2019-03-07 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

News

2019 Mar

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Iclasda H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 4 dekabr tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 2010-cu il 31 mart tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 4 dekabr tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.2-ci və 465.1.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks edilmiş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.