Türkiyə Respublikası Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Bu fikir ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə səslənib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış konstitusiya nəzarəti orqanının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib.
F.Abdullayev son illər Respublikamızda məhkəmə-hüquq sistemində mühüm nailiyyətlərin əldə edildiyini, bu istiqamətdə məqsədyönlü islahatların aparıldığını bildirib. O vurğulayıb ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsinə xüsusi diqqət yetirilir.
Xüsusilə qeyd edilib ki, Türkiyə və Azərbaycan bütün beynəlxalq məsələlərdə vahid mövqedən çıxış edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmiz daim Türkiyənin dəstəyini hiss edib. Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilmiş Dünya Humanitar Sammitində uğurlu çıxışını və mühüm görüşlərini xatırladan F.Abdullayev qardaş ölkəyə səfərləri zamanı dövlətimizin başçısına Türkiyə xalqı tərəfindən dərin və səmimi ehtiramın şahidi olduğunu vurğulayıb.
Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı ilk gündən beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrlə yanaşı, qardaş Türkiyənin də bu sahədə təcrübəsinə üstünlük verildiyini, fəaliyyətini daha da təkmilləşdiyini nəzərə çatdırıb. Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələrinin bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvləri olduğu, həmin təşkilatlar çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparıldığı, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilib.
F.Abdullayev qeyd edib ki, qardaş ölkənin Konstitusiya Məhkəməsinin 54 illik zəngin təcrübəsi var. Konstitusiya nəzarəti orqanı olaraq son illərdə Avropada və bütün dünyada böyük nüfuz qazanmış Türkiyə Konstitusiya Məhkəməsinin təcrübəsindən faydalanmağın önəmli olduğu, onun təşəbbüsü ilə təşkil edilən yay məktəblərində Azərbaycan Konstitusiya Məhkəməsinin əməkdaşlarının iştirak etməsi qeyd olunub.
Bu yaxınlarda Ankarada Türkiyə Konstitusiya Məhkəməsinin 54-cü ildönümünə həsr olunmuş konfransda məhsuldar görüşlər keçirdiyini deyən F.Abdullayev Türkiyə Respublikası Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfərinin qardaş ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə uğurla inkişafı baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sədr bu əlaqələrin genişləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Türkiyə ilə məhkəmə-hüquq sahəsində, xüsusən qardaş ölkənin yüksək məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edir. F.Abdullayev bu yaxınlarda Türkiyə Respublikası Ali Məhkəməsinin sədri ilə Azərbaycan Konstitusiya Məhkəməsində keçirilən görüşü xatırladıb. Zühtü Arslanın səfərinin ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əlaqələrin genişləndirilməsində mühüm rol oynayacağına əminlik ifadə olunub. F.Abdullayev iki ölkənin Konstitusiya məhkəmələri arasında 2007-ci ildə əməkdaşlıq haqqında memorandumun imzalanmasının əhəmiyyətini yüksək qiymətləndirib.
Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən Zühtü Arslan rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamını xatırladan qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti, Türkiyə Konstitusiya Məhkəməsində fərdi şikayətlərin baxılması məsələləri barədə ətraflı məlumat verib.
Azərbaycanda sonuncu dəfə 2010-cu ildə olduğunu və ötən dövrdə Bakının sürətlə inkişaf edərək müasir şəhərə çevrildiyini vurğulayan Zühtü Arslan ölkələrimiz arasında bütün istiqamətlərdə sıx əməkdaşlığın məhkəmə-hüquq sahəsində də davam etdirilməsinin önəmini diqqətə çatdırıb. Qonaq ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyib və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Azərbaycanın dinamik inkişafının Türkiyədə maraqla izləndiyini deyən Z.Arslan qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra hüquqi məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Sonda Türkiyə nümayəndə heyətinin üzvləri Konstitusiya Məhkəməsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.