2009-05-14 Konstitusiya Məhkəməsində Türkiyə Ali Məhkəməsinin Sədri Hasan Gerçəkər ilə görüş olmuşdur

News

2009 May

Mayın 13-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev son illər respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də nailiyyətlərin əldə edildiyini, bu istiqamətdə məqsədyönlü islahatların aparıldığını bildirmişdir. Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən sədr, bu qurumun 1998-ci ildə yaradıldığını qeyd etmişdir. Vurğulanmışdır ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsinə xüsusi diqqət yetirilir. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrlə yanaşı, qardaş Türkiyənin də bu sahədə təcrübəsinin öyrənildiyini nəzərə çatdırmışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparıldığı, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın məhkmə-hüquq sistemi və hüquq mühafizə orqanları ilə də səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir.  Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir” fikrini xatırlatmış, səmimi görüşə görə təşəkkürünü bildirmişdir. Türkiyəli qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın dinamik inkişafının Türkiyədə maraqla izləndiyini deyən qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. Azərbaycanda ədalət mühakiməsinin müasirləşməsindən danışan Hasan Gerçəkər, ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulamışdır. 

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallara ətraflı cavab verilmişdir. 

Sonra xatirə şəkli çəkdirilmişdir. 

Türkiyəli qonaq Konstitusiya Məhkəməsi əməkdaşlarının iş şəraiti ilə tanış olmuşdur.