Beynəlxalq
cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil
olunması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
Bu Konstitusiya
Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə,
soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət
qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.
Maddə 1.
Azərbaycan
Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ
(hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb
edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa
düşülə bilməz.
Maddə 2.
Bu Konstitusiya
Qanununun 1-ci maddəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi)
törətmiş şəxslərin cinayət təqibi yalnız həmin əmələ görə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata
keçirilə bilər.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 dekabr
2006-cı il
№ 189-IIIKQ