AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARDADI
30
sentyabr 2024-cü
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Fikrət Məmmədov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Humay Əfəndiyeva (məruzəçi-hakim) və İsa Nəcəfovdan ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33- cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici
valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının
aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə
dair Şəki Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş
üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin
və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt
Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin və
həmin kafedranın müəllimi L.Məmmədlinin rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Şəki
Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici
valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının
aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin Azərbaycan Respublikası
Konstitusiyasının 59 və 79-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə
qeyd olunur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında iş
materiallarına görə Mərkəzi Bank “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 may 2024-cü il tarixli
inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Şəki Rayon Məkəməsinə
göndərmişdir.
Protokolda
inzibati məsuliyyətə cəlb etmə səbəbi kimi göstərilmişdir ki, “Şəki Şərab” MMC
46 300,50 avro məbləğində vəsaiti 25 aprel 2022-ci il tarixində xaricə köçürmüş
və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə
idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır.
Müraciətedən
qeyd edir ki, inzibati xəta haqqında işin hallarından göründüyü kimi, 10 mart
2022-ci il tarixində “Şəki Şərab” MMC və Rusiya Federasiyasında qeydiyyatdan
keçmiş “Loza” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanmışdır.
Həmin
müqavilənin 1 saylı Əlavə Razılaşmasında qeyd edilmişdir ki, “Şəki Şərab” MMC
“Loza” MMC-nin ticarət agenti olaraq fəaliyyət göstərəcək və müqavilə üzrə
birinciyə ödənilən pul vəsaiti “Loza” MMC-nin mülkiyyətidir və “Şəki Şərab” MMC
tərəfindən müqavilə və bu Razılaşma üzrə nəzərdə tutulmuş məqsədlər üçün
istifadə ediləcəkdir. Əlavənin 1-ci maddəsinə əsasən, “Şəki Şərab” MMC “Loza”
MMC-nin tapşırığına görə müqavilə üzrə nəzərdə tutulmuş malların alınması üçün
satıcıları müəyyən edərək onlarla sonuncunun adından və onun hesabına müqavilələri
bağlamağı, “Loza” MMC isə müqavilə üzrə müəyyən edilmiş ödənişləri vaxtında həyata
keçirməyi və əlavə olaraq muzd ödəməyi öhdəsinə götürmüşdür.
Müqavilə
çərçivəsində malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi nəzərdə
tutulmamışdır.
Bundan
başqa, “Şəki Şərab” MMC ilə Portuqaliya şirkəti olan “Amorim Corc S.A.”
arasında 10 mart 2022-ci il tarixində müqavilə imzalanmışdır. Müqavilənin
6.1-ci maddəsində xidmətin təhvil məntəqəsi olaraq Türkiyə Respublikasının
İstanbul şəhəri göstərilmişdir. Müqavilə əsasında “Şəki Şərab” MMC tərəfindən
22 aprel 2022-ci il tarixində “Amorim Corc S.A.”-nın Portuqaliyadakı müvafiq
bank hesabına 46 300,50 avro məbləğində avans ödənişi həyata keçirilmişdir.
Müraciətedənin
fikrinə görə, “Şəki Şərab” MMC tərəfindən imzalanmış müvafiq müqavilələrin
icrasının bilavasitə bağlılığı, ikinci müqavilənin birincinin icrasına xidmət
etdiyi aydın görünür və məhz həmin müqavilənin icra olunması üçün “Loza” MMC tərəfindən
20 aprel 2022-ci il tarixində “Şəki Şərab” MMC-nin Azərbaycan Beynəlxalq
Bankının Şəki Filialındakı hesabına 46 804,50 avro məbləğində ödəniş həyata
keçirilmişdir (həmin məbləğin əvvəlcədən köçürülmüş ödəniş olduğu kredit
haqqında bank bildirişindən aydın olur).
Müraciətedənin
qənaətinə əsasən, hər iki müqavilənin predmeti eyni olmaqla bir-biri ilə tam əlaqəlidir.
Müqavilələr üzrə əməliyyatlar aparılarkən “Şəki Şərab” MMC öz vəsaitini sərf
etməmiş, alınan malları ölkəyə idxal etmək öhdəliyi götürməmiş, başqasının vəsaiti
hesabına malların tranzit yolu ilə alınıb-satılmasında vasitəçi olmuşdur.
Şəki
Rayon Məhkəməsi hesab edir ki, təcrübədə belə hallarda Qaydaların 4.3.1.3- cü və
ya 4.3.2-1-ci yarımbəndinin tətbiq edilməli olmasına dair fərqli yanaşmalar
mövcuddur və iş üzrə maddi hüquq normalarının tələblərinin düzgün təfsir və tətbiq
edilməməsi şəxsin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş
hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil
məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli
bərpa edilməsi prinsipinin pozulmasına yol açır.
Müraciətlə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Konstitusiyanın
59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst
istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti
və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola
bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının
və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
Qeyd
edilən maddə hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının
iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı
prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan
Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı,
o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti
və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst
yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti
şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,
malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər
göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan
fəaliyyətdir.
Konstitusiya
hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və
hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna
etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə
mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin
konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla
həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin
yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr, “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə
dair” 2011 -ci il 16 dekabr tarixli Qərarları və s.).
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici
valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının
aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral
tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, digər konstitusiya
hüquqları kimi azad sahibkarlıq hüququ da mütləq hüquq deyil. Dövlətin və cəmiyyətin
ümumi maraqlarına müvafiq olaraq qanunvericilik normaları əsasında vergilərin və
ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək və s. üçün azad
sahibkarlıq hüququnun məhdudlaşdırılmasına yol verilir.
“Sahibkarlıq
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının
nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə görə, yalnız qanunla nəzərdə
tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir.
Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar
çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının
sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.
Beləliklə,
hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki
dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin
edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin,
hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və
mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
Konstitusiyanın
79-cu maddəsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına
zidd vəzifələrin icrasına məcbur edilə bilmə qadağan edilmişdir.
Qeyd
edilməlidir ki, iqtisadi fəaliyyət ticarət, maliyyə, istehsal və investisiya
xidmətlərinin təsir etdiyi mürəkkəb bir sistem kimi səciyyələnir və bu sistemdə
xarici iqtisadi fəaliyyət sahibkarlıq fəallığına xüsusilə təkan verir,
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə müsbət təsir edir, müasir
texnologiyaların, istehsalın təşkili və idarə edilməsinə yeni fikirlərin gətirilməsinə
səbəb olur. Müasir dövrdə fəaliyyətin bu növü beynəlxalq müqavilələrin
bağlanması yolu ilə həyata keçirilir və bura, ilk növbədə, malların mübadiləsi
(malların idxal və ixracı üzrə sazişlərin bağlanması) aid edilir.
Xarici
iqtisadi fəaliyyət zamanı valyuta əməliyyatları ilə bağlı münasibətlərin tənzimlənməsində
əsas qanunvericilik aktlarından olan “Valyuta tənzimi haqqında” Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə
rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil
banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi
Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir.
Həmin
Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini
köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan
Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə
ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.
Hüquqi
şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan
Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan
Respublikasının Mərkəzi Bankı müəyyən edir.
Göstərilənlərlə
əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və
valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə
sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi Mərkəzi
Bankın İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul
edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına
idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və
qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan
ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını
(xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin
göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin
icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən
valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir.
İnzibati
Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin
artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının
alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə isə avans yolu ilə ödənilmiş
valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların
idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında
ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıImaması inzibati xəta kimi müəyyən
edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət
müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi və “Azərbaycan Respublikasının
rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici
valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə
dair” 2020-ci il 28 fevral tarixli Qərarı).
Bununla
yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə
gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-
rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir.
Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal
alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini
təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik
fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata
keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş
məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və
ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən
azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə
aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci
180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən
qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan
Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir.
Beləliklə,
bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması
qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri
və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir.
Vasitəçilik
mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin
(vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri
müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri)
rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində
digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə
malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə
götürür.
Yuxarıda
qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan
malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən
vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi
ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik
fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və
ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan
akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil
edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci
yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr
zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə
tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini
(xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud
olmur.
İnzibati
Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin
malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin
göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir.
Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil
edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar
olmalıdır.
Məcəllənin
3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati
xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün
digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs
inzibati məsuliyyətə cəlb olunur.
Odur
ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb
olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin
kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən
müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin
olub- olmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik
haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri
çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.
Konstiusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin
38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh
edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr
səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati
Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində
təqsirini dəqiq müəyyən etməli, işin hallarını hərtərəfli tam və obyektiv
araşdırmalıdır. Habelə, apellyasiya instansiyaları məhkəmələri birinci
instansiya məhkəməsinin faktları nöqteyi- nəzərindən qanuni və əsaslı, mahiyyət
üzrə düzgün olan qərarını yalnız formal mülahizələrə görə ləğv etməkdən çəkinməlidirlər.
Beləliklə,
Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi
işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin
konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin
əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll
olunmalıdır.
Əks
yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə
cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə
Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının
pozulmasına səbəb ola bilər.
Yuxarıda
göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir
ki, Şəki Rayon Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin həll
edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin mövcud
olması, eləcə də bu Qərardadla yaranan mübahisəyə aydınlıq gətirilməsi nəzərə
alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun
ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69-cu maddələrini
rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan
inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə
cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr, “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə və “Azərbaycan
Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin
milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü
yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarlarında göstərilən hüquqi
mövqelər nəzərə alınsın.
2. “Azərbaycan
Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin
milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 və
ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi məhkəmələr tərəfindən
işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin
konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin
əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll
olunmalıdır.
3. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə, Şəki Rayon Məhkəməsinin müraciəti üzrə
ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin
icraatına xitam verilsin.
4. Qərardadın
surəti 7 gün müddətində Şəki Rayon Məhkəməsinə göndərilsin.
5. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
Sədr Fərhad
Abdullayev