2009-02-03 Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin sədri Keyptaunda keçirilən beynəlxalq forumda iştirak etmişdir

News

2009 Feb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-24-dək Keyptaun şəhərində Avropa Şurası Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Konstitusiya Məhkəməsinin birgə təşkil etdiyi “Konstitusiya ədalət mühakiməsinin cəmiyyətin inkişafına təsiri” mövzusunda Konstitusiya Məhkəmələrinin Dünya Forumunda iştirak etmişdir.
 
Tədbirin təntənəli açılışında Cənubi Afrika Respublikasının Prezidenti Kalema Motlante çıxış edərək, konstitusiya nəzarəti orqanlarını sıx əməkdaşlığa dəvət etmiş, beynəlxalq forumun işinə uğurlar arzulamışdır. Prezident, həmçinin dövlətlərarası əlaqələrin inkişafına məhkəmə-hüquq orqanlarının əməkdaşlığının xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir. 

Forumda xarici konstitusiya nəzarəti orqanları qərarlarının milli konstitusiya məhkəmələrinin fəaliyyətində tətbiqi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin konstitusiya məhkəmələrinin qərarlarında öz əksini tapması, konstitusiya məhkəmələrində baxılan fərdi şikayətlərlə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır. 

Forumun yekununda Bəyannamə qəbul edilmişdir. Bəyannamədə deyilir ki, ölkə konstitusiyalarında təsbit edilmiş dəyərlərin müdafiəsində Konstitusiya Məhkəmələri xüsusi rol oynayır. Dünya Forumunda dinlənilmiş məruzələr və aparılmış müzakirələr onu göstərir ki, bəzi konstitusiya-hüquq xüsusiyyətlərinə baxmayaraq, konstitusiya nəzarəti orqanları insan hüquq və azadlıqlarının qorunması məqsədi ilə bu sahədə beynəlxalq əməkdaşlıq həyata keçirirlər. Bu əməkdaşlıq çərçivəsində Konstitusiya Məhkəməsinin hakimləri oxşar işlərə baxarkən öz xarici həmkarlarının təcrübəsini ümumiləşdirərək müvafiq məhkəmə praktikasını tətbiq edirlər. Məhz bu məqsədlə milli məhkəmələr arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi məqsədəuyğun hesab olunur. 

Səfər çərçivəsində Cənubi Afrika Respublikası Konstitusiya Məhkəməsinin sədri Puis Lanqa ilə görüş keçirilmiş, məhkəmələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir.