2016-01-15 Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

News

2016 Jan

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar yanvarın 15-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində anım mərasimi keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsinin müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə mühüm təsir göstərib.

Bildirilib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına əbədi həkk edilib. Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun fərmanı ilə Bakıda fövqəladə vəziyyət elan edildikdən sonra imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini Bakıya yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə beynəlxalq hüquq normalarını kobudcasına pozub. Kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanları qətlə yetirdiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Fərhad Abdullayev bildirib ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə törədilib. Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələrinin yeridilməsi imperiyanın yürütdüyü siyasətin iç üzünü göstərdi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnika vasitəsilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı imperiyanın əsrlərlə apardığı siyasətin davamı idi.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, o zaman keçmiş sovet rəhbərliyi ermənilərin təsiri altında Azərbaycana qarşı böyük kampaniya aparırdı. Onların məqsədi insanları qorxutmaq, Azərbaycanda milli azadlıq hərəkatını boğmaq idi. Bu, Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini həyata keçirmək məqsədi daşıyırdı.

Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində milyonlarla insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya göstərdi. Xalqını bu ağır günlərdə tək qoymayan Azərbaycanın böyük oğlu ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi.

Bildirilib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Qanlı qırğının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldü. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan Fərhad Abdullayev deyib ki, Ümummilli Liderin siyasi xəttini uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyev də şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və yardımlar göstərilib.

Fərhad Abdullayev deyib ki, xalqımız azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qəhrəmanlıqları əbədi olaraq xalqımızın yaddaşına həkk edilib. Onların qanı bahasına qazanılan müstəqilliyimizi qorumalı, onu daimi, əbədi və dönməz etməliyik. Bunun üçün gənclərimizin bu faciələr və Azərbaycanın tarixi keçmişi haqqında məlumatlı olmaları çox vacibdir.

Konstitusiya Məhkəməsinin hakimləri Südabə Həsənova və İsa Nəcəfov, aparatın əməkdaşları Dürdanə Məmmədova, Fidan Xudiyeva, Rüstəm Səlimov çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdən olan 20 Yanvar faciəsinin səbəbləri, onun xalqımızın tarixində yeri və rolundan danışıblar. Qeyd edilib ki, SSRİ rəhbərliyi ittifaqın müxtəlif respublikalarında qanlı qırğınlar törətsə də, 20 Yanvar faciəsi miqyasına, amansızlığına, qurbanlarının sayına görə daha böyük itkilərlə nəticələnmişdi. Çıxış edənlər 20 Yanvar faciəsi və xalqımızın başına gətirilmiş digər müsibətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və ona siyasi-hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyətini də xüsusi vurğulayıblar. Qeyd ediblər ki, xalqımızın milli birliyinə, azadlıq hərəkatının daha da güclənməsinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.