2005-ci il fevralın 11-də Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel ilə görüşlər keçirmişdir. Qonaqları salamlayaraq Fərhad Abdullayev onları Konstitusiya Məhkəməsinə daxil olan şikayətlər ölkədə məhkəmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar qəbul edilən normativ-hüquqi aktlar, həmçinin «Məhkəmə Hüquq Şurası haqqında» Qanunun qəbulu və «Məhkəmələr və Hakimlər haqqında» Qanuna edilən dəyişikliklər haqqında məlumat vermişdir.
Görüş zamanı qonaqlar tərəfindən seçkilər zamanı Konstitusiya Məhkəməsinin rolu və siyasi-hüquqların həyata keçirilməsi ilə əlaqədar daxil olan şikayətlər barədə suallar verilmişdir. Qeyd olunmuşdur ki, ümumi məhkəmə sistemində mövcud problemlərin həll edilməsi respublikada demokratiyanın inkişafında mühüm rol oynayacaq. Görüş zamanı Konstitusiya Məhkəsinin Sədri Milli Məclisə seçkilər ilə əlaqədar Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən danışmış, indiyə qədər siyasi hüquqlarla bağlı Konstitusiya Məhkəməsinə heç bir şikayətin daxil olmadığını qeyd etmişdir. Fərhad Abdullayev ümumi məhkəmə sistemində həll olunmamış problemlərin mövcudluğunu qeyd edərək bu il keçiriləcək hakim seçkilərində bu problemin həll olunacağına əmin olduğunu bildirmişdir.