2018-07-06 Bakıda Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

News

2018 Jul

İyulun 6-da Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə təşkil olunan konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.

Fərhad Abdullayev təbrik məktubuna görə Prezident İlham Əliyevə Məhkəmənin kollektivi adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Konstitusiya Məhkəməsinin işinə dövlətimizin başçısının verdiyi bu yüksək qiymət Məhkəmənin kollektivi üçün çox böyük qiymət və etimaddır.

Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətinə dair geniş məruzə ilə çıxış edən Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması ölkəmizdə Konstitusiyanın aliliyinin təmin olunması, demokratik proseslərin daha əsaslı gedişatı yolunda mühüm addım olub. Konstitusiya Məhkəməsi yarandığı ilk gündən ötən 20 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına imkan verən qərarlarla qısa müddətdə ictimaiyyətin etimadını qazanmağa çalışıb.

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi heç bir miras almadan öz fəaliyyətini ağ vərəqdən başlayıb. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilməz 372 qərardan 345-i birbaşa insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə yönəlib. Azərbaycanın hüquq sistemində Konstitusiya şikayəti institutunun yaradılması ulu öndər Heydər Əliyevin mütərəqqi və müdrik təşəbbüsü ilə bağlıdır. 2002-ci ildə keçirilmiş referendum nəticəsində Əsas Qanuna edilmiş əlavə və dəyişiklərlə bir sıra demokratik yeniliklərlə yanaşı, insan hüquqları üzrə müvəkkil (ombudsman), məhkəmələr və sadə şəxslər, o cümlədən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı əldə ediblər.

Fərhad Abdullayev bildirib ki, məhkəmə-hüquq təcrübəsinə, beynəlxalq hüquq normalarına, habelə insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin formalaşmasında hər zaman xüsusi önəm verilib. Bu gün hüquq sistemində özünəməxsus yer tutan konstitusiya ədalət mühakiməsi orqanı müasir dünyada cərəyan edən proseslərin iştirakçısına çevrilərək digər dövlət orqanlarının üzləşdiyi çağırışlarla qarşılaşır. Qloballaşma, regional inteqrasiya prosesləri, beynəlxalq və milli hüquq qaydaları arasında qarşılıqlı əlaqə və uyğunsuzluq Konstitusiya ədliyyəsindən də yan keçməyib.

Diqqətə çatdırılıb ki, bu gün Konstitusiya məhkəmələrinə cəmiyyətin inam və etimadını doğrultmağa çalışan, düşünülmüş və əsaslandırılmış qərarlar qəbul edən, Konstitusiyanın aliliyi, insan və dövlətin maraqlarının konstitusion balanslarını təmin edən əsas qanunun qoruyucusu rolu məxsusdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə milli konstitusiya ədliyyəsinin təməlini qoyaraq ölkəmizdə qanunçuluğun təmin edilməsi işinə töhfə verməkdədir. Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin mühüm orqanına çevrilərək, məhkəmə hakimiyyəti sistemində öz layiqli yerini tutub, fəaliyyət göstərdiyi dövrdə hüququn bir çox sahələrində xüsusi əhəmiyyət daşıyan qərarlar qəbul edib.

Müasir dünyanın sürətlə inkişaf etdiyini, cəmiyyətin həyatına yeni amillərin daxil olduğunu vurğulayan Fərhad Abdullayev qeyd edib ki, nəticədə hüquq sahəsində tənzimlənməsi tələb olunan yeni sahələr yaranır, iqtisadiyyatın, cəmiyyətin və dövlətin idarə edilməsində ən yeni texnologiyalardan, süni intellektdən fəal istifadə edilməsi dövrü artıq başlanıb. Bütün bu yeniliklər digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq fəaliyyətinə də təsir edir. Məhkəmə özlüyündə cəmiyyətin inkişafından kənarda qala bilməz. Konstitusiya nəzarəti orqanları yaranan çağırışlara cavab verə bilən səmərəli təsisatlardan biri kimi çıxış edə bilər.

Konstitusiya Məhkəməsinin sədri çıxışını yekunlaşdıraraq deyib: “İnanıram ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demokratik-hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların səmərəli müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcək”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanda Konstitusiya nəzarəti institutunun yaradılmasının demokratiyanın inkişafı istiqamətində irəli atılmış çox mühüm addım olduğunu vurğulayıb.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılması və qəbulu prosesi barədə məlumat verən Ziyafət Əsgərov deyib ki, Konstitusiya Məhkəməsinin yaradılmasına hüquqi dövlət, sosial dövlət və vətəndaş cəmiyyəti aspektindən baxılmalıdır. Çünki Konstitusiya nəzarəti o vaxt daha səmərəli fəaliyyət göstərir ki, hər üç komponent cəmiyyətdə mövcud olsun. Azərbaycan Konstitusiyasında hər üç komponent əksini tapıb. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi davam edir, ölkəmiz sosial dövlətdir və Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olub. Belə şəraitdə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması daha çox asanlaşır və bu, Konstitusiya Məhkəməsinin işini daha da asanlaşdırır.

Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və onların layiqli həyat tərzinin təmin edilməsi olduğunu vurğulayan Z.Əsgərov bildirib ki, bu prinsiplərin cəmiyyətdə bərqərar olması hüquqi dövlət konsepsiyasının özünü doğrultmasını şərtləndirən amillərdəndir. Bu gün Azərbaycan bu reallıqlarla yaşayır. Konstitusiyamızda bu institutların təsbit olunması onu deməyə əsas verir ki, biz həqiqətən demokratiya yolundayıq. Azərbaycanın bugünkü inkişafı, ölkəmizdə Avropa yurisdiksiyasının tətbiqi və insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda qətiyyətli addımlar atmasının göstəricisidir.

Ötən 20 ildə Konstitusiya Məhkəməsinin üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirdiyini və dövlət orqanları sistemində özünəməxsus layiqli yer tutduğunu vurğulayan Ziyafət Əsgərov Azərbaycanda Konstitusiya nəzarəti orqanı ilə Milli Məclis arasında səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio yenidən ölkəmizdə olmaqdan və Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr edilən konfransda iştirakdan məmnunluğunu bildirib. Konstitusiya Məhkəməsinin əsas missiyasının Konstitusiyanın sabitliyini və qanunun aliliyini təmin etmək olduğunu vurğulayan qonaq Venesiya Komissiyasının Azərbaycan ilə bağlı qəbul etdiyi qərarlardan danışıb.

Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran C.Bukikkio bildirib ki, Konstitusiya Məhkəməsinin bir vəzifəsi də vətəndaşların hüquqlarının qorunması, onların ədalətsizlik halları ilə üzləşməsinə yol verməməkdir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan qanunun aliliyi beş əsas komponentdən ibarətdir. Belə ki, hüquqilik, müəyyənlik, sui-istifadə hallarının azaldılması, diskriminasiya və qərəzliliyə qarşı mübarizə və ədliyyəyə çıxış imkanı komponentlərinin hər biri hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət daşıyır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” proqramının rəhbəri Tomas Meyer Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra mühüm tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq, yubiley münasibətilə təbriklərini çatdırıb. T.Meyer bildirib ki, hazırda bəzi ölkələrin, o cümlədən Almaniyanın hüquq ictimaiyyətində Konstitusiyanın özünün də bir qanun olub-olmaması istiqamətində fəal müzakirələr aparılır.

İnkişaf etmiş ölkələrdə Konstitusiya Məhkəməsinin vacib rol oynadığını vurğulayan T.Meyer deyib ki, bu Məhkəmənin qəbul etdiyi qərarlar bir növ Əsas Qanunun mətninin ifadəsidir.

Konfransda “Hüquq bərabərliyini təmin edən səmərəli institusional mexanizmlər” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmiz üçün bir çox baxımdan əlamətdar olan 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, Konstitusiya Məhkəməsinin 20 illik yubileylərinin qeyd edildiyini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. O, Cümhuriyyətin demokratik prinsiplərə sadiq qalaraq bütün vətəndaşlar üçün təmin etdiyi hüquq bərabərliyi prinsipinin otuz il sonra BMT-nin insan hüquqları Bəyannaməsində əksini tapdığını qeyd edib.

Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın ilk Konstitusiyasının ümumxalq müzakirəsindən sonra qəbul olunduğunu vurğulayan E.Süleymanova Əsas Qanunun maddələrinin üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olduğunu qeyd edib.

Elmira Süleymanova bildirib ki, Konstitusiya Məhkəməsinin Əsas Qanunun, Konstitusiyanın və qanunların aliliyinin, hər kəsin hüquq və bərabərliyi prinsiplərinin bərqərar olunması sahəsində uğurlu fəaliyyəti ölkəmizdə bu sahələrdə əlverişli şərait yaradıb. Bu prinsiplər Ombudsman təsisatının da əsas hədəfləri arasındadır. Ölkəmizdə Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında formalaşmış konstruktiv əməkdaşlıq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində praqmatik mexanizm yaradıb. Ombudsmanın sorğuları əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar qanunun aliliyinin, insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına xidmət edir.

“Konstitusiya nəzarəti: Avstriya təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədri Bricit Birlayn çıxışında bildirib ki, müasir Konstitusiya məhkəmələrinin yaradılması prosesi əsasən İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət almağa başlayıb. Ötən müddət göstərib ki, Konstitusiya Məhkəməsinin normal fəaliyyəti demokratiya və qanunun aliliyi olmadan mümkün deyil. Konstitusiya Məhkəməsi həmişə konkret qaydalar üzərində və siyasi maraqları nəzərə almadan, qanunların uyğunluğunu təmin edən qərarlar qəbul edir. Məhz bu prinsip – Konstitusiya Məhkəməsinin siyasi amilləri deyil, sırf qanunların uyğunluğunu əsas götürərək qərarlar qəbul etməsi insanların Konstitusiya Məhkəməsinə daha çox inanmağa başlamasına səbəb olub.

Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Maseykova“Konstitusiya ədalət mühakiməsinin bəzi məsələləri” adlı məruzəsində Azərbaycan ilə Slovakiya arasındakı dostluq münasibətlərinə toxunub. Bildirib ki, hər bir ölkədə Konstitusiya məhkəmələri ilə bağlı müəyyən tənqidlər səslənir və bu da adi haldır. Çünki Konstitusiya məhkəmələri hər hansı boşluqda fəaliyyət göstərmirlər. Lakin bu tənqidlər real faktlara və əsaslandırılmış hüquqi mövqeyə sahib olmalıdır. Tənqidin qəbul edilən qərarların diskreditasiyası üçün əsas yaratmadığını deyən qonaq məhkəmə qərarlarının tənqid olunmasının həmin qərarların xarakterindən irəli gəldiyini bildirib.

Konstitusiya Məhkəməsinin fəaliyyətində balanslaşdırmanın əhəmiyyətindən danışan Slovakiya Konstitusiya Məhkəməsinin sədri Əsas Qanunun yaradılması prosesindən, Konstitusiya məhkəmələrinin normal fəaliyyəti üçün vacib olan tələblərdən danışıb. Qonaq çıxışının sonunda yubiley münasibətilə təbriklərini çatdıraraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan sonra da düzgün və keyfiyyətli qərarlar qəbul etməyi arzulayıb.

“Müasir hüquqi dövlətin inkişaf prosesində konstitusiya ədalət mühakiməsi” mövzusunda məruzə ilə çıxış edən Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviç ölkəsində Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışıb, hüquqi dövlətin Konstitusiyada əksini tapan dəyərlər və prinsiplər əsasında formalaşdığını bildirib. Konstitusion dəyərlərin bərabərliyinin cəmiyyətdə sabitliyə mühüm töhfə olduğunu diqqətə çatdıran P.Miklaşeviç Belarusun demokratik, sosial-hüquqi dövlət olduğunu vurğulayaraq, müasir dövrdə konstitusion dəyərlərin yeni məna daşıdığını diqqətə çatdırıb.

Hazırda hüquqi dövlətin fəaliyyətindən danışan P.Miklaşeviç qloballaşma dövründə konstitusion prinsip və dəyərlər baxımından yeni tendensiyaların yaranmasına toxunub. O, həmçinin Konstitusiya məhkəmələrinin formalaşdırdığı hüquqi mövqelər, qanunun aliliyi, milli maraqlar nəzərə alınmaqla Konstitusiya uyğunluğunun qorunub saxlanılmasının vacibliyi məsələlərinə dair fikirlərini bildirib, Konstitusiya Məhkəməsini Əsas Qanunun orbiti adlandırıb.

Monteneqro Respublikası Konstitusiya Məhkəməsinin sədri Draqolyub Draşkoviç“Monteneqro Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya asayişinin və insan hüquq və azadlıqlarının müdafiəçisi kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Konstitusiya və qanunun hökmlərinin yerinə yetirilməsi baxımından Monteneqro Konstitusiya Məhkəməsi tam səlahiyyətli ali məhkəmə orqanıdır. Konstitusiya Məhkəməsinin dövlət hakimiyyətində mühüm yer tutduğunu vurğulayan D.Draşkoviç Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb.

Konfransda “Nəzəriyyədə və məhkəmə konstitusionalizmi təcrübəsində dəyərlər: əsas ölçülər və prioritetlər” adlı məruzə ilə çıxış edən Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Nikolay Bondar yubiley münasibətilə Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorqinin təbriklərini çatdırıb. N.Bondar müasir konstitusionalizmin ziddiyyətli tendensiyalarının olması ilə yanaşı, bu sahədə ənənələrin də mövcudluğunu qeyd edib. Qonaq bir çox ölkələri eyni konstitusiya hüquqlarının birləşdirdiyini deyərək buna görə qarşıda duran vəzifələrin də eyni olduğunu vurğulayıb. O, müxtəlif ölkələrin konstitusion sistemlərində optimal qərarların fərqliliyi ilə bağlı məsələyə münasibət bildirərək bərabərliyin əksikliyindən danışıb, hüquqi sistemdə Konstitusiya Məhkəməsinin rolunun artmasının əhəmiyyətini qeyd edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının implementasiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu” adlı məruzəsində bildirib ki, Avropa Konvensiyasının implementasiyası milli məhkəmələrin iştirakı olmadan mümkün deyil. Avropa Konvensiyasının mexanizmi subsidial xarakter daşıyır. Belə ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, ilk növbədə, dövlətlərin məsuliyyətidir və bu hüquqlar milli səviyyədə təmin olunmalıdır. Bu tələb bütün dövlət orqanlarına, xüsusilə məhkəmələrə aiddir.

Qeyd olunub ki, milli məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi tərəfindən Avropa Konvensiyasının və onun tərkib hissəsi olan Strasburq Məhkəməsinin presedent hüququnun tətbiqi Konvensiyanın implementasiyasında vacib rol oynayır. Son illər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin qərarlarına tez-tez istinadlar edir. Konstitusiya Məhkəməsinin öz qərarlarında Avropa Məhkəməsinin qərarlarına istinad etməsi Konvensiyanın implementasiyası və Avropa Məhkəməsinin qərarlarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Peter Pakzolay “Konstitusiya məhkəmələri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında dialoq” mövzusunda məruzə ilə çıxış edərək ölkələrin Konstitusiya məhkəmələri ilə Avropa Məhkəməsi arasında dialoq prosesində Strasburq Məhkəməsinin rolunu xüsusi qeyd edib. Məcburi qərarlarının icrası prosesinin bir neçə mərhələdə həyata keçirildiyini qeyd edən P.Pakzolay bildirib ki, Avropa Məhkəməsinin və Strasburq Məhkəməsinin qərarları ölkələr üçün subsidial xarakter daşıyır. Lakin dövlətlər qanun pozuntularının təkrarlanmaması üçün öz qanunvericiliklərində müəyyən düzəlişlər edə bilərlər. Çünki subsidiallıq dövlətlərə insan hüquqlarının pozulmasına qarşı səmərəli hüquq vasitələrinin təmin olunmasını tələb edir. Bu baxımdan Avropa Məhkəməsi ilə Konvensiyanı tətbiq edən məhkəmələr arasında səmərəli dialoq mühüm rol oynayır. Belə ki, yerli məhkəmələrin ölkə daxilində baş verən prosesləri daha yaxşı bilmələri bu əməkdaşlığın rolunu daha da artırır.

Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində məhkəmə müdafiəsi təminatı və səmərəlilik prinsipi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın Konstitusiyası XX əsrin ikinci yarısında qəbul edilmiş digər demokratik dövlətlərin konstitusiyaları kimi insan hüquqlarının geniş kataloqunun təsbit olunması ilə səciyyələnir. İnsan hüquqlarına dair bir çox konstitusion müddəaların qısa və mücərrəd formada əks olunması həmin hüquqların müdafiə potensialını zəiflətməyib, əksinə, Konstitusiya məhkəmələrinin təfsiri nəticəsində bəzi hallarda onların geniş müdafiə imkanlarına malik olmasına gətirib çıxarıb.

R.İsmayılov vurğulayıb ki, Konstitusiya Məhkəməsi səmərəlilik prinsipini tətbiq etməklə konstitusion müddəalara maksimal məna verir. Teleoloji təfsirin səmərəlilik prinsipi ilə birgə tətbiq olunması Konstitusiya Məhkəməsinə diqqəti “şəxsin real vəziyyəti” üzərində cəmləşdirməyə imkan verir. Konstitusiya Məhkəməsinin təcrübəsində səmərəlilik prinsipinin tətbiqi məhkəmə müdafiəsi hüququnun məzmununun inkişaf etdirilməsinə, həmin hüququn həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanlarının üzərinə həm də müəyyən pozitiv öhdəliklərin qoyulmasına və nəticə etibarilə, insan hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsinə şərait yaradır.

“Ukrayna Konstitusiya Məhkəməsinin təcrübəsində hüquqi dövlət prinsipi: inkişafın təkamülü və konstitusiya şikayəti institutunun tətbiqi ilə bağlı perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Ukrayna Konstitusiya Məhkəməsinin hakimi Viktor Horodovenko Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, bu əlamətdar hadisəyə həsr olunan konfransda iştirak etməkdən məmnunluğunu bildirib. O, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daim hüququn flaqmanı olmağı arzulayıb.

Hüquq nəzəriyyəsində qanunun aliliyi prinsipi ilə bağlı müxtəlif yanaşmaların mövcud olduğunu vurğulayan V.Horodovenko Ukraynada vətəndaşlara Konstitusiya Məhkəməsinə fərdi şikayət hüququnun verilməsinin hüquqi dövlət quruculuğunda mühüm addım olduğunu bildirib.

Serbiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Tomislav Stoykoviç “Hüququn aliliyi və konstitusiya məhkəmə nəzarəti” adlı məruzəsində bildirib ki, qanunun aliliyi hamının hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı eyni hüquqlara malik olmasıdır. Konstitusiya Məhkəməsi bütün tərəflər arasında konstitusion hüquqlardan istifadə olunmasına nəzarət edən orqan kimi balans yaradan qurum rolunda çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsi ayrıca bir orqan rolunu yerinə yetirir. Bu, əslində dövlət hakimiyyətinin Konstitusiya məhkəməsidir.

Qanunun aliliyindən sui-istifadə hallarından da danışan T.Stoykoviç bu baxımdan ölkəsində baxılan bir sıra məhkəmə işindən bəhs edib.

Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin sədri Nikola İvanovski “Əsas hüquq və azadlıqların müdafiəsində Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin rolu” mövzusunda məruzə ilə çıxış edərək ölkəsində Əsas Qanuna nəzarət mexanizminin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Makedoniyada Konstitusiya Məhkəməsi bütün beynəlxalq müqavilələrin Əsas Qanuna uyğunluğuna nəzarət edir. Makedoniya Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının qarantı rolunda çıxış etməklə bir tərəfdən insanların hüquqlarının qorunmasını təmin edir, digər tərəfdən isə dini və irqi ayrı-seçkiliyin qarşısını alır.

Macarıstan Konstitusiya Məhkəməsinin hakimi İmre Yuhaş “Konstitusiya özünəməxsusluğu məsələləri” adlı məruzəsində bəşəri dəyərlər, qanunlar və Konstitusiya Məhkəməsinin qarşılıqlı təsirindən danışıb. Macarıstan Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə məlumat verən İ.Yuhaş diqqətə çatdırıb ki, 2012-ci il yanvarın 1-dən ölkə Konstitusiyasında fundamental dəyişikliklər edilib. Avropa İttifaqının üzvü olan Macarıstan əsas müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Macarıstan Konstitusiya Məhkəməsi ehtiyac olduğu təqdirdə bu öhdəliklərə yenidən baxa bilər. Həmçinin əsas insan hüquq və azadlıqlarına təhdid təhlükəsi yarandıqda Konstitusiya Məhkəməsi dərhal məsələyə müdaxilə edərək prosesə obyektiv şəkildə baxmaq səlahiyyətinə malikdir.

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı Əmir Əliyev “Qloballaşma şəraitində insan hüquqlarına yeni baxış və onların müdafiəsi məsələləri” adlı məruzə ilə çıxış edərək Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə BDU-nun hüquq fakültəsinin tələbələri adından təbriklərini çatdırıb. BDU-nun hüquq fakültəsi ilə Konstitusiya Məhkəməsi arasında səmərəli əməkdaşlıqdan danışan Ə.Əliyev Konstitusiya Məhkəməsinin ictimaiyyət arasında çox böyük əhəmiyyət daşıyan aktual məsələlərlə bağlı mühüm qərarlar qəbul etdiyini diqqətə çatdırıb. O, Konstitusiya Məhkəməsinin beynəlxalq hüquq ixtisası üzrə məzun olan şəxslərlə əlaqədar, eləcə də valideynlərini itirmiş tələbələrin təhsil haqları ilə bağlı qəbul etdiyi iki qərarın əhəmiyyətini xüsusi vurğulayıb.

Beynəlxalq standartların məzmununun insan hüquqlarına baxışın dəyişməsi ilə əlaqədar bir qədər təsirə məruz qaldığını qeyd edən BDU-nun dekanı diqqətə çatdırıb ki, bir sıra yeni nəsil hüquqlar meydana gəlib və onların hüquqi əsasları formalaşıb.

“Məhkəmələrin Qazaxıstan Respublikası Konstitusiya Şurasına müraciəti” mövzusunda məruzə ilə çıxış edən Qazaxıstan Respublikası Konstitusiya Şurasının üzvü Alibek Temerbekov təmsil etdiyi qurumun üzvləri adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivini yubiley münasibətilə təbrik edib. Bildirib ki, Qazaxıstan Respublikasının Konstitusiya Şurası Əsas Qanuna nəzarət edən hüquqi orqandır. Ötən il Qazaxıstan Konstitusiyasına dəyişikliklər edildiyini vurğulayan A.Temerbekov diqqətə çatdırıb ki, Qazaxıstan Respublikasının Prezidenti insan hüquqlarının müdafiəsi məsələsinə görə ölkə Konstitusiyasına müraciət edə bilər. Beləliklə də Prezident qanunun icrasına bilavasitə nəzarət etmək hüququ qazanır.

Bakı Dövlət Universitetinin beynəlxalq ümumi hüquq kafedrasinin dosenti, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Turqay Hüseynov “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında xarici ölkələrin məhkəmə qərarlarının tanınması problemləri” mövzusunda məruzəsində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində hüququn müxtəlif sahələrinin inkişafına töhfə verir. Bu istiqamətlərdən biri də son zamanlar Konstitusiya Məhkəməsinin icraatında xarici dövlətlərin məhkəmə qərarlarının tanınması ilə bağlı bir sıra şikayətlərə baxılmasıdır.

Qeyd olunub ki, Azərbaycanın fiziki və hüquqi şəxslərinin beynəlxalq əlaqələrinin artması nəticəsində son 5-6 ildə xarici məhkəmələrin qətnamələrinin tanınması məsələsinə daha çox rast gəlinir. Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması qaydası Azərbaycanın Mülki Prosessual Məcəlləsinin müddəaları və beynəlxalq müqavilələr ilə tənzimlənir.

Məruzələrdən sonra aparılan müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev 20 il ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin uğurlu fəaliyyətindən danışıblar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə aktual mövzulara həsr edilən maraqlı məruzələrlə çıxış etdiklərinə görə iştirakçılara minnətdarlığını bildirib. Konfransda hüququn müxtəlif istiqamətlərinə, xüsusilə hüquqi dövlət və konstitusiya ədalət mühakiməsinə dair səmərəli müzakirələrin aparıldığını, rəy və təkliflərin səsləndirildiyini vurğulayan F.Abdullayev deyib ki, bəzi məsələlərlə bağlı fikirlərdə müəyyən qədər fərqliliklər olsa da, hüququn əsas komponentləri barədə rəylər tamamilə üst-üstə düşür.

Konstitusiya Məhkəməsinin sədri konfransın təşkilində fəal dəstəyinə görə Avropa Şurası Venesiya Komissiyasına və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə minnətdarlığını bildirib.

Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Venesiya Komissiyası arasında münasibətlərin uzun tarixə və səmərəli əməkdaşlığa söykəndiyini vurğulayan C.Bukikkio hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması baxımından tədbirin önəmini xüsusi qeyd edib. O, Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdırıb.

Konstitusiya Məhkəməsinin ölkədə Konstitusiyaya əməl olunmasının, insan hüquq və azadlıqlarının, qanunun aliliyinin təmin edilməsinin qarantı olduğunu bildirən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Proqramının rəhbəri Tomas Meyer bildirib ki, Konstitusiya Məhkəməsi dinamik fəaliyyət göstərən çevik qurumdur. Konstitusiya Məhkəməsi üçün 20 ilin çox da uzun müddət olmadığını vurğulayan T.Meyer Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu dövrdə uğurla fəaliyyət göstərdiyini bildirərək, qarşıdakı illərdə də Məhkəməyə uğurlar arzulayıb.

Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyinə həsr olunan “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans işini başa çatdırıb.