2009-02-06 Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı

News

2009 Feb

Fevralın 5-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 2008-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yığıncağı açaraq, əvvəlcə 2008-ci ildə görülmüş işlərdən danışmışdır. Ötən il Konstitusiya Məhkəməsinin bir sıra mühüm qərarlar qəbul etdiyini diqqətə çatdıran sədr, sonra sözü aparatın şöbə müdirlərinə vermişdir.

Hər bir şöbə üzrə hesabatlar dinlənilmiş, yerinə yetirilmiş tapşırıqlar barədə məruzələr edilmiş, konstitusiya, cinayət, mülki, həmçinin insan hüquqları sahəsində Konstitusiya Məhkəməsinin müvafiq strukturları tərəfindən aparılmış tədqiqat və araşdırmalarla bağlı məlumatlar verilmiş və 2009-cu ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı təkliflər irəli sürülmüşdür. 

Bildirilmişdir ki, 2008-ci ildə Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri daha da genişlənmiş, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra vacib tədbirlərin görüldüyü xüsusi vurğulanmışdır.

Sədr F.Abdullayev qeyd etmişdir ki, ötən il bir sıra xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə əlaqələr qurulmuşdur. Hər il olduğu kimi, ötən il də Konstitusiya Məhkəməsinə daxil olan ərizə və şikayətlər şöbələr tərəfindən araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir. 

Yığıncağa yekun vuran F.Abdullayev, 2008-ci ildə ümumilikdə Konstitusiya Məhkəməsinin fəaliyyətini müsbət qiymətləndirmişdir. O, vurğulamışdır ki, 2008-ci ilin iyul ayının 14-də Konstitusiya Məhkəməsinin 10 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhkəmənin kollektivinə ünvanladığı təbrik məktubunda Məhkəmənin işi yüksək qiymətləndirilmiş, eyni zamanda bir sıra tövsiyələr və təlimatlar öz əksini tapmışdır. Həmin tövsiyələr və təlimatlar Məhkəmənin fəaliyyətində rəhbər tutularaq, Konstitusiya aliliyinin təmin olunmasında əsas kimi götürülür. 

F.Abdullayev bu ilin mart ayında ölkəmizdə ümumxalq səsverməsinə çıxarılacaq «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı»nın dövlət quruculuğu və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. 

Sonda xarici konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, tətbiq edilməsi, beynəlxalq hüquq və milli qanunvericiliyin təhlili ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.