2013-01-17 Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır

News

2013 Jan

Yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra “20 Yanvar” sənədli filmi nümayiş etdirilmişdir.

Fərhad Abdullayev mərasimdə çıxış edərək bildirmişdir ki, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, işgəncələrin ən dəhşətli səhifələrindən biri olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına yazılmışdır. Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun fərmanı ilə 1990-cı il yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilmiş və dərhal, heç bir xəbərdarlıq edilmədən, yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qoşun birləşmələrini Bakıya yeridərək beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq öz vətəndaşlarına qarşı misli görünməmiş qırğın törədərək insanların ən ali təbii hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur. Milli, etnik, dini, cinsi mənsubiyyətindən, yaşından asılı olmayaraq dinc, əliyalın insanlar – qocalar, uşaqlar, gənclər və qadınlar vəhşicəsinə qətlə yetirilmişlər. 

Yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunmuş həmin gecə 147 nəfər öldürülmüş, 800 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, çoxsaylı insan itkin düşmüşdür. Dövlət əmlakına və özəl mülkiyyətə küllü miqdarda ziyan dəymişdir.

1990-cı ilin 20 Yanvar gününün xalqımızın tarixində mühüm bir sınaq mərhələsi olduğunu deyən Konstitusiya Məhkəməsinin sədri vurğulamışdır ki, həmin qanlı gün Azərbaycan tarixinin şanlı səhifələrindən biri olmaqla, xalqımızın istiqlal mücadiləsi, qəhrəmanlıq mübarizəsi kimi insanların yaddaşında əbədi yaşayacaqdır. Çünki 20 Yanvar şəhidləri Azərbaycanın ən yeni tarixini yaratmışlar. Onların uyuduğu Şəhidlər xiyabanı bu gün hər bir azərbaycanlının böyük ehtiram və hörmətlə ziyarət etdiyi, xalqımızın qürur və and yerinə çevrilmişdir. 

Konstitusiya Məhkəməsinin sədri xüsusi vurğulamışdır ki, qanlı 20 Yanvar faciəsindən dərhal sonra öz həyatını və ailə üzvlərinin həyatını təhlükə altında qoyan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünyaya çatdırmış, keçmiş SSRİ rəhbərliyinin cinayətkar əməllərini ifşa etmişdir. 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra siyasi və hüquqi qiymət verilmiş, həmin qırğının azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan xalqımıza divan tutmaq üçün törədildiyi bəyan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanları və sərəncamları ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilmiş, “20 Yanvar şəhidi” fəxri adı təsis olunmuş, ölkəmizin rəsmi təqviminə 20 Yanvar Ümumxalq Hüzn Günü kimi daxil edilmiş, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmış, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülmüşdür.

Fərhad Abdullayev qeyd etmişdir ki, ulu öndərin bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilmişdir. 

Konstitusiya Məhkəməsinin sədri bir fikri xüsusi vurğulamışdır ki, illər keçsə də, xalqımız 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlığını heç vaxt unutmayacaq, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətçiliyimizin möhkəmlənməsi naminə milli həmrəyliyi daha da möhkəmləndirəcəkdir.