Dövlət
qulluqçularının etik davranış qaydaları haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun dövlət qulluqçuları üçün etik davranış
qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri
müəyyən edir.
Fəsil 1.
Ümumi müddəalar
Maddə 1.
Qanunun əhatə dairəsi
1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna
malik olan bütün şəxslərə şamil edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini,
insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər
tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Maddə 2.
Qanunun məqsədləri
2.0. Bu qanunun məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun
nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət
qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət qulluqçularının
fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət
qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.0.4. dövlət qulluqçuları tərəfindən etik
davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından gözlənilən
davranış barədə vətəndaşların məlumatlandırılması;
2.0.6. dövlət orqanlarının və dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri
imkanlarının genişləndirilməsi.
Maddə 3.
Xidməti davranışın hüquqi tənzimlənməsi
3.1. Dövlət qulluqçusunun xidməti davranışı
qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin
yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti
davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə
əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu
qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu qanunla müəyyən olunmuş etik davranış
qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar
dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər.
Göstərilən normativ hüquqi aktlar bu qanunun müddəalarına zidd olmamalıdır.
Fəsil 2.
Etik davranış qaydaları
Maddə 4.
Vicdanlı davranış
4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları
naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə
borcludur.
4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs
üçün vicdanlılıq nümunəsi olmalıdır.
Maddə 5.
Peşəkarlıq və fərdi məsuliyyətin artırılması
5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.
5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar
fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı
və möhkəmləndirməlidir.
Maddə 6.
Loyallıq
6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə
aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və
ya elmi yazılarına şamil olunmur.
6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin
icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət
orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən
açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.
6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu
ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
Maddə 7.
İctimai etimad
7.1. Dövlət qulluqçusu Azərbaycan
Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə,
öz adını və şərəfini uca tutmağa borcludur.
7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının
onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai
etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və
onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran media
subyektlərinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar
almasına köməklik göstərməlidir.
Maddə 8.
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar
nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların
hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə
xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və
azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar
nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol
verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar
istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı
fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti
barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar
nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə
(və ya hərəkətsizliyə) yol verməməlidir.
Maddə 9.
Mədəni davranış
Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən
birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli,
xeyirxah, diqqətli və səbirli olmalıdır.
Maddə
10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin
qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı
və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri
tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər
normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı
birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr,
sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.
Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq
almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ
hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya
tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi
intizam məsuliyyətinə səbəb olur.
Maddə
11. Qərəzsizlik
11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə
yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə,
milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq
vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər
birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə
və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin
yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin
mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli
və bu cür təsir üçün şərait yaratmamalıdır.
Maddə
12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə
yol verilməməsi
12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi
və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər
(hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin)
və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə
etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə
əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə)
görə hər hansı haqq tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş
müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin
xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
Maddə
13. Korrupsiyanın qarşısının alınması
13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və
qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət
qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar
və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə,
o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət
orqanına akt üzrə təhvil verilməlidir.
13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq
keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola
bilməz.
Maddə
14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz
icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin
icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı
yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə
haqqında» qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim
olunduğu hallara şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi
və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ
barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
Maddə
15. Maraqlar toqquşmasının qarşısının alınması
15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə
maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən
şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə
onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o,
qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan
sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
15.3. Dövlət qulluqçusu başqa vəzifəyə
keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi
hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət
qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən
edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara
və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının
qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən
və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə
və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ
xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər
hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
Maddə
16. Əmlakdan istifadə
16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət
əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya
sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat
avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat
vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi
maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin
icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
Maddə
17. Məlumatlardan istifadə
17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət
orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş
qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən
olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı
əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
Maddə
18. İctimai və ya siyasi fəaliyyət
18.1. Qanunvericiliklə başqa qayda nəzərdə
tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq
hüququna malikdir.
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti,
yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz
və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən
istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və
dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında
ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların
struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin
yaradılmasına yardım etmək qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə
mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək
qadağandır.
Fəsil 3.
Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
Maddə
19. Təminatlar sistemi
19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış
qaydalarına əməl olunması üçün:
19.0.1. dövlət qulluqçusunun davranışının etik
davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən
müntəzəm təhlil edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya
yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.
Maddə
20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət
20.1. Etik davranış qaydalarına əməl
olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada, yuxarı orqan
tabeçilik əsasında həyata keçirir.
20.1-1. Dövlət orqanlarında etik davranış
qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə
məsul olan etik davranış üzrə müvəkkil təyin edilir.
20.2. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə
uyğun olaraq həyata keçirir.
Maddə
21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət
21.1. Dövlət orqanlarında etik davranış
qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata
keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət qulluqçularının
xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına
uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
21.2.2. öz davranışı ilə etik davranış
qaydalarına əməl olunması nümunəsi göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət qulluqçuları
arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və
hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul
etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və
onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı
qanunvericiliyin tələblərinə əməl etməlidir;
21.2.6. etik davranış qaydalarının pozulmasının
qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;
21.2.7. tabeliyində olan dövlət qulluqçularına
etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik
davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu qanunla
müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları
konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib
hazırlamalı və təsdiq etməlidir;
21.2.9. etik davranış qaydalarını pozan dövlət
qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
21.2.10. etik davranış qaydaları və dövlət
qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına
malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər
görməlidir;
21.2.11. etik davranış qaydalarının pozulması
halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları
və dövlət orqanlarını məlumatlandırmalıdır;
21.2.12. etik davranış qaydalarının pozulmasının
nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın
artırılması üçün tədbirlər görməlidir;
21.2.13. etik davranış qaydalarına əməl olunması
ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
Maddə
21-1. Etik davranış üzrə müvəkkil
21-1.1. Rəhbər vəzifələr üzrə 3 (üç) ildən az
olmamaqla, 5 (beş) ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən
və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola
bilərlər.
21-1.2. Etik müvəkkil:
21-1.2.1. bu Qanunla müəyyən edilmiş etik
davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir, etik davranış
qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan
qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr
verir;
21-1.2.2. dövlət qulluqçularından və digər şəxslərdən
etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır;
21-1.2.3. daxil olan müraciətlərdən irəli gələn
məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar
verir;
21-1.2.4. dövlət qulluqçularının etik davranış
qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik
davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin
təşkilində iştirak edir;
21-1.2.5. etik davranış qaydalarının
pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür,
etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat
verir;
21-1.2.6. dövlət qulluqçularının etik davranış
qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər
verir.
Maddə
22. Nəzarət orqanının səlahiyyətləri
22.1. Nəzarət orqanı bu qanunla müəyyən
edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı
məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:
22.1.1. bu qanunla müəyyən edilmiş etik
davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları
ümumiləşdirir;
22.1.2. dövlət qulluqçularından və digər şəxslərdən
bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul
edir;
22.1.3. daxil olan şikayətlər və məlumatlardan
irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;
22.1.4. dövlət qulluqçularının etik davranış məsələləri
üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata
keçirilməsi üçün tədbirlər görür;
22.1.5. dövlət qulluqçularının etik davranış məsələləri
üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib
edir;
22.1.6. dövlət qulluqçularının etik davranış məsələləri
üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil
ekspertlərlə əməkdaşlıq edir;
22.1.7. daxil olmuş materiallarda
hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq
orqanlara göndərir;
22.1.8. dövlət qulluqçularının etik davranış məsələləri
ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
22.1.9. qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri
həyata keçirir.
22.2. Nəzarət orqanı etik davranış
qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam
icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz.
Maddə
23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət
23.1. Etik davranış qaydalarının pozulması dövlət
qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə
cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata
keçirilir.
23.3. Aşağıdakı hallarda intizam icraatına
başlanıla bilər:
23.3.1. bu qanunun müddəalarının dövlət qulluqçusu
tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və
ya digər məlumatın verilməsi;
23.3.2. mediada dövlət qulluqçusu tərəfindən
bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə
məlumatın dərc edilməsi;
23.3.3. bu Qanunun müddəalarının dövlət
qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən
edilməsi.
23.3. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən
yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin
əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi
orqanına məlumat verməlidir.
Maddə
24. Bu qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 31 may 2007-ci il
№ 352-IIIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (21
avqust 2007-ci il, № 185).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir
(31 avqust 2007-ci il, № 8, maddə 750).
28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli ; 31 may 2017-ci il tarixli, 686-VQD nömrəli; 30 dekabr 2022-ci il tarixli 788-VIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.