2015-04-14 Azərbaycan ilə Kolumbiya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

News

2015 Apr

Aprelin 14-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya ilə görüşüb.
Görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti və praktikası barədə qonağa məlumat verib. Qeyd edilib ki, Dünya Konstitusiya Məhkəmələrinin Konfransı təşkilatlarının tamhüquqlu üzvü olan Azərbaycanın Konstitusiya Məhkəməsi yarandığı ilk günlərdən başlayaraq beynəlxalq hüquq əməkdaşlığına diqqət yetirir, bir çox xarici konstitusiya nəzarəti orqanı ilə sıx əməkdaşlıq edir. Sədr Azərbaycanda son illər ərzində həyata keçirilən məhkəmə islahatları barədə qonağa məlumat verib və bu tədbirlər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ prosedurunu açıqlayıb.
Söhbət zamanı Fərhad Abdullayev Azərbaycan ilə Kolumbiya arasında bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sədr Kolumbiya Senatının Xocalı soyqırımını tanıması barədə 2012-ci il 24 aprel tarixli obyektiv qərarını erməni təcavüzkarlarının beynəlxalq hüquq normalarına zidd olan cinayət hərəkətlərinə ədalətli hüquqi qiymət olduğunu vurğulayıb.
Səmimi qəbula görə Məhkəmə sədrinə təşəkkürünü bildirən diplomat Kolumbiya Respublikası və Azərbaycan Respublikası Konstitusiya məhkəmələri arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. O, əlaqələrin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Diplomat Kolumbiyanın regionun lider dövləti olan Azərbaycana böyük maraq göstərdiyini vurğulayaraq, ölkəsinin Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verib, respublikamızda bütün sahələrdə müşahidə edilən inkişafı yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın və Kolumbiyanın Konstitusiya məhkəmələri arasında əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Sonda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonağa xatirə hədiyyəsi təqdim edib.