Постановления

12.05.25. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair

 

 

12 may 2025-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev,  Fikrət Məmmədov, İsa Nəcəfov, Kamran Şəfiyev (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi)  144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şəxsin cinayət məsuliyyətindən əməllərində başqa cinayət tərkibi olmadığı halda azad edilməsini müəyyən edən müddəanın şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72.1-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən isə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.

Cinayət Məcəlləsinin 72.2-ci maddəsində qeyd olunan əsaslarla həmin Məcəllənin Xüsusi hissəsinin bir sıra maddələrinin “Qeyd” hissələrində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi müəyyən edilmişdir. Bəzi maddələrdə cinayəti  törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün onun əməlində başqa cinayət əməlinin tərkibinin olmaması tələbi nəzərdə tutulmuşdur.

Sorğuverən qeyd etmişdir ki, təcrübədə belə maddələrdə nəzərdə tutulan cinayətləri törətmiş və maddələrin “Qeyd” hissələrində cinayət məsuliyyətindən azad edilmə üçün əsas olan hərəkətləri etmiş şəxslərin əməllərində başqa cinayət əməlinin tərkibi olduqda onun “Qeyd” hissənin aid olduğu maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur.

Bəzi hüquq tətbiqedənlər hesab edirlər ki, şəxsin əməlində başqa cinayət tərkibi olduqda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilməli, müvafiq hərəkətləri etmiş olduğu təqdirdə isə Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinə əsasən cinayət məsuliyyətindən azad olunmalıdır.

Digər yanaşma tərəfdarlarına görə şəxsin əməlində başqa cinayət tərkibi də olduğu halda o, müvafiq maddələrin “Qeyd” hissələrinə əsasən cinayət məsuliyyətindən azad edilməməli, cinayətlərin məcmusu üzrə məsuliyyətə cəlb olunmalıdır.

Prokurorluğun qənaətinə görə, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şəxsin cinayət məsuliyyətindən əməllərində başqa cinayət tərkibi olmadığı halda azad edilməsini müəyyən edən müddəanın şərh olunmasına zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.

Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin labüdlüyünə baxmayaraq, həmin şəxslərin qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Cinayət məsuliyyətindən azad etmə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökmün çıxarılmasından, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsidir. Belə azad etməyə əsas verən hallar, onun şərtləri və qaydaları cinayət və cinayət-prosessual qanunvericilikləri ilə müəyyənləşdirilir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır.

Сinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair”  2022-ci il 25 iyul tarixli Qərarı).

Cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 11-ci fəsli (72-75-ci maddələri) ilə yanaşı, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində də nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi, Cinayət Məcəlləsinin Xüsusi hissəsindəki maddələrdə müəyyən olunan qeydlər həmin maddələrin ayrılmaz tərkib hissəsini təşkil edir. “Qeyd” hissələrində öz əksini tapmış və cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi hissəsindəki maddələrdə nəzərdə tutulması ondan irəli gəlir ki, həmin qeydlərdə göstərilən məsuliyyətdən azad etmənin əsasları, şərtləri, müəyyən olunma məqsədi bir-birindən tamamilə fərqlənir. Onlar  hər hansı kateqoriyadan olan cinayət əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət əməlinin xarakterinə uyğun olaraq həmin əməli nəzərdə tutan normanın qeydində onun tərkib elementi kimi müəyyən edilməklə, digər maddələrdə nəzərdə tutulmuş cinayət tərkiblərinə münasibətdə tətbiqi istisna edilir.

Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 7 iyul tarixli Qərarında da göstərmişdir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində istər Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələrində göstərilən şərtləri, istərsə də tamamilə fərqli şərtləri məsuliyyətdən azad etmə üçün əsas kimi təsbit edən qanunverici hər bir cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, cinayət məsuliyyətindən azad edilməni şərtləndirən hərəkətlərin icrası nəticəsində əldə olunacaq nəticələrin əhəmiyyətindən asılı olaraq belə normaları müəyyən etməkdə fərqli məqsədlərdən çıxış etmişdir. Bu hallarda məsuliyyətdən azad edilmə heç də yalnız cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini itirdiyinə görə deyil, həmçinin cinayətlərin törədilməsinin və ya onun mənfi nəticələrinin baş verməsinin qarşısının alınması, daha əhəmiyyətli ictimai münasibətlərin mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında duran digər vəzifələrdən irəli gəlir.

Odur ki, sorğuda istinad edilən maddələrin “Qeyd” hissələrində nəzərdə tutulmuş tənzimetmənin məhz mahiyyəti və təyinatı nəzərə alınmaqla qaldırılmış məsələyə münasibət bildirilməlidir.

Həmin maddələrin “Qeyd” hissələrinin əksəriyyətində məsuliyyətdən azad etmənin şərti olaraq “cinayət əməlinin qarşısının alınmasına yardım etmə” (Cinayət Məcəlləsinin 214 və 214-1-ci maddələri), “Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmə” (Cinayət Məcəlləsinin 274 və 278-ci maddələri), bəzilərində isə “cinayətin predmetini könüllü surətdə təhvil vermə” (Cinayət Məcəlləsinin 228 və 229-cu maddələri), “zərərçəkmiş şəxsi azad etmə” (Cinayət Məcəlləsinin 144 və 215-ci maddələri) kimi müddəalar müəyyən olunmuşdur. Bu isə ondan irəli gəlir ki, belə cinayət əməllərinin vaxtında aşkarlanıb qarşısının alınmaması daha təhlükəli nəticələrə səbəb ola, habelə başqa cinayətlərin törədilməsinə şərait yarada bilər. Qanunvericilikdə öz əksini tapmış bu kimi cinayət əməllərini törədən şəxslərin müəyyən şərtlərdə məsuliyyətdən azad edilməsinə imkan verən hüquq normaları da məhz təqsirkar şəxsi müvafiq hərəkətlərin icrasına stimullaşdırmaqla baş verə biləcək ictimai təhlükəli nəticələrin vaxtında qarşısının alınmasına, cinayətin predmetindən istifadə edilməklə başqa ictimai təhlükəli əməllərin törədilməsini önləməyə xidmət edən hüquqi vasitə kimi çıxış edir.

Nəzərə alınmalıdır ki, belə əməllərin yüksək ictimai təhlükəliliyinə baxmayaraq bu cinayətlərə görə məsuliyyətdən azad olunma dispozitiv deyil, müvafiq şərtləri yerinə yetirən şəxsə münasibətdə tətbiq edilməli olan imperativ normalar kimi təsbit edilmişdir. Bununla da cinayət törədən şəxsdə məsuliyyətdən azad olunacağına dair əminlik yaratmaqla o, müvafiq hərəkətləri icra etməyə təşviq edilir ki, nəticədə daha ictimai təhlükəli nəticələrin baş verməsinin qarşısı alınır, dövlətin və cəmiyyətin mənafelərinin qorunmasına nail olunur.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, şəxsin əməlində başqa cinayət tərkibinin olması onun Cinayət Məcəlləsinin yuxarıda sadalanan maddələrinin “Qeyd”  hissələrinə uyğun davranış nümayiş etdirdiyi təqdirdə həmin qeydin aid olduğu maddə üzrə cinayət məsuliyyətindən azad edilməsinə mane olmamalı, yol verdiyi digər cinayət əməlinə görə isə cinayət məsuliyyəti istisna edilməməlidir.

Məsələn, Cinayət  Məcəlləsinin  144 və ya 215-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü olaraq zərərçəkən şəxsi azad edərsə, o həmin maddələrin “Qeyd” hissələri üzrə cinayət məsuliyyətindən azad olunmalıdır. Lakin şəxsin əməli həm də digər cinayətlərin törədilməsi ilə müşayiət olunduğu təqdirdə o, müvafiq əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmaqla Cinayət  Məcəlləsinin 144 və ya 215-ci maddəsi üzrə məsuliyyətdən azad olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 1 oktyabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe də ondan ibarət olmuşdur ki, normada müəyyən edilmiş şərtləri yerinə yetirən şəxs məhz həmin əmələ münasibətdə “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilir.

Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) müvafiq qərarlarında da öz əksini tapmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda xüsusi ilə qeyd edilən Cinayət  Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsinə münasibətdə bildirməyi vacib hesab edir ki, həmin normanın məzmununa əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün iki şərt mövcud olmalıdır:

- Cinayət  Məcəlləsinin 228-ci maddəsində göstərilən əşyalar (odlu silah, onun komplekt hissələri, döyüş sursatı və s.) könüllü surətdə təhvil verməli;

- əməllərdə başqa cinayət əməlinin tərkibi olmamalıdır.

“Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 15-ci maddəsinə əsasən, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, Cinayət  Məcəlləsinin  228-ci maddəsi ilə məsuliyyət daşımır.

Ali Məhkəmənin Plenumunun göstərilən mövqeyinə görə, əməlində Cinayət  Məcəlləsinin  digər bir maddəsində, məsələn 232.1-ci maddədə (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) təsbit edilən cinayətin tərkibi olan şəxs könüllü olaraq odlu silahı təhvil verərsə, ictimai faydalı məzmun daşıyan bu cür davranışın doğurduğu hüquqi nəticələr ona tətbiq edilməli və o, yalnız Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli, Cinayət  Məcəlləsinin 228-ci maddəsində göstərilən əməllərə görə isə həmin maddənin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir.

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin digər maddələrinin cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan “Qeyd” hissələrində “əməldə başqa cinayət tərkibinin olmaması” ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmaması səbəbindən sorğuda qeyd edildiyi kimi hüquq tətbiqetmə təcrübəsində yaranan fikir ayrılığına münasibətdə nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin müvafiq maddələrində elə cinayət tərkibləri nəzərdə tutulmuşdur ki, onlar bir çox hallarda ya cinayət əməlinin xarakterinə, ya da cinayət məsuliyyətini ağırlaşdıran tövsifedici tərkiblərin əlamətlərinə görə başqa cinayətlərin törədilməsi ilə müşayiət oluna və cinayətlərin məcmusununun yaranması ilə nəticələnə bilər (məsələn, qanunsuz olaraq əldə edilmiş və ya hazırlanmış silahdan istifadə etməklə müxtəlif cinayətlərin törədilməsi (Cinayət Məcəlləsinin 228, 229-cu maddələri və s.).

Bu baxımdan  Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş “əməlində başqa cinayətin tərkibi olmadıqda”, “onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa”, “əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda” kimi oxşar məzmunlu müddəalar şəxsin əməlində başqa cinayət tərkibinin olmadığı halda müvafiq qeydə əsasən tamamilə cinayət məsuliyyətindən azad edilə biləcəyini müəyyən edən, əməldə digər cinayət tərkibi olduqda isə yalnız həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə görə cəlb edilməli olduğunu ehtiva edən tənzimetməni nəzərdə tutur.

Əks yanaşma, yəni həmin müddəaların genişləndirici şərhi müvafiq təşviqedici normaların müəyyən edilməsi zamanı qanunvericinin güddüyü məqsədə (cinayət törədən şəxsi ictimai faydalı davranışa stimullaşdırmaqla daha təhlükəli nəticələrin, başqa cinayət əməllərinin qarşısının alınması) və Cinayət Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş vəzifələrə uyğunsuzluq təşkil edər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və    283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1,     214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.

2.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 Sədr                                                                                            Fərhad Abdullayev