2015-12-14 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyənin Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlığa dair protokol imzalanıb

News

2015 Dec

Dekabrın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsi arasında əməkdaşlıq niyyətləri haqqında Protokol imzalanıb.

Protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Türkiyə Respublikasının Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldür imzalayıblar.

Mərasimdə çıxış edən Fərhad Abdullayev bu sənədin imzalanmasının ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Konstitusiya Məhkəməsinin sədri Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Bildirib ki, bu ilin noyabrında “Böyük İyirmiliy”in Antalyada keçirilən Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması, həmçinin bir neçə gün əvvəl qardaş ölkənin Baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.

F.Abdullayev qardaş ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın da yüksək səviyyədə olmasını məmnunluqla vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Türkiyənin yüksək məhkəmə orqanları ilə həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Sədr imzalanan Protokolun hər iki məhkəmə arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.

Türkiyənin Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldür ölkəmizin sürətli inkişafından, əldə etdiyi uğurlardan məmnunluğunu vurğulayıb. Qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan qonaq son dövrlərdə beynəlxalq münasibətlərin gərginləşməsinə, dünyada və regionda bir sıra böhranların, münaqişələrin yaşanmasına baxmayaraq, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib.

Bu il yaradılmasının 70 illik yubileyini qeyd edən Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin fəaliyyəti barədə məlumat verən Sərdar Özgüldür imzalanan Protokolun hər iki qurumun əməkdaşlığının dərinləşməsinə, habelə ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyi diqqətə çatdırıb.

Sonda Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyətinin üzvləri Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olublar.