Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi
hakimlərinin
yığıncağının
19
oktyabr 2012-ci il tarixli
protokolu
ilə təsdiq edilmişdir
(8
dekabr 2017-ci il və 21 fevral 2025-ci il tarixli dəyişikliklər ilə)
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
Bu Daxili Nizamnamə Konstitusiya Məhkəməsi təşkilinin
hüquqi
əsasının möhkəmləndirilməsinə və işinin səmərəliliyinin
artırılmasına yönəlmişdir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
fəaliyyətinin əsasları
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
(bundan sonra "Konstitusiya Məhkəməsi" adlanacaq) Azərbaycan
Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə
dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
II. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan
Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq
prinsipləri əsasında qurulur.
III. Azərbaycan Respublikasının Konstitusiyası və
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilmiş məsələlərə məhkəmə
iclaslarında və yazılı prosedurla baxılır.
IV. Ezamiyyət, məzuniyyət və ya əmək qabiliyyətinin
müvəqqəti itirilməsi dövrü istisna olmaqla, Konstitusiya Məhkəməsi hakimlərinin
məhkəmə iclaslarında və müəyyən edilmiş qaydada məhkəmə qərarlarının qəbulu
zamanı səsvermədə iştirakı məcburidir.
V. Konstitusiya Məhkəməsinin iclasları, bir qayda
olaraq, Konstitusiya Məhkəməsinin binasında keçirilir.
VI. Konstitusiya Məhkəməsi binasının xüsusi rejimi
Konstitusiya Məhkəməsinin Sədri tərəfindən müəyyən edilir. Onun icazəsi olmadan
Konstitusiya Məhkəməsi binasına baxış keçirilə və orada axtarış aparıla bilməz.
VII. Konstitusiya Məhkəməsində kargüzarlıq mövcud
qanunvericiliyə və Konstitusiya Məhkəməsinin Sədri tərəfindən təsdiq edilən
"Konstitusiya Məhkəməsində kargüzarlığın aparılmasına dair" Təlimata
müvafiq olaraq aparılır.
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və
Plenumunun iclaslarında həll edilən məsələlər istisna olmaqla Konstitusiya Məhkəməsinin
maliyyə planının hazırlanması, bilavasitə hakimlərə, onların statusuna və iş şəraitinə
dair, ehtiyac olduqda, məhkəmə Aparatının işinin ümumi prinsipləri üzrə, həmçinin
qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi üçün
Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağını
çağırır. Hakimlərin yığıncağı həmçinin Konstitusiya Məhkəməsi hakimlərindən hər
hansı birinin təklifi ilə də çağırıla bilər.
II. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 6.8 və 8-ci maddələrinə uyğun olaraq Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Konstitusiya Məhkəməsi
tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi məsələsi hakimlərin
yığıncağında həll edilir.
III. Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağına Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları və digər şəxslər dəvət
oluna bilər.
IV. Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağında qərar qəbul edildikdə protokol tərtib edilir.
V. Konstitusiya Məhkəməsi Aparatının fəaliyyəti
ilə bağlı Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağının qərarı Konstitusiya
Məhkəməsi Aparatının əməkdaşları üçün məcburidir.
Maddə 3. Konstitusiya Məhkəməsi Sədrinin səlahiyyətləri
I. Konstitusiya Məhkəməsinin Sədri
qanunvericiliklə ona verilmiş əlahiyyətləri həyata keçirir.
II. Konstitusiya Məhkəməsinin Sədri həmçinin:
1) Konstitusiya Məhkəməsinin Daxili Nizanaməsinə
dürüst riayət edilməsini təmin edir;
2) Zərurət yarandıqda bir Palatanın hakimlərinin
digər Palatanın iclaslarında iştirak etmələri barədə sərəncam verir;
3) Zərurət yarandıqda məruzəçi-hakimin əvəzləşdirilməsini
təmin edir;
4) Özünün və ya hakimlərin təşəbbüsü ilə
Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar iclaslarını və ya hakimlərin
yığıncaqlarını çağırır, həmin iclas və yığıncaqlarda sədrlik edir;
5) Konstitusiya Məhkəməsi hakimlərinin xidməti
ezamiyyətini əmr ilə rəsmiləşdirir;
6) Attestasiya Komissiyasının tərkibini təsdiq
edir, Konstitusiya Məhkəməsinin Aparatı və İşlər İdarəsi əməkdaşlarının
attestasiyadan keçməsini təmin edir, qanunvericiliklə müəyyən edilmiş qaydada
onlara ixtisas dərəcəsini verir;
7) Konstitusiya Məhkəməsi Aparatının və İşlər
İdarəsinin işçilərinin ixtisaslarının artırılması işini təmin edir;
8) Hər ilin axırında Konstitusiya Məhkəməsi
hakimlərinin yığıncağında Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məruzə
edir, eləcə də Konstitusiya Məhkəməsinin hakimlərini müntəzəm olaraq öz fəaliyyəti
barədə məlumatlandırır.
Maddə 4. Konstitusiya Məhkəməsi Sədrinin bəyanatı
I. Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya
Məhkəməsi adından konstitusiya mühakimə icraatından irəli gələn məsələlərlə
bağlı bəyanatla çıxış edə bilər. Konstitusiya Məhkəməsinin Sədrinə belə bəyanatla
çıxış etməsinə səlahiyyət verilməsi haqqında qərardad hakimlərin yığıncağı tərəfindən
qəbul edilir və bəyanatın mətni əlavə edilməklə ayrıca sənəd kimi tərtib
edilir.
II. Konstitusiya Məhkəməsi adından bəyanat
haqqında qərardad qəbul edilərkən azlıqda qalan hakimlər həmin qərardaddan
narazı olmalarını aşkar bəyan etməməlidirlər.
Maddə 5. Müddətlərin hesablanması
I. Hüquqi nəticələrin yaranması ilə bağlı
olan müddətlərin hesablanmasının başlanğıcı "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikasının Qanunu və ya Konstitusiya Məhkəməsinin
qərardadı ilə müəyyən olunmuş təqvim günündən sonrakı gündən başlanır.
II. İl hesabı ilə yaranan müddət, ilin
müvafiq son ayında və günündə qurtarır. Ay hesabı ilə yaranan müddət, müddətin
müvafiq son ayında və günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə,
ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Gün ilə hesablanan
müddət axırıncı gün saat 24-də başa çatır.
III. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 2- ci maddəsinə əsasən həmin Qanunda və bu Nizamnamədə tənzimlənməyən
digər prossesual məsələlər Azərbaycan Respublikasının mülki, cinayət və digər
prossesual qanunvericiliyinə uyğun həll edilir.
Sorğu və müraciətlərin qəbul edilməsi, işlərin
hazırlanması və baxılması
üçün təyin edilməsi
Maddə 6. Sorğu və müraciətlərin ilkin öyrənilməsi
I. Müəyyən edilmiş qaydada qeydiyyatdan
keçmiş sorğu və ya müraciət Konstitusiya Məhkəməsinin Sədrinə təqdim edilir.
II. Konstitusiya Məhkəməsi Sədrinin göstərişinə
əsasən Konstitusiya Məhkəməsi Aparatının rəhbəri sorğu və müraciətlərin ilkin
öyrənilməsi ilə bağlı Aparatın müvafiq bölməsinə tapşırıq verir.
Maddə 7. Şikayətlərin Konstitusiya Məhkəməsinin
Aparatı tərəfindən ilkin öyrənilməsi qaydası
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 36.1-ci maddəsinə uyğun
olaraq hər bir yazılı şikayət Konstitusiya Məhkəməsində qeydə alındıqdan sonra
ilkin öyrənilməsi üçün bir qayda olaraq Konstitusiya Məhkəməsinin Aparatına
verilir.
II. Konstitusiya Məhkəməsinin Aparatında
şikayətin ilkin öyrənilməsi 7 gün müddətində həyata keçirilir.
III. Şikayətin ilkin öyrənilməsi nəticəsində
Konstitusiya Məhkəməsi Aparatının müvafiq qurumunun rəhbəri şikayət üzrə
aşağıdakı hərəkətlərdən birini edir:
1) Şikayətin Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid olmaması aşkar göründüyü halda şikayəti aidiyyəti üzrə baxılması üçün
müvafiq dövlət orqanına göndərir və ərizəçiyə bu barədə məlumat verir;
2) Şikayətin tərtibi “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə
uyğun olmaması aşkar göründüyü halda ərizəçiyə bu barədə müvafiq məlumat göndərərək
göstərilən tələblərə riayət olunmasını təklif edir;
3) Digər hallarda şikayəti, ona qoşulmuş sənədləri
və şikayətin ilkin öyrənilməsi barədə arayışı (bütün material vərəqələri nömrələnmiş
və sənədləri siyahıya alınmış qaydada) Konstitusiya Məhkəməsinin Sədrinə təqdim
edir.
IV. Şikayətin ilkin öyrənilməsi barədə arayış
tərtib olunaraq icraçı və Konstitusiya Məhkəməsi Aparatının qurumunun rəhbəri tərəfindən
imzalanır. Arayışda aşağıdakılar göstərilməlidir:
1) Şikayətin qeydiyyat nömrəsi və
Konstitusiya Məhkəməsinə daxil olduğu tarix;
2) Ərizəçinin tam adı (fiziki şəxsin adı,
atasının adı və soyadı; hüquqi şəxsin tam adı);
3) Şikayətdə mübahisə olunan qanunvericilik və
ya icra hakimiyyətinin normativ- hüquqi aktı, bələdiyyə və ya məhkəmə aktı barədə
məlumat;
4) Şikayətdə ərizəçinin qənaətinə görə
pozulduğu ehtimal olunan Azərbaycan Respublikasının Konstitusiyası və
qanunlarında nəzərdə tutulmuş hüquq və azadlıqlar barədə məlumat;
5) Ərizəçinin Konstitusiya Məhkəməsinə şikayət
vermək hüququnun subyekti kimi qəbul edilməsi üçün əsasın olub-olmaması;
6) Şikayət Konstitusiyanın 130-cu maddəsinin
III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə aiddirsə, şikayətin
baxılmasına dair “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 34.2 və 34.3-cü maddələrinin tələblərinə əməl olunması
barədə məlumat;
7) Şikayətin verilməsi
üçün “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 34.4-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin
mövcudluğu barədə məlumat;
8) Şikayət bilavasitə Konstitusiya Məhkəməsinə
verilmişdirsə, bunun üçün “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 34.5-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu
barədə məlumat;
9) Şikayətin tərtibinin “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 34.6-cı, əsaslandırılmasının
isə 34.6.7 və 34.7-ci maddələrinin tələblərinə uyğunluğu barədə məlumat;
10) Şikayətlə bağlı digər qeydlər.
V. Bu maddənin III hissəsinin 2-ci bəndində
göstərilmiş məlumatı alan ərizəçi şikayətini “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin
tələblərinə uyğunlaşdıraraq göstərilən Qanunun 34.4.1 və 34.4.2-ci maddələrində
nəzərdə tutulmuş müddətlər həddində yenidən Konstitusiya Məhkəməsinə müraciət
edə bilər.
VI. Bu maddənin III hissəsinin 1 və ya 2-ci bəndində
nəzərdə tutulmuş nəticələrlə razı olmayan ərizəçi “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlər həddində
təkrar şikayət verə bilər.
Maddə 8. Sorğu, müraciət və şikayətlərin
Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən öyrənilməsi
I. Sorğu, müraciət və şikayətlərin ilkin öyrənilməsi
barədə Konstitusiya Məhkəməsi Aparatının arayışı və ya bu Daxili Nizamnamənin
7-ci maddəsinin VI hissəsinə müvafiq olaraq verilmiş təkrar şikayət
Konstitusiya Məhkəməsinin Sədri tərəfindən “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada Konstitusiya Məhkəməsinin hakimlərindən birinə verilir.
Konstitusiya Məhkəməsinin Sədri hakimlərin icraatında olan işlərin mürəkkəbliyini,
həcmini və sayını nəzərə almaqla hər bir baxılacaq məsələ üzrə bir və ya bir
neçə məruzəçi-hakim təyin edir.
II. Məruzəçi-hakim sorğu, müraciət və şikayətləri
aldıqdan sonra onların surətlərini Konstitusiya Məhkəməsi Palatasının tərkibində
olan digər hakimlərə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 58.1-cimaddəsində nəzərdə tutulmuş müraciəti isə Konstitusiya Məhkəməsinin
hakimlərinə təqdim edir. Konstitusiya Məhkəməsi Palatasının tərkibində olan
hakimlərin, habelə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş məsələ ilə
bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlərin tələbi
ilə məruzəçi-hakim onlara sorğu, müraciət və şikayətlə əlaqədar bütün sənədləri
və materialları təqdim edir.
III. Sorğu, müraciət və şikayəti öyrənən məruzəçi-hakim
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
36.4-cü maddəsində nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsi Aparatına
müvafiq tapşırıq verə bilər. Belə tapşırıq Konstitusiya Məhkəməsi Aparatının rəhbəri
vasitəsilə verilir və Aparatın rəhbəri müəyyən olunmuş müddətlər çərçivəsində
onların icrasını təmin edir.
IV. Məruzəçi-hakim "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddətlər çərçivəsində
tapşırıqlarının icrası, eləcə də icraatında olan sorğu, müraciət və şikayətlərin
öyrənilməsi işini təşkil və təmin edir.
V. Sorğu, müraciət və şikayətlərin baxılması
üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş müddətlərin pozulmasına yol verməmək məqsədilə məruzəçi-hakim
ezamiyyətdə, məzuniyyətdə olduqda, əmək qabiliyyətini müvəqqəti itirdikdə və
digər səbəblər üzündən uzun müddət öz vəzifələrini icra edə bilmədikdə
Konstitusiya Məhkəməsinin Sədri öz təşəbbüsü və ya məruzəçi-hakimin xahişi ilə
digər məruzəçi-hakimi təyin edir.
VI. Bu maddənin V hissəsində göstərilən əsaslarla
Konstitusiya Məhkəməsinin Sədri bir Palatanın hakimlərini digər Palatanın
iclaslarında iştirak etmələrini təmin edir.
Maddə 9. Daxil olmuş və öyrənilməsi üçün
verilmiş sorğu, müraciət və şikayətlər haqqında hakimlərin məlumatlandırılması
I. Konstitusiya Məhkəməsinin Aparatı
daxil olmuş və öyrənilməsi üçün Konstitusiya Məhkəməsi hakimlərinə verilmiş
sorğu, müraciət və şikayətlərin reyestrini aparır və ayda bir dəfədən gec
olmayaraq Konstitusiya Məhkəməsinin Sədrinə və Konstitusiya Məhkəməsinin
müvafiq Palatalarının hakimlərinə təqdim edir.
Maddə 10. Zəruri sənəd, material və işlərin tələb
edilməsi
I. Sorğu, müraciət və şikayətlərin
Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun iclaslarında baxılması üçün
hazırlanması zamanı “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 36.3-cü maddəsinə uyğun olaraq məruzəçi-hakim, sorğu, müraciət və
şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib-edilməməsi məsələsinin
Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxıldığı dövrdə isə
müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və Plenumu zəruri olan sənədləri,
materialları və işləri tələb edə bilər.
II. Tərəflər və maraqlı subyektlər məsələnin
öyrənilməsi və Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxılması
üçün hazırlanması dövründə məruzəçi-hakimə, məsələnin Konstitusiya Məhkəməsinin
Palatalarında və Plenumunda baxıldığı dövrdə isə müvafiq olaraq Konstitusiya Məhkəməsinin
Palatalarına və Plenumuna zəruri sənədlərin, materialların və işlərin tələb
edilməsi haqqında vəsatətlə müraciət edə bilərlər.
III. Sorğu, müraciət və ya şikayətlər üzrə zəruri
sənədlərin, materialların və işlərin tələb edilməsinə dair Konstitusiya Məhkəməsinin
sorğusu məruzəçi-hakim tərəfindən imzalanır. Zəruri hallarda həmin sənədlər
Konstitusiya Məhkəməsinin Sədri və ya Sədrinin müavini tərəfindən imzalanır.
Maddə 11. Ekspert və mütəxəssisin dəvət edilməsi
I. Sorğu, müraciət və şikayətlərin baxışa
hazırlanması zamanı, habelə Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun
iclaslarında baxıldığı dövrdə müvafiq olaraq Konstitusiya Məhkəməsinin
Palataları və Plenumu ekspert və mütəxəssisləri dəvət edə bilər.
Konstitusiya Məhkəməsinin Palataları və Plenumu tərəfindən
sorğu, müraciət və şikayətlərin icraata qəbul edilməsi məsələsinə baxılması və
işlərin baxılmaq üçün təyin edilməsi.
Maddə 12. Sorğu, müraciət və şikayətlərin
icraata qəbul edilməsi
I. Konstitusiya Məhkəməsi Palatalarının
iclaslarına hazırlıq mərhələsi başa çatdıqdan sonra Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin lll-VII hissələrində və "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 32-34-cü maddələrində
nəzərdə tutulmuş sorğu, müraciət və şikayətlərin icraata qəbul edilməsi və ya
onların icraata qəbul edilməsindən imtina edilməsi məsələsinin həlli
Konstitusiya Məhkəməsi Palatalarının, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 58.1 -ci maddəsində nəzərdə tutulmuş müraciət üzrə məsələnin
həlli isə Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına çıxarılır.
II. Sorğu, müraciət və ya şikayətlərin
icraata qəbul edilməsi və ya onların icraata qəbul edilməsindən imtina edilməsinə
dair Konstitusiya Məhkəməsi Palatalarının iclaslarında yalnız müvafiq Palatanın
hakimləri iştirak edir. Palataların hakimləri növbə üzrə Palataların
iclaslarında sədrlik edirlər. Zəruri hallarda Konstitusiya Məhkəməsi
Palatalarının iclaslarına tərəflər, maraqlı subyektlər və digər şəxslər dəvət
oluna bilər. Konstitusiya Məhkəməsi Palatalarının iclaslarında protokol
aparılır.
III. “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlər həmin
Qanunun 47.1-ci maddəsində göstərilən hallarda Konstitusiya Məhkəməsinin
Palatasının və Plenumunun qərardadı ilə uzadıla bilər.
IV. Konstitusiya Məhkəməsinin Palataları və
Plenumu tərəfindən hər bir sorğu, müraciət və ya şikayət üzrə onların icraata qəbul
edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi barədə ayrı-ayrılıqda
qərardad çıxarılır və həmin qərardad iclas protokolunda əks etdirilir. Sorğu,
müraciət və ya şikayətlər üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi
Palatalarının və Plenumunun qərardadları əsaslandırılmış olmalıdır.
Konstitusiya Məhkəməsi Palatasında qərardadlar hakimlərin səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər bölündükdə sorğu, müraciət və ya şikayət qəbul edilməmiş
hesab olunur.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə
tutulmuş müraciət üzrə Plenumun iclasında azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir.
Konstitusiya Məhkəməsi Plenumunun iclası bu Nizamnamənin 12-ci maddəsinin II
hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq keçirilir. Müraciətin
icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad hakimlərin azı 5 səs çoxluğu ilə qəbul olunur.
V. Məruzəçi-hakimin sorğu, müraciət və ya
şikayətin icraata qəbul edilməsinə dair təklifi qəbul edilmədikdə, o, aparılmış
müzakirələr əsasında sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən
imtina edilməsi barədə Konstitusiya Məhkəməsinin qərardadının mətnini
hazırlayır. Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina
edilməsinin əsasları məruzəçi-hakimə tam aydın olmadıqda onun xahişi ilə belə qərardada
səs vermiş hakimlər öz dəlillərini yazılı şəkildə tərtib edərək məruzəçi-hakimə
təqdim edirlər və qərardad onların mülahizəsi əsasında tərtib edilir.
VI. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikasının Qanununun 37.0.1, 37.0.2 və 37.0.5-ci maddələrində nəzərdə
tutulmuş hallarla şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul
olunmasından imtina edilməsi haqqında qərardad qəbul edildikdən sonra eyni ərizəçi
tərəfindən Qanunun 34.4.1 və 34.4.2-ci maddələrində müəyyən edilmiş müddətlər həddində
verilən şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasına
göndərilir. Ərizəçi eyni predmet üzrə verilən yeni şikayətin hüquqi əsaslarını
dəyişdirmədikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası tərəfindən
şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi
haqqında qərardad qəbul edilir və bundan sonra ərizəçi ilə yazışmalar
dayandırılır.
Maddə 13.
Sorğu, müraciət və şikayətlər üzrə qəbul olunmuş qərardadların göndərilməsi
I. Sorğu, müraciət və şikayətlərin
Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi və ya qəbul edilməsindən
imtina olunmasına dair Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun qərardadları
ərizəçilərə və maraqlı subyektlərə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52.2, 58.1, 60.2-ci maddələrində göstərilən müddətlərdə
göndərilir.
II. Sorğu, müraciət və şikayətlərin
Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsinə dair qərardadlarla birlikdə
tərəflərə sorğu və ya şikayət, maraqlı subyektlərə isə başqa növ sənədlər də
göndərilməklə məsələyə dair yazılı mülahizələrinin Konstitusiya Məhkəməsinə təqdim
edilməsi onlardan xahiş edilir.
Maddə 14.
Konstitusiya işinin tərtibi
I. Sorğu, müraciət və ya şikayət üzrə
konstitusiya icraatı materialları məruzəçi- hakimdə saxlanılır.
II. Məsələ Konstitusiya Məhkəməsinin gündəliyinə
daxil edildikdən sonra sorğu, müraciət və ya şikayətin ilkin nüsxələri, onlara əlavə
edilmiş bütün sənədlər, sorğu, müraciət və ya şikayətlə bağlı daxil olmuş rəylər,
məruzəçi-hakim tərəfindən göndərilmiş tələb və sorğuların surətləri, sorğulara
verilmiş cavablar, ekspertin rəyi və mütəxəssisin arayışı, eləcə də işin
Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində alınmış əlavə
sənədlər Konstitusiya Məhkəməsi Plenumunun iclası başlamazdan əvvəl
konstitusiya işinin tərtib edilməsi və bütün sənədlərin məruzəçi-hakimə
qaytarılması üçün Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsinə göndərilir.
III. Konstitusiya Məhkəməsində baxılan işlərin
materialları digər məhkəmələrə və təşkilatlara verilmir.
Maddə 15.
Konstitusiya işinin Konstitusiya Məhkəməsinin Plenumunda baxılmaq üçün təyin
edilməsi
I. Konstitusiya işinə Konstitusiya Məhkəməsi
Plenumunda baxılmanın vaxtını və tarixini Konstitusiya Məhkəməsinin Sədri təyin
edir.
II. Konstitusiya Məhkəməsinin Sədri
konstitusiya işlərinə Konstitusiya Məhkəməsi Plenumunda baxılmanın növbəliyini
müəyyən edərkən sorğu, müraciət və şikayətlərin daxil olması ardıcıllığını nəzərə
alır. Təxirəsalınmaz hallarda Konstitusiya Məhkəməsinin Sədri işlərə baxılmanın
növbəliyini dəyişdirə bilər.
Maddə 16.
Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında bildiriş
I. Konstitusiya Məhkəməsi Plenumunun iclası
haqqında bildiriş tərəflərə və maraqlı subyektlərə əvvəlcədən göndərilir.
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
43-cü maddəsinə uyğun olaraq tərəflər və maraqlı subyektlər işin materialları
ilə tanış ola bilərlər.
II. Azərbaycan Respublikası Konstitusiyasının
şərhinə dair işlər üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsində göstərilən subyektlərlə yanaşı
digər dövlət orqanları və vəzifəli şəxslər də xəbərdar oluna bilərlər. Həmin
dövlət orqanlarının nümayəndələri, vəzifəli şəxslər və ya onların nümayəndələri
Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinlənilə bilərlər.
Maddə 17.
İşlərin birləşdirilməsi
I. Konstitusiya Məhkəməsi eyni predmetə aid
olan sorğu, müraciət və şikayətləri bir icraatda birləşdirə bilər.
II. Konstitusiya işlərinin bir icraatda birləşdirilməsi
məsələsi işə mahiyyəti üzrə baxılmasından əvvəl Konstitusiya Məhkəməsinin
Plenumunun iclasında həll edilir və bu barədə protokolda müvafiq qeydlər
aparılmaqla qərardad qəbul olunur. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 21.0.7-ci maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin
Sədri məsələ üzrə bir və ya bir neçə məruzəçi-hakim təyin edir.
Maddə 18.
İcraata qəbul edilmiş sorğu, müraciət və şikayətlər üzrə baxılmağa təyin
edilmiş konstitusiya işləri haqqında məlumat
I. Konstitusiya Məhkəməsinin Palataları tərəfindən
icraata qəbul edilmiş sorğu, müraciət və şikayətlərin eləcə də baxılmağa təyin
olunmuş işlərin reyestri hər ay Konstitusiya Məhkəməsinin Aparatı tərəfindən
Konstitusiya Məhkəməsinin bütün hakimlərinə göndərilir.
II. Konstitusiya Məhkəməsinin mətbuat xidməti
bir qayda olaraq konstitusiya işlərinin baxılmağa təyin olunması və onların
baxılma tarixi və vaxtı haqqında kütləvi informasiya vasitələrinə məlumat
verir.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarının
keçirilməsi
Maddə 19. Məhkəmə
iclaslarının keçirilməsinin vaxtı
I. Konstitusiya Məhkəməsi Plenumunun iclasları bir qayda olaraq şənbə,
bazar, bayram və hüzn günləri istisna olunmaqla həftənin hər hansı bir günündə
keçirilə bilər. Məhkəmə iclasları bir qayda olaraq saat 10:00-dan – 13:00-dək,
gündüz isə 14:00-dan – 18:00-dək keçirilir. Göstərilən saatlarda konstitusiya
işinin baxılması qurtarmadıqda Konstitusiya Məhkəməsi Plenumunun iclası növbəti
iş günündə davam etdirilir.
II. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 57-58-ci maddələrində nəzərdə tutulmuş hallarda
Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar iclasları keçirilir. Belə
iclaslar şənbə və bazar günlərində də keçirilə bilər.
III. Konstitusiya Məhkəməsinin Sədri
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun digər maddələrində
nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar
iclasının keçirilməsini zəruri hesab etdikdə Konstitusiya Məhkəməsi hakimlərinin
razılığı ilə bu barədə qərar qəbul edir. Belə iclaslar bu maddənin birinci hissəsində
nəzərdə tutulmuş saatlarda şənbə və bazar günləri də keçirilə bilər.
Maddə 20. Məhkəmənin
açıq iclaslarında iştirak etmək arzusunda olan şəxslərin iclas zalına
buraxılması qaydası
I. Konstitusiya Məhkəməsi Plenumunun açıq
iclaslarında iştirak etmək arzusunda olan şəxslər iclas zalına boş yerlər nəzərə
alınmaqla işin baxılmasına başlanılmazdan əvvəl və ya fasilə vaxtı
buraxılırlar.
II. Konstitusiya Məhkəməsində akkreditasiya
olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri məhkəmə iclası zalına
akkreditasiya vəsiqələri üzrə, digər jurnalistlər isə Konstitusiya Məhkəməsinin
iclas zalında boş yerlər nəzərə alınmaqla buraxılırlar.
Maddə 21.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında prosedur qaydalar
I. Konstitusiya Məhkəməsinin hakimləri məhkəmə
iclası zalına daxil olduqda məhkəmə iclasının katibi: "Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi gəlir, xahiş edirəm ayağa qalxın"
sözlərini elan edir. Konstitusiya Məhkəməsinin hakimləri iclas zalına daxil
olduqda, eləcə də oradan çıxdıqda zalda olan şəxslər ayağa qalxırlar.
II. Konstitusiya Məhkəməsi icraatında tərəflər,
xüsusi konstitusiya icraatında maraqlı subyektlər, eləcə də digər şəxslər
yalnız sədrlik edən tərəfindən onlara söz verildikdən sonra ayaq üstə çıxış
edir, izahat verir. Zəruri hallarda sədrlik edənin icazəsi ilə onlara
oturduqları yerdən çıxış etmək, izahat vermək və suallara cavab vermək imkanı
yaradıla bilər. Konstitusiya Məhkəməsi icraatında tərəflər, xüsusi konstitusiya
icraatında maraqlı subyektlər Plenumun iclasında baxılan konstitusiya işinə aid
olmayan yönəldici xarakter daşıyan suallar verə bilməzlər.
III. Hər hansı şəxs Konstitusiya Məhkəməsinə
və ya onun hakimlərinə müraciət etdikdə onların yüksək statusuna uyğun olan
"Möhtərəm məhkəmə", "Möhtərəm hakimlər" kimi müraciət
formalarından istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun iclasında
konstitusiya icraatında iştirak edən şəxslərə müraciət edildikdə isə həmin şəxslərin
tutduğu vəzifədən və ya soyadından əvvəl "Hörmətli" sözü əlavə
olunmalıdır.
IV. Məhkəmə iclası zalında olan şəxslər, o
cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri Konstitusiya Məhkəməsinə,
konstitusiya məhkəmə icraatının tərəflərinə, xüsusi konstitusiya məhkəmə
icraatında maraqlı subyektlərə, digər şəxslərə və bir-birinə qarşı hörmətlə
davranmalı, məhkəmə iclası zalında müəyyən olunmuş qaydaya riayət edilməsi
haqqında sədrlik edənin sərəncamlarına tabe olmalı, Konstitusiya Məhkəməsinin
iclası zamanı zalda gediş-gəlişə, söhbətlərə yol verməməli, iclasın gedişinə hər
hansı bir maneə yaratmamalıdırlar.
Maddə 22.
Konstitusiya Məhkəməsinin Plenumu iclasının proseduru
I. Konstitusiya Məhkəməsi Plenumunun iclasına
sədrlik edən iclasın səlahiyyətli olduğunu müəyyən etdikdən sonra iclası açır və
baxılacaq işi elan edir.
II. Sədrlik edən tərəflərin, maraqlı subyektlərin
və işə cəlb olunan digər şəxslərin (ekspert, mütəxəssis, şahid, tərcüməçi və
s.) məhkəməyə gəlməsi və iştirak etməyənlərin gəlməməsinin səbəbləri haqqında məlumat
vermək üçün məhkəmə iclasının katibinə söz verir.
III. Sədrlik edən konstitusiya işinin adını,
habelə Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən tərkibi, məhkəmə
iclasının katibini, tərəfləri, maraqlı subyektləri, onların nümayəndələrini
elan edir və lazım gəldikdə onların səlahiyyətlərini yoxlayır.
IV. Sədrlik edən konstitusiya işinin
baxılmasında iştirak edən şəxslərin hər birinə onların hüquq və vəzifələrini
izah edir.
Konstitusiya işinin baxılmasında iştirak edən
şəxs Konstitusiya Məhkəməsi Plenumunun iclasına gəlmədikdə Konstitusiya Məhkəməsinin
Plenumu gəlməyən şəxsin iştirakı olmadan işə baxmağın mümkünlüyü haqqında tərəfin,
maraqlı subyektin mülahizələrini dinləyir və məhkəmə baxışını davam etdirmək və
ya işə baxılmasını başqa vaxta keçirmək haqqında qərardad çıxarır.
V. Sədrlik edən tərəflərə və maraqlı subyektlərə
məhkəmə iclasında iştirak edən hakimlərə etiraz etmək hüququnu və etiraz etmək
üçün “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
46.1-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir.
VI. Konstitusiya işinə mahiyyəti üzrə
baxılması məruzəçi-hakimin çıxışı ilə başlanır.
VII. Məruzəçi-hakimin çıxışından sonra çıxış
üçün söz tərəflərə və ya maraqlı subyektlərə verilir. Birinci sorğuverən, ərizəçi
və ya maraqlı subyekt çıxış edir.
Tərəflərin və ya maraqlı subyektlərin
çıxışından sonra sədrlik edən hakimlərə çıxış etmiş tərəfə sual vermək imkanı
yaradır. Bundan sonra sual vermək imkanı başqa tərəfə verilir.
VIII. Zəruri hallarda məhkəməyə dəvət olunan
şəxslər (şahidlər, ekspertlər, mütəxəssislər və s.) dinlənilir, habelə
konstitusiya işinə qoşulmuş və ya məhkəmə iclasında məhkəməyə təqdim olunmuş sənədlər
elan edilir.
IX. İclasın gedişində sədrlik edən fasilə
elan edə bilər. İşi bir iş günü ərzində başa çatdırmaq mümkün olmadıqda, sədrlik
edən Konstitusiya Məhkəməsi Plenumunun iclasında fasilə elan edir və iclasın
davam etdirilməsi vaxtı haqqında məlumat verir.
X. Tərəflər və maraqlı subyektlər yekun çıxış
edə bilərlər.
XI. Konstitusiya Məhkəməsi Plenumunda işin
baxılması sədrlik edənin Konstitusiya Məhkəməsi aktının nə zaman elan olunacağı
barədə məlumatı və hakimlərin qərarın qəbul edilməsi üçün müşavirə otağına getməsi
ilə bitir.
XII. Hakim müşavirə otağının sirrini qorumağa
borcludur.
XIII. Müşavirə otağından qayıtdıqdan sonra məhkəmə
iclasında sədrlik edən və ya məruzəçi-hakim Konstitusiya Məhkəməsi Plenumunun qərarını
və ya qərardadını elan edir.
XIV. Məhkəmə iclas katibi Konstitusiya Məhkəməsi
Plenumunun qərarı elan edilməmişdən əvvəl məhkəmə iclas zalında olan şəxsləri
ayağa qalxmağa dəvət edir.
Maddə 23.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına sədrlik edən
I. Konstitusiya Məhkəməsi Plenumunun iclasına
Konstitusiya Məhkəməsinin Sədri, Sədr olmadıqda və yaxud onun tapşırığı ilə
Konstitusiya Məhkəməsi Sədrinin müavini, Sədrin müavini olmadıqda isə
Konstitusiya Məhkəməsinin daha yaşlı hakimi sədrlik edir.
II. Məruzəçi-hakim Konstitusiya Məhkəməsi
Plenumunun iclasına sədrlik edə bilməz.
Maddə 24.
Hakimə etiraz və özü-özünə etiraz etmənin qaydası
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 46-ci maddəsində nəzərdə
tutulmuş əsaslarla tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsi
Plenumunun iclasında hakimə etiraz və yaxud hakim özü- özünə etiraz edə bilər.
II. Konstitusiya Məhkəməsinin hakiminə etiraz
edildikdə və ya hakim özü-özünə etiraz etdikdə sədrlik edən “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 47.1.4-cü maddəsinə
uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumunun iclasını təxirə salır və həmin məsələyə
müşavirə otağında baxılır. Barəsində etiraz verilən hakimə etiraza dair öz
mövqeyini bildirmək imkanı yaradılmalıdır. “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 46.3 və 68.1-ci maddələrinə
uyğun olaraq açıq səsvermə yolu ilə qəbul edilmiş qərar məhkəmə iclasında sədrlik
edən tərəfindən elan edilir.
III. Eyni əsaslarla hakimə təkrar etirazın
edilməsi yolverilməzdir.
IV. Konstitusiya Məhkəməsinin hakimi barəsində
etiraz təmin edildikdə işin baxılmasından kənarlaşdırılmış hakimin iştirakı
olmadan məhkəmə baxışı təxirə salındığı andan davam etdirilir.
V. Məruzəçi-hakim barəsində verilmiş etiraz təmin
edildikdə Konstitusiya Məhkəməsinin Sədri iş üzrə yeni məruzəçi-hakimi təyin
edir. Bu halda təxirə salınan iş üzrə iclas əvvəldən başlanılır.
I. "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci
maddəsinə müvafiq olaraq işdə iştirak edən, lakin dövlət (Azərbaycan) dilini
bilməyən şəxslərə Konstitusiya Məhkəməsinin Plenumu tərəflərin və ya onların
nümayəndələrinin vəsatəti ilə və ya öz təşəbbüsü ilə məhkəmə islasında tərcüməçinin
iştirakını təmin edir.
II. Sədrlik edən məhkəmə iclasında iştirak
etməzdən əvvəl tərcüməçinin şəxsiyyətini (adını, soyadını, atasının adını, təvəllüdünü,
təhsilini, iş və ya yaşayış yerini) müəyyən edir, ona işdə iştirak edən, lakin
dövlət (Azərbaycan) dilini bilməyən şəxslər üçün ifadələrin, iclasda səslənən sənədlərin,
sədrlik edənin sərəncamlarının və Konstitusiya Məhkəməsi Plenumunun qərardadlarının
məzmununu dəqiq və dolğun tərcümə etmək vəzifəsini izah edir, habelə məhkəmə
iclasının protokolunda qeyd olunmaqla ona bilə-bilə yanlış tərcüməyə görə məsuliyyət
haqqında xəbərdarlıq edir.
III. Tərcüməçi məhkəmə iclasında tərcüməyə
başlamazdan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qarşısında aşağıdakı məzmunda
and içir və onun mətnini imzalayır: ““Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 29- cu maddəsinin tələblərinin
təmin edilməsinə, tərcüməni dəqiq və dolğun şəkildə aparılmasına and içirəm”. Tərcüməçi
tərəfindən imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə
edilir.
Maddə 26. Məruzəçi-hakimin
çıxışı
I. Məruzəçi-hakim çıxışında baxılan məsələnin
mahiyyətini izah edir, konstitusiya işinin hallarını təhlil edir, konstitusiya
işində olan sənədlərin qısa məzmunu və məsələnin hazırlanması üçün görülən tədbirlər
haqqında məlumat verir.
II. Məruzəçi-hakim çıxışında konstitusiya
işinin müqəddəratı haqqında fikir söyləməməlidir.
III. Konstitusiya Məhkəməsinin hakimləri məruzəçi-hakimə
suallar verə bilərlər.
Maddə 27.
Konstitusiya məhkəmə icraatı zamanı tərəflərin çıxışı
I. Sorğuverən və ya ərizəçi çıxışında məsələnin mahiyyətini izah edir,
mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.
II. Cavabverən çıxışında sorğu və ya şikayətlə bağlı öz mövqeyini
bildirir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.
III. Tərəfləri bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr
çıxış edə bilərlər.
Maddə 28. Xüsusi konstitusiya icraatı zamanı maraqlı subyektlərin çıxışı
I. Maraqlı subyektin nümayəndəsi çıxışında sorğu və ya müraciətin mahiyyətini
izah edir və mövqeyini əsaslandıran materialları təqdim edir.
II. Bu cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan
orqanların nümayəndələri və ya mənafelərinə toxunulan şəxslərin özləri, yaxud
nümayəndələri xüsusi konstitusiya icraatında iştirak etdikdə öz çıxışlarında
sorğu və ya müraciətlə bağlı mövqelərini bildirir və əsaslandırırlar.
III. Maraqlı subyektləri bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr
çıxış edə bilərlər.
Maddə 29. Ekspertlərin dinlənilməsi
I. Məhkəmə iclasında çıxışdan əvvəl sədrlik edən, ekspert qismində cəlb
edilmiş şəxsin şəxsiyyətini (adı, soyadı, atasının adı, iş yeri, təhsili, elmi
dərəcəsi, xüsusi və fəxri adları) müəyyən edir, ona "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində sadalanan
ekspertin hüquq və vəzifələrini izah edir, habelə məhkəmə iclasının
protokolunda qeyd olunmaqla, ona bilə-bilə yalan rəy verməyə görə məsuliyyət
haqqında xəbərdarlıq edir.
II. Ekspert Konstitusiya Məhkəməsi qarşısında aşağıdakı məzmunda and
içir və onun mətnini imzalayır: "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin tələblərinə
riayət edilməsinə və ixtisas biliklərimə əsaslanaraq obyektiv rəy verməyimə and
içirəm". Ekspert tərəfindən imzalanmış andın mətni konstitusiya işinin
materiallarına əlavə edilir.
III. Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir
ekspertə konstitusiya işinə dair rəyini Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi
təklif edir. Ekspertin çıxışından sonra ona suallar verilə bilər. Ekspertə
Konstitusiya Məhkəməsinin hakimləri, sorğuverən və ya müraciət edən cavabverən
və xüsusi konstitusiya icraatında maraqlarına toxunulan subyektlər sual verirlər.
I. Ekspertin rəyi yazılı şəkildə təqdim edilir. Rəydə ekspertin adı, təhsili,
ixtisası və elmi dərəcəsi, baxılan konstitusiya işinin adı, Konstitusiya Məhkəməsinin
qərardadında ekspert qarşısında qoyulmuş sualların cavabları və müəyyən olunmuş
qaydada rəyin mətninin altında ekspertin imzası daxil olmaqla ekspert haqqında
məlumatlar əks etdirilir.
II. Ekspertizanın aparılması ekspertlər qrupuna həvalə edildikdə
razılaşdırılmış rəyi bütün ekspertlər imzalayır. Ekspertlər arasında fikir müxtəlifliyi
olduqda onların hər biri şəxsi rəyini tərtib edir.
III. Konstitusiya Məhkəməsinin Plenumu ekspert tərəfindən verilmiş rəyin
tam olmadığı və ya aydın olmadığı qənaətinə gəldikdə, iş üzrə əlavə və ya təkrar
ekspertizanın keçirilməsinə dair qərardad qəbul edə bilər. Əlavə ekspertiza həmin
və ya başqa ekspertə, təkrar ekspertiza isə başqa ekspertə (ekspertlərə) həvalə
olunur.
I. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri bilik və düşüncəyə
malik olan, baxılan işdə marağı olmayan şəxs Konstitusiya Məhkəməsinin təşəbbüsü
və ya tərəflərin vəsatətinə əsasən məhkəmə iclasına mütəxəssis qismində
çağırıla bilər.
II. Mütəxəssis qismində çağırılmış şəxs Konstitusiya Məhkəməsinə gəlməyə,
məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər
və izahatlar verməyə borcludur.
III. Mütəxəssisin yazılı formada verdiyi arayış məhkəmə iclasında elan
edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi mülahizələri məhkəmə iclasının
protokoluna yazılır.
Maddə 32. Mütəxəssisin dinlənilməsi və mütəxəssisin arayışı
I. Mütəxəssisin dinlənilməsi bu Nizamnamənin ekspertin dinlənilməsini nəzərdə
tutan 29-cu maddəsinin 3-cü hissəsinin qaydalarına uyğun həyata keçirilir.
II. Mütəxəssisin arayışı bu Nizamnamənin ekspertin rəyini nəzərdə tutan
30-cu maddəsinin tələblərinə cavab verməlidir.
Maddə 33. Məhkəmə iclasında şahidlərin iştirakı
I. Konstitusiya işinə baxılmasında iştirak edən şahidlər dinlənilənədək
Konstitusiya Məhkəməsinin iclas zalından çıxarılırlar.
II. Konstitusiya Məhkəməsi Plenumunun iclasında şahidin ifadəsi dinlənilməzdən
əvvəl sədrlik edən onun şəxsiyyətini (adını, soyadını, atasının adını, təvəllüdünü,
yaşayış yerini) müəyyən edir, ona “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin müddəalarını
izah edir və məhkəmə iclasının protokolunda qeyd olunmaqla ona bilə-bilə yalan
ifadə verməyə görə məsuliyyət haqqında xəbərdarlıq edir.
III. Şahid Konstitusiya Məhkəməsinin Plenumu qarşısında aşağıdakı məzmunda
and içir və onun mətnini imzalayır: “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə riayət
edilməsinə, məhkəmə qarşısında yalnız və yalnız həqiqəti söyləməyə and içirəm.
Şahid tərəfindən imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə
edilir.
IV. Şahidlərin dinlənilməsi sorğuverənin şahidlərinin və ya Azərbaycan
Respublikasının Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək
hüququ verilmiş subyektin şahidlərinin dinlənilməsi ilə başlanır, bundan sonra
cavabverənin şahidləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə
tutulmuş hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə
toxunulan subyektin şahidləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə
çağırılmış şahidlər dinlənilir.
V. Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir şahidə
konstitusiya işi üzrə bildiyi məlumatları Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi
təklif edir. Şahidin çıxışından sonra ona suallar verilə bilər. Şahidə sorğuverən
və ya Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyekt, cavabverən
və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda
Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında maraqlarına toxunulan
subyektlər suallar verirlər.
VI. Konstitusiya Məhkəməsinin hakimləri şahidlərin dinlənildiyi hər bir
vaxt onlara suallar verə bilərlər.
Maddə 34. Sənədlərin elan edilməsi
I. Konstitusiya işinə əlavə edilmiş və ya məhkəmə iclasında təqdim olunmuş
sənədlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında elan edilir. Bundan sonra
sənədlərin elan edilməsi ilə bağlı tərəflər və ya maraqlı subyektlər izahat verə
bilərlər.
II. Konstitusiya Məhkəməsi Plenumunun iclasında təqdim olunmuş sənədlər
konstitusiya işinə əlavə edilir və Konstitusiya Məhkəməsi Plenumunun
protokolunda qeyd olunur.
I. Konstitusiya işinə baxılarkən tərəflər, maraqlı subyektlər və
ekspertlər Konstitusiya Məhkəməsi Plenumuna yazılı və ya şifahi vəsatətlər verə
bilərlər.
II. Yazılı verilmiş vəsatətləri Konstitusiya Məhkəməsi Plenumunun
iclasına sədrlik edənin tapşırığı ilə məhkəmə iclasının katibi elan edir və
konstitusiya işinə əlavə edir.
III. Vəsatət həmin iclasda Konstitusiya Məhkəməsi Plenumunun qəbul
etdiyi qərardadlarla təmin edilir və ya rədd olunur.
Maddə 36. Hökumətlərarası müqavilələrin qüvvəsinin və ya qüvvəyə minmə
prosesinin dayandırılması haqqında Konstitusiya Məhkəməsi Plenumunun təklifi
I. Konstitusiya işinin baxılması yekunlaşmazdan əvvəl Konstitusiya Məhkəməsinin
Plenumu Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin qüvvəsinin və
ya qüvvəyə minmə prosesinin dayandırılması təklifi ilə çıxış edə bilər.
II. Bu halda Konstitusiya Məhkəməsinin Plenumu müəyyən olunmuş qaydada
müvafiq qərardad çıxararaq onu Azərbaycan Respublikasının Prezidentinə göndərir.
Maddə 37. Tərəflərin və maraqlı subyektlərin yekun çıxışları
I. Konstitusiya məhkəmə icraatı zamanı tərəflər Konstitusiya Məhkəməsi
Plenumunun iclasında baxılan konstitusiya işinin həlli ilə əlaqədar yekun çıxış
edə bilərlər. Xüsusi konstitusiya icraatı zamanı maraqlı subyektlər
Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılan konstitusiya işinin həllinə,
Konstitusiya Məhkəməsinin Plenumu qərar çıxararkən nəzərə almalı olduğu məsələlərə
dair yekun çıxışı edə bilərlər.
II. Konstitusiya Məhkəməsinin Plenumu tərəflərə və maraqlı subyektlərə
yekun çıxışına hazırlaşmaq üçün vaxt verə bilər.
III. Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra
Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edilməsi üçün hakimlərin müşavirə
otağına gedir.
IV. Əgər tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra
konstitusiya işi üzrə tədqiqatın tam və hərtərəfli aparılmadığı aşkar olunarsa,
Konstitusiya Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 48.2-ci maddəsinə uyğun olaraq işə baxılmasının təzələnməsi
haqqında qərardad çıxara bilər.
Maddə
38. Məhkəmə iclasının protokolu
I. Konstitusiya Məhkəməsi Plenumunun bütün iclaslarında protokol
aparılır. Protokolun dəqiq və dolğun olması üçün məhkəmə iclaslarında stenoqram
aparıla bilər.
II. Konstitusiya Məhkəməsi Plenumunun qapalı iclaslarını məhkəmə
iclasının katibi protokollaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu iclasın məhkəmə
iclası katibinin iştirakı olmadan aparılması barədə qərar qəbul etdikdə belə
iclasın protokolu Konstitusiya Məhkəməsi Sədrinin göstərişi ilə Konstitusiya Məhkəməsinin
hakimlərindən biri tərtib edir.
III. Qapalı iclasın protokolu ilə yalnız Konstitusiya Məhkəməsinin
hakimləri tanış ola bilərlər. Məhkəmə iclasında iştirak etmiş hakim həmin
iclasın protokoluna dair öz qeydlərini verə bilər.
IV. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilməlidir:
1) Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi tarix;
2) Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi yer;
3) Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin adı,
atasının adı, soyadı;
4) Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən Konstitusiya
Məhkəməsi hakimlərinin adı, atasının adı, soyadı;
5) Konstitusiya Məhkəməsi Plenumunun iclasının məhkəmə iclas katibinin
adı, atasının adı, soyadı;
6) Konstitusiya Məhkəməsi Plenumunun iclasının gündəliyi;
7) Konstitusiya işinə baxılmasında iştirak edən tərəflər, maraqlı
subyektlər və onların nümayəndələri haqqında məlumat;
8) Konstitusiya işinə baxılmasında iştirak edən tərəflərin, maraqlı
subyektlərin, şahidlərin, ekspertlərin gəlməsi haqqında məlumat;
9) Konstitusiya Məhkəməsi Plenumunun hərəkətləri haqqında onların həyata
keçirildiyi ardıcılıqla məlumat;
10) Məruzəçi-hakimin çıxışı, tərəflərin, maraqlı subyektlərin çıxışları
və vəsatətləri, onlara verilən suallar və suallara cavablar;
11) Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin sərəncamları
və qəbul edilən qərardadlar;
12) Şahidlərin, ekspertlərin və mütəxəsisslərin çıxışları, onlara verilən
suallar və suallara cavablar;
13) Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışları.
V. Konstitusiya Məhkəməsi Plenumunun iclasının protokolu Konstitusiya Məhkəməsi
Plenumunun iclasına sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən
imzalanır və konstitusiya işinə əlavə edilir.
Maddə 39. İşlərə yazılı prosedur üzrə baxılması qaydası
I. “Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 27.2- ci maddəsinə uyğun
olaraq konstitusiya işində toplanmış sənədlər həmin işin mahiyyəti üzrə
baxılması üçün kifayət etdikdə, Konstitusiya Məhkəməsinin Plenumu tərəflərə və
maraqlı subyektlərə işə yazılı prosedur üzrə baxılmasına dair təklif edə bilər.
II. Tərəflərin və maraqlı subyektlərin işə yazılı prosedur üzrə
baxılmasına razılığı olduqda, Konstitusiya Məhkəməsinin Plenumu işə məhkəmə
iclası keçirilmədən və tərəflərin iştirakı olmadan yazılı prosedur üzrə
baxılmasına dair qərardad çıxarır.
III. Yazılı prosedur üzrə işə müşavirə otağında baxılır.
IV. Konstitusiya Məhkəməsinin Plenumunun yazılı prosedur qaydasında qəbul
edilmiş qərar və qərardadlarının tarixi yekun qərar və qərardadın elan edildiyi
gün hesab edilir.
V. Qəbul olunmuş qərar və qərardadın surəti yeddi gün müddətində tərəflərə
və maraqlı subyektlərə göndərilir.
Maddə 40. Konstitusiya işinə baxılarkən bir konstitusiya icraatı növündən
digər konstitusiya icraatı növünə keçmə
I. “Konstitusiya Məhkəməsi haqqında” Qanununun 40.2.1 və 40.3.9-cu maddələrində nəzərdə tutulan hallar
üzrə sorğu, müraciət və ya şikayətlərə dair konstitusiya işinə baxılarkən, zərurət
yarandıqda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən işin baxılması
konstitusiya icraatı növündən xüsusi konstitusiya icraatı növünə və ya xüsusi
konstitusiya icraatı növündən konstitusiya icraatı növünə keçirilə bilər.
V fəsil
Konstitusiya Məhkəməsi Plenumunun qərarı
Maddə 41. Konstitusiya Məhkəməsi Plenumunun qərarının
hazırlanması və qəbul edilməsi
I. Konstitusiya işinə baxıldıqdan sonra məruzəçi-hakim
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış materiallara əsaslanan qərar
layihəsini təqdim edir.
II. Məruzəçi-hakimlər arasında qərar layihəsinə
dair fikir müxtəlifliyi meydana çıxdıqda onlardan hər biri öz qərar layihəsini
təqdim edir.
III. Hakimlərin müşavirəsində yalnız
Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlər iştirak edir
və hər bir hakim öz qərar layihəsini təqdim edə bilər.
IV. Konstitusiya Məhkəməsi Plenumunun qərarı
bütövlükdə hakimlərdən adbaad sorğu edildikdən sonra açıq səsvermə yolu ilə qəbul
edilir. Düzəlişlər üzrə səsvermədə hakimlərin adbaad sorğusu yalnız bunu azı üç
hakim tələb etdikdə keçirilir. Bütün hallarda məhkəmə iclasında sədrlik edən
axırıncı səs verir.
V. Konstitusiya Məhkəməsi Plenumunun qərarını
məhkəmə iclasında sədrlik edən imzalayır. Konstitusiya Məhkəməsi Plenumunun qərarının
surəti həmin qərara səs vermiş bütün hakimlər tərəfindən imzalanır və
Konstitusiya Məhkəməsinin Sədrində saxlanılır. Bir qayda olaraq, qərarlar 15
gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edilir, lakin zərurət
yarandıqda həmin müddət uzadıla bilər.
Maddə 41-1. Konstitusiya Məhkəməsinin Plenumu
tərəfindən tövsiyələrin verilməsi
I. Ali konstitusiya ədalət mühakiməsi orqanı
olaraq qanunvericilik üzərində konstitusiya nəzarətini həyata keçirərkən
qanunvericiliyin konstitusiya prinsip və dəyərlərinə uyğun şəkildə inkişaf
etdirilməsi ilə bağlı zərurət müəyyən edildikdə, Konstitusiya Məhkəməsinin
Plenumu Qərarında normayaradıcı orqana müvafiq tövsiyələr verə bilər.
II. Müvafiq ictimai münasibətlərin tənzimlənməsinin
təmin edilməsi məqsədi ilə qanunvericilikdə mövcud olan və ya yarana biləcək
boşluqların qarşısının alınması üçün Konstitusiya Məhkəməsi Plenumunun Qərarında
əks olunmuş hüquqi mövqeyə uyğun olaraq müvəqqəti nizamlama qaydası müəyyən
edilə bilər.
Maddə 42. Konstitusiya Məhkəməsinin hakimi tərəfindən
xüsusi rəyin təqdim edilmə müddəti
I. Konstitusiya Məhkəməsi hakiminin xüsusi rəyi
Konstitusiya Məhkəməsi Plenumunun qərarı elan edildiyi gündən etibarən beş gündən
gec olmayaraq təqdim edilməlidir. Konstitusiya Məhkəməsi hakiminin xüsusi rəyi
Konstitusiya Məhkəməsi Plenumunun qərarına əlavə edilir və onunla birlikdə dərc
edilir.
Maddə 43. Konstitusiya Məhkəməsi Plenumunun qərardadının
qəbul edilməsi
I. "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 68.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda Konstitusiya Məhkəməsinin Plenumu qərardad qəbul edir.
II. Konstitusiya Məhkəməsi Plenumunun qərardadını
məhkəmə iclasında sədrlik edən imzalayır.
Maddə 44. Konstitusiya Məhkəməsi qərar və qərardadının
dərc edilməsi üçün göndərilməsi
I. Konstitusiya Məhkəməsinin təsdiq edilmiş qərar
və ya dərc olunmalı qərardadın surəti rəsmi mətbuat orqanlarında dərc edilməsi
üçün göndərilir. Bu hallarda Konstitusiya Məhkəməsi qərarının və ya qərardadının
mətni: "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi" sözləri ilə
qurtarır və həmin surətlərdə sədrlik edənin imzası əks etdirilmir.
Maddə 45. Konstitusiya Məhkəməsi qərar və qərardadlarının
icra təcrübəsinin ümumiləşdirilməsi
I. Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarların
icra vəziyyətini müntəzəm olaraq təhlil edir.
II. Konstitusiya Məhkəməsi Plenumunun qəbul
etdiyi qərarların icra vəziyyəti öyrənilərkən qərarın məcburi hüquqi qüvvəsinin
onun nəticə hissəsi ilə yanaşı təsviri- əsaslandırıcı hissəsinə də şamil
olunması nəzərə alınmalıdır.
III. Konstitusiya Məhkəməsi Aparatının
müvafiq bölməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının icrası haqqında
yarım illik və illik informasiya-analitik hesabatları Konstitusiya Məhkəməsinin
hakimlərinə təqdim edir. Zəruri hallarda Konstitusiya Məhkəməsinin Sədri
Konstitusiya Məhkəməsi Plenumunun bir və ya bir neçə konkret qərarlarının
icrası haqqında məlumatın təqdim edilməsi barədə tapşırıq verir.
IV. Konstitusiya Məhkəməsi Konstitusiya Məhkəməsi
Plenumunun qəbul etdiyi qərar və qərardadların icrası barədə dövlət orqanlarına
və vəzifəli şəxslərə sorğu göndərə bilər.
V. Konstitusiya Məhkəməsi Plenumunun qərarının
icra edilməməsi və ya tam icra edilməməsi faktı müəyyən edildikdə Konstitusiya
Məhkəməsinin Sədri Plenumun qərarının icrasını təmin etməyə yönəlmiş tədbirlər
haqqında təkliflər verə bilər.
Maddə 46.
Konstitusiya Məhkəməsinin qərar və qərardadında olan qeyri-dəqiqliklərin düzəlişi
I. Konstitusiya Məhkəməsinin hər hansı bir
hakiminin təşəbbüsü ilə Konstitusiya Məhkəməsinin qərar və qərardadının adında,
onların mətnində mövcud olan səhvlərin, açıq aydın redaksiya və texniki
qüsurların düzəlişi həyata keçirilir. Konstitusiya Məhkəməsi konstitusiya
icraatının tərəflərinin, onların nümayəndələrinin və maraqlı şəxslərin
Konstitusiya Məhkəməsinin Plenumunun qərar və qərardadında, Palataların qərardadında
aşkar olunmuş səhvlər və qüsurlar barədə edilmiş müraciətlərə baxmağa
borcludur.
II. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul
etdiyi qərar və qərardadında olan səhvlərə və qüsurlara düzəlişlər Plenumun
iclaslarında, Palata tərəfindən qəbul edilmiş qərardada isə həmin Palatanın
iclaslarında edilir.
III. Konstitusiya Məhkəməsinin qərar və qərardadında
olan səhvlərin və qüsurların düzəlişlərinə dair qərardad qəbul edilir. Belə qərardadın
surətləri Konstitusiya Məhkəməsinin Plenumunun qərarı və qərardadı, Palataların
qərardadı göndərildiyi orqan və şəxslərə, zərurət yarandıqda isə dərc edildiyi
rəsmi mətbuat orqana göndərilir.
VI fəsil
Müxtəlif növ konstitusiya işləri üzrə konstitusiya
icraatının xüsusiyyətləri
Maddə 47. Azərbaycan
Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsi
I. Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələri haqqında materiallar Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra
Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsində göstərilən müddətə
riayət edilməklə Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi
Plenumunun iclasına çıxarır və bu barədə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına bildiriş göndərilir.
II. Konstitusiya Məhkəməsi Plenumunun
iclasında Mərkəzi Seçki Komissiyası Sədrinin Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələri haqqında məlumatı dinlənilir.
III. Bu məsələyə baxılmasının nəticələrinə
dair Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunlarının rəsmi elan edilməsi haqqında qərar qəbul edir.
Maddə 48. Azərbaycan
Respublikası Prezidentinin istefa haqqında ərizəsinə baxılması
I. Azərbaycan Respublikası Prezidentinin
istefa haqqında ərizəsi daxil olduğu gündən ən geci üç gün keçənədək
Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi
Plenumunun iclasına çıxarır.
II. Bu məsələyə dair iclasa Azərbaycan
Respublikasının Prezidenti dəvət olunur. Zəruri hallarda iclasa eləcə də şahidlər,
ekspert və mütəxəssislər dəvət edilə bilər.
III. Azərbaycan Respublikası Prezidentinin
istefa ərizəsinə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsinin
Plenumu müvafiq qərar qəbul edir.
Maddə 49. Azərbaycan
Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında rəyin verilməsinə
dair məsələyə baxılması
I. Azərbaycan Respublikası Konstitusiyasının
mətninə dəyişikliklər edilməsi haqqında təkliflərin dərc olunduğu gündən ən
geci yeddi gün keçənədək Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni
Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır.
II. Konstitusiya Məhkəməsinin iclasında həmin
təklifi vermiş orqan və ya vəzifəli şəxsin nümayəndəsindən başqa mütəxəssislər
və ekspertlər də dinlənilə bilər.
III. Məsələnin baxılmasının nəticələrinə dair
Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə təsdiq olunan rəy qəbul edilir.
Konstitusiya Məhkəməsi hakiminin əmək
məzuniyyəti və ezamiyyəti
Maddə 50.
Konstitusiya Məhkəməsinin hakimlərinə əmək məzuniyyətinin verilməsi
I. Konstitusiya Məhkəməsinin hakimlərinə əmək
məzuniyyəti bir qayda olaraq hər ilin avqust ayının birindən verilir. Bununla
belə, Konstitusiya Məhkəməsinin Sədri ilə razılaşdırıldığı qaydada Konstitusiya
Məhkəməsinin hakiminə başqa vaxt da məzuniyyət verilə bilər.
Konstitusiya Məhkəməsinin hakiminə əmək məzuniyyəti
onun arzusu ilə iki hissəyə bölünərək verilə bilər. Konstitusiya Məhkəməsinin
hakimi məzuniyyətinin vaxtı barədə məhkəmənin Sədrini əvvəlcədən xəbərdar edir.
II. Konstitusiya Məhkəməsinin hakimi əmək məzuniyyətinə
gedərkən, Konstitusiya Məhkəməsinin Sədrini olduğu yer barədə məlumatlandırır.
III. Konstitusiya Məhkəməsinin hakiminə məzuniyyət
verildiyi halda məzuniyyətə çıxdığı gündən üç gün əvvəl Konstitusiya Məhkəməsinin
İşlər idarəsinin müvafiq qurumu tərəfindən ona məzuniyyət haqqı, iki aylıq əmək
haqqı məbləğində müavinət (vəzifə maaşı və ona olan əlavələr) verilir.
IV. Konstitusiya Məhkəməsinin hakimi əmək məzuniyyətindən
yalnız Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirilməsi üçün kvorum
olmadığı və işlə əlaqədar digər zəruri hallarda geri çağırıla bilər.
V. Əmək məzuniyyətindən geri çağırılan
Konstitusiya Məhkəməsinin hakiminə işə başladığı gündən etibarən əmək haqqı
hesablanır və onun razılığı əsasında istifadə edilməmiş məzuniyyət günləri gələcəkdə
müəyyən edilmiş vaxtda məzuniyyət pulu ödənilmədən verilir.
VI. Konstitusiya Məhkəməsinin hakiminə növbəti
ilin əmək məzuniyyətinin pulu hesablanarkən əvvəlki ilin istifadə edilməmiş məzuniyyət
günləri nəzərə alınmır və onun əvəzinə pul təminatı da verilmir.
Maddə 51. Konstitusiya
Məhkəməsinin hakimlərinin ezamiyyətə getməsi
I. Başqa ölkələrin qanunvericilik və məhkəmə
təcrübəsini öyrənmək, hüquq məsələləri ilə bağlı olan konfranslarda,
seminarlarda, görüşlərdə və digər rəsmi tədbirlərdə iştirak etmək üçün
Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin Sədri ilə
razılaşdırılmış qaydada ezamiyyətə gedə bilər.
II. Konstitusiya Məhkəməsi hakiminin ezamiyyətə
getməsi üçün onun arzusu və dəvətnamə mövcud olmalıdır.
III. Konstitusiya Məhkəməsinin hakiminə
ezamiyyətə getdiyi halda ona ezamiyyət xərclərinin ödənilməsi üçün müvafiq pul
məbləği verilir.
IV. Konstitusiya Məhkəməsinin hakimi ezamiyyətə
gedərkən:
1) Konstitusiya Məhkəməsinin hesabına getdikdə-ona
yol, mehmanxana və gündəlik xərclərin ödənilməsi üçün qanunvericilikdə müəyyən
edilmiş qaydada pul məbləği verilir;
2) dəvət edən tərəfin hesabına getdikdə-ona
yalnız gündəlik xərclərin 40 faizi miqdarında pul məbləği verilir;
3) Konstitusiya Məhkəməsinin və dəvət edən tərəfin
hesabına getdikdə-ona ezamiyyət xərclərinin ödənilməsi üçün bu hissənin 1 və
2-ci bəndlərinin müddəalarından istifadə edərək iki tərəfin razılaşdığı qaydada
müvafiq pul məbləği verilir.
V. Konstitusiya Məhkəməsi Aparatı
Konstitusiya Məhkəməsi hakiminin ezamiyyətə gedib-gəlmək üçün ortaya çıxan
bütün təşkilati, texniki məsələlərini hakim yola çıxdığı gündən üç gün əvvəl həll
etməlidir.
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
xitam verilməsi
Maddə 52. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
23.1.1-23.1.6-cı maddələrinə əsasən xitam verilməsi
I. "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.6-cı maddələrinə əsasən
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilməsi Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Maddə 53. Konstitusiya Məhkəməsi hakiminin səlahiyətlərinə
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
23.1.7-23.1.10-cu maddələrinə əsasən xitam verilməsi
I. Konstitusiya Məhkəməsinin Sədri
Konstitusiya Məhkəməsi hakiminin səlahiyətlərinə vaxtından əvvəl xitam verilməsi
üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası
Qanununun 23.1.7-23.1.10 -cu maddələrində nəzərdə tutulmuş əsaslardan biri və
ya bir neçəsinin olması haqqında yazılı məlumat aldıqdan sonra məhkəmənin
hakimlərindən birinə və ya bir neçəsinə alınmış məlumatın yoxlanılması və məsələnin
obyektiv həlli üçün əlavə sənədlərin toplanılmasına dair göstəriş verir.
II. "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində
nəzərdə tutulmuş əsaslarla səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi
qaldırılmış hakim Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı çağırılanadək həmin
məsələ üzrə şifahi və ya yazılı məlumat verə bilər. Hakimin yazılı məlumatı, eləcə
də məsələyə aid olan sənədlər Konstitusiya Məhkəməsinin Sədrinə və hakimlərinə
təqdim edilir.
III. Əvvəlcədən toplanılmış materialları nəzərdən
keçirdikdən sonra Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi
hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında
materialların Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında baxılması barədə
məsələni həll edir. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı mütləq barəsində
məsələ qaldırılmış hakimin iştirakı ilə keçirilir. Səhhətinə görə hakim
Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında iştirak edə bilmədiyi halda
onun yazılı məlumatı oxunur. Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi üçün müvafiq əsasların mövcudluğu haqqında məlumat vermiş şəxslər və
məsələnin həlli üçün əhəmiyyətli məlumatlara malik olan digər şəxslər
Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağına dəvət oluna bilər.
IV. "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.10-cu maddəsinə əsasən səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında məsələyə Konstitusiya Məhkəməsi hakimlərin
yığıncağında baxılmazdan əvvəl Konstitusiya Məhkəməsinin hakimi istefa haqqında
ərizə verə bilər.
V. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş bir və ya bir neçə əsaslarla
xitam verilməsi haqqında məsələ Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı tərəfindən
rədd edildikdə, həmin məsələ Konstitusiya Məhkəməsinin hakimlərinin yığıncağına
eyni əsaslar və faktiki hallarla əlaqədar təkrarən çıxarıla bilməz.
VI. Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağı hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun
23.1.7-23.1,10-cu maddələrində nəzərdə tutulmuş əsaslardan biri və ya bir neçəsinin
mövcud olmasını hesab etdikdə məsələ üzrə Azərbaycan Respublikasının
Prezidentinə təklif verilməsi haqqında əsaslandırılmış qərar qəbul edir.
Maddə 54. Səlahiyyət
müddətinin başa çatması ilə əlaqədar Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
xitam verilməsi
I. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət
müddətinin başa çatmasına iki ay qalmış Konstitusiya Məhkəməsinin Sədri bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
Konstitusiya Məhkəməsi fəaliyyətinin digər məsələləri
I. Konstitusiya Məhkəməsi Aparatının müvafiq
bölməsi ərizəçiləri Konstitusiya Məhkəməsinin Sədrinin müəyyən etdiyi qaydada qəbul
edir.
II. Qəbul haqqında məlumat ərizəçilər üçün
görünən yerdən asılır və Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsində
yerləşdirilir.
III. Zəruri hallarda ərizəçiləri Konstitusiya
Məhkəməsinin Sədri və ya onun təklifi ilə Konstitusiya Məhkəməsinin Sədr
müavini və hakimləri qəbul edir.
Maddə 56.
Konstitusiya Məhkəməsinin yaratdığı komissiyalar
I. Konstitusiya Məhkəməsinin Sədri
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi,
kadr, büdcə informasiya, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi məsələlərinin
hazırlanması və digər məqsədlərlə Konstitusiya Məhkəməsi hakimlərinin hər hansı
birinin rəhbərliyi ilə müvəqqəti və ya daimi komissiyalar yarada bilər. Həmin
komissiyaların tərkibinə Konstitusiya Məhkəməsi Aparatının işçiləri daxil edilə
bilər.
Maddə 57.
Konstitusiya Məhkəməsinin informasiya təminatı
I. Məlumatların operativliyini və
dolğunluğunu təmin etmək məqsədilə Konstitusiya Məhkəməsində Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları və digər normativ
aktları, Konstitusiya Məhkəməsinin qərarları və xarici dövlətlərin konstitusiya
məhkəmələrinin qərarları haqqında məlumatları əks etdirən kompyuter məlumat
bankından ibarət informasiya sistemi yaradılır.
Maddə 58.
Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri
I. Konstitusiya Məhkəməsi xarici ölkələrin
konstitusiya nəzarəti orqanları ilə əməkdaşlıq, nümayəndə heyətləri ilə mübadilə,
Konstitusiya Məhkəməsi hakimlərinin və Aparat işçilərinin təcrübə keçməsi, qərar
və digər məlumatların mübadiləsi və birgə elmi tədbirlərin təşkil edilməsi
haqqında sazişlər bağlamaqla işgüzar əlaqələr yaradır.
Maddə 59.
Konstitusiya Məhkəməsinin kütləvi informasiya vasitələri ilə əlaqələri
I. Konstitusiya Məhkəməsinin kütləvi
informasiya vasitələri ilə əlaqələri bir qayda olaraq Konstitusiya Məhkəməsinin
mətbuat xidməti vasitəsi ilə həyata keçirilir.
Maddə 60. Konstitusiya Məhkəməsi Aparatının və
İşlər İdarəsinin iş rejimi
I. Konstitusiya Məhkəməsi Aparatının və İşlər
İdarəsinin iş rejimi Konstitusiya Məhkəməsinin Aparatı haqqında Əsasnamə,
Konstitusiya Məhkəməsinin İşlər İdarəsi haqqında Əsasnamə, eləcə də Daxili Əmək
intizamı Qaydaları ilə müəyyən edilir.
Maddə 61.
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişiklər edilməsi
I. Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə
əlavə və dəyişikliklər edilməsi haqqında təklif Konstitusiya Məhkəməsinin hər
hansı bir hakimi tərəfindən əsaslandırılmaqla irəli sürülə bilər. Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında təkliflərə
Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında baxılır.
II. Daxili Nizamnaməyə əlavə və dəyişikliklərin
edilməsi haqqında hər bir təklif üzrə Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağı ayrıca qərar qəbul edir.