2009-07-09 Almaniya Texniki Əməkdaşliq cəmiyyəti Azərbaycan ilə əməkdaşliğa böyük önəm verir

News

2009 Jul

İyulun 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri xanım Anja Königsmann ilə görüşmüşdür. 

Konstitusiya Məhkəməsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, məhkəmə-hüquq islahatları, qabaqcıl Avropa təcrübəsinin öyrənilib tətbiq edilməsi sahəsində görülən işlər barədə qonağa məlumat vermişdir.

F.Abdullayev demişdir ki, Azərbaycan məhkəmələri Avropa məhkəmə sisteminin elementlərini özündə ehtiva edir. Ölkəmizdə Avropa məhkəmə qanunvericiliyi ilə yanaşı, beynəlxalq məhkəmə qanunvericiliyindən də geniş istifadə olunur.

Sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə və hüquq sahəsində də məqsədyönlü islahatların aparıldığını vurğulayan F.Abdullayev bildirmişdir ki, Azərbaycanda Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılmış və fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübəyə, xüsusən Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrübəsinə üstünlük vermişdir. 

Konstitusiya Məhkəməsinin sədri GTZ tərəfindən 1998-ci ildən həyata keçirilməsinə başlanmış “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin xüsusi rolu olduğunu vurğulamışdır. Məhz bu layihənin icrası Azərbaycanda məhkəmə və hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsinə, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınmasına imkan yaratmışdır. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasında GTZ-nin mühüm rolunu qeyd edərək, cəmiyyət ilə əməkdaşlığın gələcəkdə də səmərəli olacağına əminliyini söyləmişdir. 

A.Königsmann səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirmişdir. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. 

Layihənin rəhbəri vurğulamışdır ki, GTZ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. A.Königsmann Azərbaycanda fəaliyyəti dövründə cəmiyyət ilə Konstitusiya Məhkəməsi arasında əlaqələrin bundan sonra da genişlənməsinə çalışacağını demişdir.

Qonaq Konstitusiya Məhkəməsinin iş şəraiti ilə tanış olmuş, iclas zallarına baxmışdır. A.Königsmanna xatirə hədiyyələri verilmişdir.