2012-11-29 Bakıda kredit istehlakçılarının hüquqi müdafiəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

News

2012 Nov

Noyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Bakı Hüquq Mərkəzinin (BHM) birgə təşkilatçılığı ilə kredit istehlakçılarının maraqlarının müdafiəsi məsələlərinə həsr olunmuş “Kredit alanların hüquqi müdafiəsi, maliyyə sektorunun sabitləşdirilməsi naminə istehlakçıların müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirin məqsədi Azərbaycanın bank sektorunda istehlakçıların hüquqi vəziyyətini, yerli məhkəmələrdə kredit mübahisələri ilə bağlı işlərə baxılma təcrübəsini öyrənmək, habelə müvafiq qanunvericiliyi təhlil etmək və bu sahədə Avropa təcrübəsini bölüşməkdir.

Tədbirdə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Apelyasiya Məhkəməsinin hakimləri, yerli bankların və kredit təşkilatlarının təmsilçiləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tədbir iştirakçılarının Konstitusiya Məhkəməsinin sədri adından salamlamış, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.

C.Qaracayev demişdir ki, bu gün hər bir ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusən də istehlakçıların, kredit sahəsində subyektlərin hüquqlarının qorunması qarşıda duran vacib məsələlərdəndir. O, beynəlxalq konfransın təşkilinin kredit istehlakçıları, hüquq ictimaiyyəti üçün əhəmiyyətini qeyd etmiş, bankların və digər aidiyyəti qurumların öz fəaliyyətlərində vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmalarının vacibliyini vurğulamış, onların konstitusion normaların tələblərinə əhəmiyyət verməli olmalarının zəruriliyini bildirmişdir. Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının Konstitusiyada təsbit olunmuş müddəalar əsasında qorunması, iqtisadiyyatın dinamikasına uyğun olaraq hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görmüş və bu cür tədbirləri davam etdirir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də diqqət mərkəzində saxlanılır.

Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle tədbirin hər kəs üçün faydalı olacağına ümid etdiyini, bazar iqtisadiyyatı şəraitində gündən-günə artan kredit istehlakçılarının müdafiəsinin səmərəli təşkilinin daim diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulamışdır. Səfir demişdir ki, kredit alanların hüquqlarının qorunması təkcə Azərbaycanda deyil, bütün dünyada aktual məsələdir. Ona görə də mən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə bu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edirəm.

GİZ-in layihə rəhbəri Tomas Melser çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, konfransın əhəmiyyətindən danışmışdır. 

Sonra müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmış və təkliflər səsləndirilmişdir.