Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
Mayın 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ümummilli lider, müasir müstəqil dövlətimizin banisi, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra dahi rəhbər Heydər Əliyevin zəngin və mənalı həyat yolunun, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin doğma Vətəni və xalqı qarşısındakı müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub, müasir müstəqil Azərbaycan dövlətini inkişaf etdirib, onu bütün dünyada tanıdıb.
F.Abdullayev müdrik siyasi xadim Heydər Əliyevin həm keçmiş sovetlər birliyi zamanı, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə əldə olunmuş uğurları xatırladıb. Qeyd olunub ki, Ümummilli Liderin qətiyyətli, müdrik rəhbər olmasını dünyanın tanınmış şəxsiyyətləri, siyasi xadimləri yüksək qiymətləndirərək deyiblər: “Azərbaycan xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi rəhbəri var”.
Diqqətə çatdırılıb ki, 1988-1992-ci illərdə Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan düçar olduğu bəlalardan xilas olaraq inkişaf yoluna çıxdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və bütün sahələrində uğurlu islahatların aparılmasına şərait yaratdı. Bu dövrdən başlayaraq, hüquqi və demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi.
Ulu Öndərin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən F.Abdullayev vurğulayıb ki, dahi rəhbər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası yaradılıb. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş bu Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, hüquqi və dünyəvi dövlət quruculuğuna yol açıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən biridir.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən bəhs edən Konstitusiya Məhkəməsinin sədri Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan çox sürətlə inkişaf edərək dünya ölkələri arasında özünə layiqli yer tutub. Son illər ölkəmizin çoxsaylı beynəlxalq siyasi, mədəni, idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi Azərbaycana beynəlxalq səviyyədə olan etimadın əyani göstəricisidir.
F.Abdullayev çıxışını bu sözlərlə yekunlaşdırıb: Biz fəxr edirik ki, Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyaları bu gün də xalqımıza uğur gətirməkdədir .