixli, 2n-346 saylı məktublarından göründüyü kimi Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının protokolu və qərarı ilə bağlı göstərilən məhkəmələrə Seçki Məcəlləsinin müəyyən etdiyi qaydada heç bir şikayət verilməmışdır.

Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2003-cü il 20 oktyabr tarixli protokolu, bu protokolun təsdiq edilməsinə dair qərarı və onlara əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğundur və bununla əlaqədar olaraq 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks etdirilmiş nəticələri təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Eyni müddəanı özündə əks etdirmiş Azərbaycan Respublikası Seçki Məcəlləsının 203.4-cü maddəsində göstərilir: «Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, Prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır».

Yuxarıda göstərildiyi kimi, seçici səslərindən 1 860 346 (bir milyon sekkiz yüz altmış min üç yüz qırx altı) səs və ya 76.84 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Prezidentliyə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini və 130-cu maddəsinin VIII hissəsini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

QƏRARA ALDI:

1. 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2003-cü il 20 oktyabr tarixli protokolunda əks etdirilmiş nəticələri təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

3. Bu Qərar elan olunduğu gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

5.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                             F.Abdullayev