Mayın
10-da Azərbaycanın Konstitusiya Məhkəməsi və Türkiyənin Konstitusiya
(Ana Yasa) Məhkəməsi arasında ikitərəfli əməkdaşlıq haqqında qarşılıqlı
anlaşma memorandumunun imzalanma mərasimi olmuşdur.
Memorandumu
iki ölkənin Konstitusiya Məhkəmələrinin sədrləri Fərhad Abdullayev və xanım
Tülay Tuğcu imzaladılar.
Azərbaycan
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni imzalanan sənədi iki
dost, qardaş ölkə arasında bütün sahələrdə inkişaf edən mehriban münasibətlərin
yeni, parlaq təzahürü olduğunu vurğuladı. O dedi ki, sənəd insan hüquq və
azadlıqlarının qorunması, hüquqi, demokratik dövlət quruculuğu sahəsində əməkdaşlığı,
qarşılıqlı nəzəri-təcrübə mübadiləsini, birgə tədbirlərin hazırlanıb keçirilməsini,
hüquqşünaslar üçün birgə kursların təşkilini və sairi nəzərdə tutur. Ötən il
Ankara və Vilnüsdə keçirilən tədbirlərdə xanım Tuğcu ilə işgüzar söhbət, məsləhətləşmələr
apardıqlarını, Türkiyə Konstitusiyasının 45 illiyi münasibətilə keçirilən tədbirlərdə
ölkəmizin də nümayəndəsinin iştirak etdiyini xatırladan F.Abdullayev, imzalanan
sənədi iki ölkənin ən yüksək dövlət qurumları arasında münasibətlərin səviyyəsinin
göstəricisi kimi səciyyələndirdi. O, bu memorandumun məhz xalqımızın ümummilli
lideri, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlığın ən böyük carçısı,
qurucusu olan Heydər Əliyevin doğum günü imzalanmasını xüsusilə əlamətdar hadisə
kimi dəyərləndirdi.
Türkiyə
Konstitusiya Məhkəməsinin sədri Tülay Tuğcu ilk dəfə gəldiyi Bakıda görkəmli
siyasi xadim Heydər Əliyevin doğum günü mərasimlərində iştirak etməkdən xüsusi
məmnunluq duyduğunu söylədi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün
xoş təəssürat yaratdığını, imzalanan memoranduma da ilk xeyir-duanın dövlətimizin
başçısı tərəfindən verildiyini razılıq hissi ilə vurğuladı, bu sənədin hər iki
tərəfin bütün dövlət, hüquq sistemi üçün əhəmiyyətli olacağına əminliyini
bildirdi.
Sonra
məhkəmələrin sədrləri mətbuat nümayəndələrinin suallarına cavab verdilər.
Mərasimdə
Türkiyə və Azərbaycanın Konstitusiya Məhkəmələrinin hakimləri, qardaş ölkənin
Bakıdakı səfiri Hüseyn Avni Qarslıoğlu iştirak edirdilər.
Çay süfrəsi arxasında davam edən işgüzar söhbət zamanı tərəflər bir-birinə hədiyyələr təqdim etdilər və xatirə şəkli çəkdirdilər.