15.01.2020
Fərhad Abdullayevin
sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 63-cü, 71-ci və 125-ci maddələri baxımından şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı
subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini
dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki,
preyudisiya daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni
qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta
yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş
məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə
məhdudlaşır.
Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci
maddəsinin VIII hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi
üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin
təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn
təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə
minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun.
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 50-ci və 211-ci maddələrinin tələblərindən
irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq,
prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri
müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli,
cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında
araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə
bilməz.