“Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

News

2025 Apr

30.04.2025

Aprelin 30-da Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilmiş “Konstitusiya və Suverenlik İli” adlı hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdən öncə iştirakçılar Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini və muzeyini ziyarət ediblər.

Bakı şəhəri Qaradağ rayonunda yerləşən 10 orta məktəbin 200 nəfər yuxarı sinif şagirdləri arasında keçirilən hüquq olimpiadasının mükafatlandırılma mərasimində Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşları, Elm və Təhsil Nazirliyinin və Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Konstitusiya Məhkəməsinin məsul nümayəndəsi sədr Fərhad Abdullayevin hüquq olimpiadası iştirakçılarına təbrik müraciətini çatdırdı və “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbirinin yüksək səviyyədə təşkil olunmasında Elm və Təhsil Nazirliyinə və Qaradağ rayon İcra Hakimiyyətinə, iştirak edən bütün məktəblərin direktor və müəllimlərinə, şagirdlərə təşəkkürünü bildirdi.

Bildirildi ki, Konstitusiya Məhkəməsi tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil olunur, maarifləndirmə işləri aparılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya – hüquq əsaslarının və prinsiplərinin daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.

Daha sonra Elm və Təhsil Nazirliyinin və Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu və gənclərin hüquq sahəsində dünya görüşlərinin artırılmasının vacibliyini vurğulayıblar. Qeyd olundu ki, çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu hüquqi dövlətin qurulmasında  mühüm dönüş nöqtəsi olub.

Tədbirin sonunda yüksək nəticə əldə edən şagirdlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi müxtəlif hədiyyə və diplomlarla təltif ediliblər.