Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir.
Müasir dövrdə dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində fəaliyyətlərinin və cinayət işləri üzrə dövlətlərarası əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması və nəzərə alınması qaydasının Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.