Постановления

11.10.19 Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair


 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

11 oktyabr 2019-cu il                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Mahir Muradov, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Şövləxanım Əliyevanın və vəkili Çingiz Kazımzadənin,

mütəxəssislər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin şöbə rəisi, ədliyyə polkovniki Rövşən Rəsulzadənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Ülvi Nəsiblinin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və vəkilinin, mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra - Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Əmlak Məsələləri Dövlət Komitəsi) və Səid Qurbanova qarşı müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.

Cavabdeh S.Qurbanovun vəfatı ilə əlaqədar olaraq onun hüquq varisləri Cavqarat Qurbanova və Şövləxanım Əliyeva cavabdeh qismində əvəz edilmişlər.

Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyinin iddiası təmin edilməmişdir.

Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) ilə S.Qurbanov arasında bağlanmış 6 noyabr 2007-ci il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Z.Zülqadayev küçəsində yerləşən və Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə S.Qurbanovun müddətli istifadəsinə verilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə S.Qurbanov arasında bağlanmış 17 dekabr 2007-ci il tarixli icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsinə uyğun olaraq yuxarıda göstərilən qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə S.Qurbanov arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında 8 fevral 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Z.Zülqadayev küçəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi S.Qurbanovun müddətli istifadəsinə verilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə S.Qurbanov arasında bağlanmış 14 mart 2008-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsinə uyğun olaraq həmin torpaq sahəsi S.Qurbanova satılmış və onun torpaq sahəsi üzərində hüquqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 aprel 2008-ci il tarixində “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” Şəhadətnamə verilmişdir.

12 mart 2009-cu il tarixində S.Qurbanovun vəfat etməsindən sonra mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin 3/4 hissəsi S.Qurbanovun vərəsəsi kimi onun arvadı C.Qurbanovanın, 1/4 hissəsi isə qızı Ş.Əliyevanın xüsusi mülkiyyətinə keçmiş və bu barədə onlara Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20 iyun 2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, Müdafiə Nazirliyinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi, C.Qurbanova və Ş.Əliyevaya qarşı müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 23 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdehlər C.Qurbanova və Ş.Əliyevanın birgə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ş.Əliyeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ş.Əliyeva şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337-349-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416-418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I və II hissələri və 29-cu maddəsinin I, II, III və IV hissələri).

Konstitusiya, mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına, o cümlədən məhkəmədə müdafiəsinə də zəmanət vermişdir.

Belə ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Mülkiyyət hüququnun prosessual müdafiəsi vasitələrindən biri də məhz Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququdur.

Konstitusiya Məhkəməsinin Plenumu Q.İbadovun şikayəti üzrə 2016-cı il 7 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. nəzərə alınmaqla tətbiq edilməlidir.

Mülki işlər üzrə məhkəmə qərarlarının ədalətli və qanuni olmasının təminatı kimi mülki mühakimə icraatında prosessual qaydaların müəyyən edilməsi çıxış edir. Mülki Prosessual Məcəlləyə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı və həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 88, 217.1 və 217.3-cü maddələri).

Bakı Apellyasiya Məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 6 və 31-ci maddələrinə, eləcə də Mülki Məcəllənin 329, 331.1 və 337.2, 337.4-cü maddələrinə əsaslanaraq mübahisəli əmlaka dair müqavilələrin etibarsız olduğu qənaətinə gəlmişdir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu mülki-hüquqi əqdlərin etibarsızlığı anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir.

Qeyd edilməlidir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur.

Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Mübahisə edilən əqd tərəflərin mübahisələndirməsi nəticəsində etibarsız hala gələn əqd kimi qəbul edilir.

Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

Əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir.

Qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” (bundan sonra – II Dövlət Proqramı), Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan münasibətləri tənzimləyən əsas akt isə Torpaq Məcəlləsidir.

Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinə görə dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsi ilə dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

Həmin Qanunun 31-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi müəyyən edilmişdir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir.

Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

Lakin mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli müqavilələrin isə qeyd olunan tələblərə uyğun olmadığı qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mübahisəli əmlaka dair bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir.

Halbuki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 16.1.6-cı maddəsindən görünür ki, dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır.

Həmin Qanunun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.

Göstərilən Qanunun 29.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

II Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, II Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.

Həmin Dövlət Proqramının 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir.

Bu Dövlət Proqramının 9.1-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi S.Qurbanovun icarəsinə verilmiş mübahisə predmetini təşkil edən əmlaka dair sonuncu ilə bağladığı alğı-satqı müqavilələrinin qeyd olunmuş qanunvericilik aktlarının hər hansı imperativ qaydasına zidd olmasına dair hər hansı dəlil mövcud olmadığı halda apellyasiya instansiyası məhkəməsi həmin müqavilələri etibarsız hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə cavabdehin irəli sürdüyü dəlilləri nəzərə almadan iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən həm də Mülki Məcəllənin 373.2 və 377.1-ci maddələrinə əsaslanmaqla iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Lakin qeyd edilməlidir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi müqavilə tələbləri üzrə iddia müddəti ilə bağlı məsələləri tənzimləyir. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Halbuki, Müdafiə Nazirliyinin iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir.

Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Mübahisəli əmlaka dair bağlanan əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, Müdafiə Nazirinin Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə ünvanlandığı 24 sentyabr 2007-ci il tarixli 417 nömrəli məktubunda Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış binaları və 1.4 ha torpaq sahəsinin uzun müddət təmirsiz qalması səbəbindən aşınma nəticəsində istismara yararsız vəziyyətə düşməsini və sahənin bərpasının iqtisadi cəhətdən əlverişsiz olmasını, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsəd üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Mülki Prossesual Məcəllədə ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət hüququ və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Müdafiə Nazirliyinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, Covqarat Qurbanovaya və Şövləxanım Əliyevaya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Covqarat Qurbanovaya və Şövləxanım Əliyevaya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski Raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

       Sədr                                                                 Fərhad Abdullayev