AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci
maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair
12 may 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov, İsa
Nəcəfov, Kamran Şəfiyev (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229,
274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun
sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən
təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının
dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 144, 199,
214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində
nəzərdə tutulmuş şəxsin cinayət məsuliyyətindən əməllərində başqa cinayət tərkibi
olmadığı halda azad edilməsini müəyyən edən müddəanın şərh edilməsini
xahiş etmişdir.
Sorğuda
göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72.1-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən
azad etmə) maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs
könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək
etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa
yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən isə başqa növ cinayət törətmiş
şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda,
yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən
edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.
Cinayət Məcəlləsinin 72.2-ci maddəsində qeyd olunan əsaslarla həmin Məcəllənin
Xüsusi hissəsinin bir sıra maddələrinin “Qeyd” hissələrində cinayət törətmiş şəxslərin
cinayət məsuliyyətindən azad edilməsi müəyyən edilmişdir. Bəzi maddələrdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətindən azad
edilməsi üçün onun əməlində başqa cinayət əməlinin tərkibinin olmaması tələbi nəzərdə
tutulmuşdur.
Sorğuverən
qeyd etmişdir ki, təcrübədə belə maddələrdə
nəzərdə tutulan cinayətləri törətmiş və maddələrin “Qeyd” hissələrində cinayət
məsuliyyətindən azad edilmə üçün əsas olan hərəkətləri etmiş şəxslərin əməllərində
başqa cinayət əməlinin tərkibi olduqda onun “Qeyd” hissənin aid olduğu maddə
üzrə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı fərqli yanaşmalar
mövcuddur.
Bəzi hüquq tətbiqedənlər
hesab edirlər ki, şəxsin əməlində başqa cinayət tərkibi olduqda o, yalnız həmin
cinayətə görə məsuliyyətə cəlb edilməli, müvafiq hərəkətləri etmiş olduğu təqdirdə
isə Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və
283-1-ci maddələrinin “Qeyd” hissələrinə əsasən cinayət məsuliyyətindən azad
olunmalıdır.
Digər yanaşma tərəfdarlarına
görə şəxsin əməlində başqa cinayət tərkibi də olduğu
halda o, müvafiq maddələrin “Qeyd” hissələrinə əsasən cinayət məsuliyyətindən
azad edilməməli, cinayətlərin məcmusu üzrə məsuliyyətə cəlb olunmalıdır.
Prokurorluğun qənaətinə
görə, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması, vahid
istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericilik normalarının
eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və
283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şəxsin cinayət məsuliyyətindən
əməllərində başqa cinayət tərkibi olmadığı halda azad edilməsini müəyyən edən
müddəanın şərh olunmasına zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Cinayət
törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət
qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti
cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən
edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq
edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında,
cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin
göstərilməsində mühüm vasitə rolunu oynayır.
Cinayət
törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin labüdlüyünə baxmayaraq, həmin
şəxslərin qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət məsuliyyətindən
azad edilməsi istisna edilmir. Cinayət məsuliyyətindən
azad etmə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və
barəsində ittihamedici hökmün çıxarılmasından, habelə cəzanın tətbiq edilməsindən
imtina etməklə azad edilməsidir. Belə azad etməyə əsas verən hallar, onun şərtləri
və qaydaları cinayət və cinayət-prosessual qanunvericilikləri ilə müəyyənləşdirilir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin
“Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad
edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr
tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət məsuliyyətindən
azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət
tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli
dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır.
Сinayət məsuliyyətindən azad
etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən
sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin
hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə
maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin
törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə
isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa
imkan verir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və
73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarı).
Cinayət məsuliyyətindən
azad etmə halları Cinayət Məcəlləsinin 11-ci fəsli (72-75-ci maddələri) ilə
yanaşı, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində
də nəzərdə tutulmuşdur.
Məlum olduğu kimi, Cinayət
Məcəlləsinin Xüsusi hissəsindəki maddələrdə müəyyən olunan qeydlər həmin maddələrin
ayrılmaz tərkib hissəsini təşkil edir. “Qeyd” hissələrində öz əksini tapmış və
cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən
normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi hissəsindəki
maddələrdə nəzərdə tutulması ondan irəli gəlir ki, həmin qeydlərdə göstərilən məsuliyyətdən
azad etmənin əsasları, şərtləri, müəyyən olunma məqsədi bir-birindən tamamilə fərqlənir.
Onlar hər hansı kateqoriyadan olan cinayət
əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət əməlinin xarakterinə
uyğun olaraq həmin əməli nəzərdə tutan normanın qeydində onun tərkib elementi
kimi müəyyən edilməklə, digər maddələrdə nəzərdə tutulmuş cinayət tərkiblərinə
münasibətdə tətbiqi istisna edilir.
Konstitusiya Məhkəməsinin
Plenumu “Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin
11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40,
41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 7
iyul tarixli Qərarında da göstərmişdir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
müvafiq maddələrinin “Qeyd” hissələrində istər Cinayət Məcəlləsinin 72.1 və
73.1-ci maddələrində göstərilən şərtləri, istərsə də tamamilə fərqli şərtləri məsuliyyətdən
azad etmə üçün əsas kimi təsbit edən qanunverici hər bir cinayətin xarakterindən,
ictimai təhlükəlilik dərəcəsindən, cinayət məsuliyyətindən azad edilməni şərtləndirən
hərəkətlərin icrası nəticəsində əldə olunacaq nəticələrin əhəmiyyətindən asılı
olaraq belə normaları müəyyən etməkdə fərqli məqsədlərdən çıxış etmişdir. Bu
hallarda məsuliyyətdən azad edilmə heç də yalnız cinayət törətmiş şəxsin
ictimai təhlükəliliyini itirdiyinə görə deyil, həmçinin cinayətlərin törədilməsinin
və ya onun mənfi nəticələrinin baş verməsinin qarşısının alınması, daha əhəmiyyətli
ictimai münasibətlərin mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında
duran digər vəzifələrdən irəli gəlir.
Odur ki, sorğuda istinad
edilən maddələrin “Qeyd” hissələrində nəzərdə tutulmuş tənzimetmənin məhz mahiyyəti
və təyinatı nəzərə alınmaqla qaldırılmış məsələyə münasibət bildirilməlidir.
Həmin maddələrin
“Qeyd” hissələrinin əksəriyyətində məsuliyyətdən azad etmənin şərti olaraq
“cinayət əməlinin qarşısının alınmasına yardım etmə” (Cinayət Məcəlləsinin 214
və 214-1-ci maddələri), “Azərbaycan Respublikasının mənafelərinə ziyan
vurulmasının qarşısının alınmasına sair formada kömək etmə” (Cinayət Məcəlləsinin
274 və 278-ci maddələri), bəzilərində isə “cinayətin predmetini könüllü surətdə
təhvil vermə” (Cinayət Məcəlləsinin 228 və 229-cu maddələri), “zərərçəkmiş şəxsi
azad etmə” (Cinayət Məcəlləsinin 144 və 215-ci maddələri) kimi müddəalar müəyyən
olunmuşdur. Bu isə ondan irəli gəlir ki, belə cinayət əməllərinin vaxtında aşkarlanıb
qarşısının alınmaması daha təhlükəli nəticələrə səbəb ola, habelə başqa cinayətlərin
törədilməsinə şərait yarada bilər. Qanunvericilikdə öz əksini tapmış bu kimi
cinayət əməllərini törədən şəxslərin müəyyən şərtlərdə məsuliyyətdən azad edilməsinə
imkan verən hüquq normaları da məhz təqsirkar şəxsi müvafiq hərəkətlərin
icrasına stimullaşdırmaqla baş verə biləcək ictimai təhlükəli nəticələrin
vaxtında qarşısının alınmasına, cinayətin predmetindən istifadə edilməklə başqa
ictimai təhlükəli əməllərin törədilməsini önləməyə xidmət edən hüquqi vasitə
kimi çıxış edir.
Nəzərə alınmalıdır
ki, belə əməllərin yüksək ictimai təhlükəliliyinə baxmayaraq bu cinayətlərə görə
məsuliyyətdən azad olunma dispozitiv deyil, müvafiq şərtləri yerinə yetirən şəxsə
münasibətdə tətbiq edilməli olan imperativ normalar kimi təsbit edilmişdir.
Bununla da cinayət törədən şəxsdə məsuliyyətdən azad olunacağına dair əminlik
yaratmaqla o, müvafiq hərəkətləri icra etməyə təşviq edilir ki, nəticədə daha
ictimai təhlükəli nəticələrin baş verməsinin qarşısı alınır, dövlətin və cəmiyyətin
mənafelərinin qorunmasına nail olunur.
Qeyd edilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, şəxsin əməlində başqa
cinayət tərkibinin olması onun Cinayət Məcəlləsinin yuxarıda sadalanan maddələrinin
“Qeyd” hissələrinə
uyğun davranış nümayiş etdirdiyi təqdirdə həmin qeydin aid olduğu maddə üzrə cinayət
məsuliyyətindən azad edilməsinə mane olmamalı, yol verdiyi digər cinayət əməlinə
görə isə cinayət məsuliyyəti istisna edilməməlidir.
Məsələn, Cinayət Məcəlləsinin 144 və ya 215-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü olaraq
zərərçəkən şəxsi azad edərsə, o həmin maddələrin “Qeyd” hissələri üzrə cinayət
məsuliyyətindən azad olunmalıdır. Lakin şəxsin əməli həm də digər cinayətlərin
törədilməsi ilə müşayiət olunduğu təqdirdə o, müvafiq əməllərə görə cinayət məsuliyyətinə
cəlb olunmaqla Cinayət Məcəlləsinin 144 və ya 215-ci maddəsi üzrə məsuliyyətdən azad olunmalıdır.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin
“Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 2024-cü il 1 oktyabr tarixli
Qərarında ifadə edilmiş hüquqi mövqe də ondan ibarət
olmuşdur ki, normada müəyyən edilmiş şərtləri yerinə yetirən şəxs məhz həmin əmələ
münasibətdə “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilir.
Oxşar hüquqi mövqe Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – Ali Məhkəmənin
Plenumu) müvafiq qərarlarında da öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğuda xüsusi ilə qeyd edilən Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsinə münasibətdə bildirməyi
vacib hesab edir ki, həmin normanın məzmununa əsasən şəxsin
cinayət məsuliyyətindən azad edilməsi üçün iki şərt mövcud olmalıdır:
- Cinayət Məcəlləsinin 228-ci maddəsində
göstərilən əşyalar (odlu silah, onun komplekt hissələri, döyüş sursatı və
s.) könüllü surətdə təhvil verməli;
- əməllərdə başqa cinayət əməlinin tərkibi olmamalıdır.
“Silahın, onun
komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların
qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi
haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 15-ci
maddəsinə əsasən, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını,
partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməlində
başqa cinayət əməllərinin tərkibi yoxdursa, Cinayət
Məcəlləsinin 228-ci maddəsi ilə məsuliyyət daşımır.
Ali Məhkəmənin
Plenumunun göstərilən mövqeyinə görə, əməlində Cinayət
Məcəlləsinin digər bir maddəsində,
məsələn 232.1-ci maddədə (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və
qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) təsbit edilən cinayətin tərkibi
olan şəxs könüllü olaraq odlu silahı təhvil verərsə, ictimai faydalı məzmun
daşıyan bu cür davranışın doğurduğu hüquqi nəticələr ona tətbiq edilməli və o,
yalnız Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli, Cinayət Məcəlləsinin 228-ci maddəsində göstərilən əməllərə görə isə həmin maddənin “Qeyd”
hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir.
Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin digər maddələrinin cinayət məsuliyyətindən azad etməni nəzərdə
tutan “Qeyd” hissələrində “əməldə başqa cinayət tərkibinin olmaması” ilə bağlı
hər hansı müddəanın nəzərdə tutulmaması səbəbindən sorğuda qeyd edildiyi kimi
hüquq tətbiqetmə təcrübəsində yaranan fikir ayrılığına münasibətdə nəzərə
alınmalıdır ki, Cinayət Məcəlləsinin müvafiq maddələrində elə cinayət tərkibləri
nəzərdə tutulmuşdur ki, onlar bir çox hallarda ya cinayət əməlinin xarakterinə,
ya da cinayət məsuliyyətini ağırlaşdıran tövsifedici tərkiblərin əlamətlərinə
görə başqa cinayətlərin törədilməsi ilə müşayiət oluna və cinayətlərin məcmusununun
yaranması ilə nəticələnə bilər (məsələn, qanunsuz olaraq əldə edilmiş və ya hazırlanmış
silahdan istifadə etməklə müxtəlif cinayətlərin törədilməsi (Cinayət Məcəlləsinin
228, 229-cu maddələri və s.).
Bu baxımdan Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1,
214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə
tutulmuş “əməlində başqa cinayətin tərkibi olmadıqda”, “onun hərəkətlərində
başqa cinayətin tərkibi yoxdursa”, “əməlində başqa cinayət tərkibinin əlamətləri
olmadıqda” kimi oxşar məzmunlu müddəalar şəxsin əməlində başqa cinayət tərkibinin
olmadığı halda müvafiq qeydə əsasən tamamilə cinayət məsuliyyətindən azad edilə
biləcəyini müəyyən edən, əməldə digər cinayət tərkibi olduqda isə yalnız həmin
cinayət əməlinə görə cinayət məsuliyyətinə görə cəlb edilməli olduğunu ehtiva
edən tənzimetməni nəzərdə tutur.
Əks yanaşma, yəni həmin
müddəaların genişləndirici şərhi müvafiq təşviqedici normaların müəyyən edilməsi
zamanı qanunvericinin güddüyü məqsədə (cinayət törədən şəxsi ictimai faydalı
davranışa stimullaşdırmaqla daha təhlükəli nəticələrin, başqa cinayət əməllərinin
qarşısının alınması) və Cinayət Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş vəzifələrə
uyğunsuzluq təşkil edər.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Cinayət Məcəlləsinin
144, 199, 214,
214-1, 214-3, 215, 228, 229, 274, 278 və
283-1-ci maddələrinin “Qeyd” hissələrində
nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin
də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 144,
199, 214, 214-1, 214-3, 215, 228,
229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri
yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət
məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu
halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.
2.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev